Kulis.az tanınmış şair Məmməd İsmayılın yeni şerilərini təqdim edir
Dilənçi
Dilənçi uyumuş yol kənarında,
Amma ki, Allaha oyaqdı əli.
Bir ümid çağlayır damarlarında:
Yerlərin, qisməti göylərdən gəlir.
Nәsə pıçıldayır hərdən dodağı
Tanrı kəlamına dili dönmədə.
Uzanıb önündə şikəst ayağı
Özü yox, ayağı pul dilənmədə…
- Ayaq saxlamasın yanımda heç kim,
Halıma yanmasın gəlib gedən qoy.
Çəkilməz əzabdı mənim çəkdiyim
Baxıb da kef çəksin şikəst edən qoy…
Durmağa halı yox, durub neyləsin
Özgə kədərindən kim anlayar ki?
Dərdini kimlərə açıb söyləsin,
Kor olmuş dünyanın qulağı kar ki.
Durub qınasınmı gedib-gələni?
Elə insaflı da, insafsız kimi
Hamı dilənçidir, hamı dilənir
Göylərə əl açan yer dilənçimi?
Arxada qoymada yaşı səksəni
Nə ona baxan var, nə duasına.
Tez-tez səksənsəydi, gec-gec səksənir
Dəmir pul düşdükcə baxır tasına…
Kim xəbər verdi görəsən
Qış çatır sona
Mövsüm ilk bahar
Beş addım qalıb yaza.
Qarğalar dimdiyində
Çöp daşıyır harasa...
(Yəqin yuva qurmağa!)
Yer hara,
Üçüncü qat balkonunda
Bir belə çör-çöp hara?
Səhər təmizləsəm də
Axşama dolur balkon,
Bu qarğa yolu balkon.
Hərəsi dimdiyindən
bir çöp atır balkona:
Nə yatmısan dur,
Əlin var, ayağın var
Yetər kirəkeş qaldın
get, özünə yuva qur.
Gedib harda yuva qurum
Mənim üçün seçdikləri
Yer, necə yerdi görəsən?
Yurd-yuvasız qaldığımı
Baxtı qara qarğalara
Kim xəbər verdi görəsən?!
Balıqçı
Gözәlmi deyirsәn balıqçı olmaq,
Axşamdan sabaha dәnizә dalmaq.
Xırçın dalğalarla başbaşa qalıb
Yaşam varlığını yoxluqdan almaq…
Sular bir-birinә qatar sәslәri,
Balıqçı mürgüdә balıq sayıqlar.
Gәlәr qaranlıqdan mator sәslәri
Ovun peşindәmi ovçu qayıqlar?
Torlar dartılmada, balıqçı gәrgin:
- Yenә bu zәhirmar ilişib nәyә?
Alıb torumuzu atırıq hәr gün,
Balıqçı sulara, biz gәlәcәyә.
Titrəyir uzaqda alışan fәnәr,
Tale dә bir ucdan güc verәr yelә;
Arzular sabahdan umudsuz dönәr,
Qayıqlar әliboş çıxar sahilә.
Dirəkdən asılan paslı radyolar
Gördüyü yuxular çin olsa nolar
Yəqin ki, dünyanın gəlməzdi sonu;
Dirəkdən asılan paslı radyolar
Bir dəfə adını çəksəydi onun.
Nələr çağlayardı can həvəsində
Ona da çatsaydı bəxtin sırası.
Ya da qəzetlərin bir köşəsində
Gözə görünsəydi üç-beş misrası.
Sözləri düşsəydi dilə, ağıza
Qonum-qonşulardan duyan olsaydı.
Yetim çağlarını sevməyən qıza
Gedib bu xəbəri deyən olsaydı…
Ürəyə damması vardı sonunda
Bilirdi qarşıdan gələn çağları;
Bir vaxt o qəzətin, o radyonun da
Şerinin sehrinə dalacaqları...
Yetimlik dərdiydi hələ ki dərdi
(Düşdüyü Məcnunun düşdüyü yolmuş…)
Vaxtında gəlsəydi, daşmı düşərdi
Sonradan gələcək şöhrət kor olmuş.
…Yeni öyrəşirdi hələ yad yola
Belə başlamışdı əvvəli sonun;
Dirəkdən asılan paslı radyolar
Hələ ki adını çəkmirdi onun.
Niyә belәsәn, vәtәn
Dünyaya gәlmәmişdәn
Sevib seçdiyim vәtәn.
Varlıqda varlığımsan,
Heçdә, heçliyim vәtәn..
Gözünә tәpildilәr,
Qılığına girdilәr
Tapıb can dәftәrini
Adımı sildirdilәr...
Gәlsәm, tәrpәnmәz tükün,
Getsәm, vecinә deyil.
Lap qızıldan don geyim
Varlığım, ya yoxluğum
Yanında heç nә deyil.
Tutdura bilmәyәnlәr
Qәmә tutdurdu mәni.
Mәni sәnin gözündәn
Kimlәr saldırdı, vәtәn
Kim untdurdu mәni?!.
Bəs niyə dara düşdüm
Dünyanın gen yerində.
Ruhumun başdan-başa
Vətən deyən yerində...
Üstünü külü basmış
Dünya, sәngiyәn ocaq;
Zәngәzuru tutduran
Tәbrizi untduran
Bir gün Qarabağı da
Sәnә unutduracaq...
Niyә övladlarının
Papağı günә yandı.
Ad sәinin, dad özgәnin
Adındakı odundan
Yanan özünә yandı…
İşin qatmaqarışıq
gah yatan, gah tәlәsәn..
Niyә belәsәn, vәtәn;
Övladların niyә belә,
Özün niyә belәsәn?
pia.az