Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polietniklik Türkiyə və Azərbaycanda milli birlik üçün problem kimi

Politoloq Hikmət Hacı-zadə yazır...

Prezident Ərdoğanın türk (etnik) olmadığını, laz (gürcü) olduğunu, xanımının isə etnik ərəb olması barədə dediyi fikirlərlə əlaqədar neçə on illikdir davam edən polietniklik problemi yenidən ictimaiyyətin diqqətini cəlb etdi ki, niyə onun kimi adamlar hər gün məktəbdə Atatürkün tətbiq etdiyi andı “Türküm, doğruyum, çalışkanım və “ne mutlu türküm diyene” sözlərini təkrar etməlidir

Türkiyə

Türkiyədə növbəti ümummilli problem yaranıb -əhalinin polietnikliyi məsələsi. Şəriət, kürd separatizmi, beynəlxalq islam terrorizmi, regionda alilik uğrunda güc dövlətlərinin mübarizəsi naminə Atatürk dünyəviliyindən imtina kimi digər problemlərlə yanaşı polietniklik (və ya keçmiş SSRİ-də deyildiyi kimi, çoxmillətlilik) problemi də ictimai təhlükəsizliyə və bəlkə də ölkənin birliyinə növbəti təhlükə ola bilər.

Bu yaxınlarda prezident Ərdoğanın türk (etnik) olmadığını, laz (gürcü) olduğunu, xanımının isə etnik ərəb olması barədə dediyi fikirlərlə əlaqədar neçə on illikdir davam edən problem yenidən ictimaiyyətin diqqətini cəlb etdi ki, niyə onun kimi adamlar hər gün məktəbdə Atatürkün tətbiq etdiyi andı "Türküm, doğruyum, çalışkanım və "ne mutlu türküm diyene" sözlərini təkrar etməlidir?

Görünür, Ərdoğan bu anda etiraz edən tək adam deyil. Müasir araşdırmalar göstərir ki, ölkədə etnik türklər cəmi 60%-ə yaxın təşkil edir, qalan 40%-i kürdlər, şimali qafqazlılar, albanlar, yunanlar, ərəblər və s. təşkil edir.

Lakin Türkiyə Konstitusiyası ölkədə etnik azlıqların olduğunu qəbul etmir və ölkənin hər bir vətəndaşını türk adlandırır (1982-ci il Konstitusiyasının 66-cı maddəsinə görə, "türk dövləti ilə vətəndaşlıq bağları olan hər kəs türkdür"). Ola bilsin ki, Atatürk özü və onun tərəfdarları Konstitusiyanı tərtib edərkən qarşıya assimilyasiya məqsədini qoymayıblar, yalnız əhalinin islam birliyinin milli birlik ilə əvəzlənməsini istəyiblər. Ancaq bu gün etnik azlıqların nümayəndələri hesab edirlər ki, konstitusiyanın bu müddəası onların assimilyasına yönəlib, onların insani ləyaqətini alçaldır və ikinci sort vətəndaşlara çevirir.

2013-cü ildə Ərdoğanın təklif etdiyi ölkənin demokratikləşməsi tədbirləri paketi çərçivəsində Atatürkün andı ləğv edildi. Lakin Ali Məhkəmə bu qərarı ləğv etdi və indi real etnik mənsubiyyətlilik uğrunda mübarizə davam edir.

Etnik azlıqların və liberal birliklərin nümayəndələri tərəfindən qaldırılan bu məsələ ilk baxışda göründüyündən də mürəkkəbdir. Polietnikliyin əleyhdarları - Kamalçılar və türk millətçiləri əhalinin polietnikliyinin Konstitusiya tərəfindən tanınması və sonra onlara bütün mümkün mədəni hüquqların verilməsi ölkədə milli birliyin zəifləməsinə və sabitliyin pozulmasına gətirib çıxara bilər. Axı Türkiyə elə ölkələrin əhatəsində yerləşir ki, güc dövlətlərinin region üzərində nəzarət uğrunda mübarizəsi səngimir. Bu məsələni qaldıran hər kəs opponentlər tərəfindən dövlətə xəyanətdə və Atatürk irsinə xəyanətdə ittiham olunub.

Lakin vüsət almaqda olan bu hərəkəti ləyaqətlə durdurmaq mümkün olmur. Dünyanın hər yerində olduğu kimi, bu cür hərəkatlar hüquqların, insan ləyaqətinin, qadınlar, müxtəlif irqlər, dini, mədəni və etnik azlıqlar, repressiya edilmiş xalqlar və ayrı-ayrı şəxsiyyətlər üçün tarixi yaddaşın bərpasını tələb edir. Əgər Türkiyə demokratik yolla irəliləsə milli birlik üçün başqa model seçməli olacaq, nəinki "Ne mutlu türküm diyene".

Ərdoğan özü ölkədə polietnikliyin tətbiqinə dair ideyasını çox ehtiyatla irəli sürüb. Öncə deyib: "Ben türküm, ama türkçü değilim). Bir müddət sonra daha açıq danışıb: "Mən atamdan soruşdum: biz lazıq yoxsa türk? Bir çoxları deyir ki, biz türkük, başqaları deyir laz. Atam dedi: "Oğlum, mənim ulu babam molla idi. Mən ondan soruşdum ki, " ata, biz lazıq ya türk?" Ulu baba atama deyib: "Bir gün biz öləcəyik. Allah Təala bizdən soruşacaq: "Tanrın kimdir, peyğəmbərin kimdir, dinin nədir?" O, səndən hansı cinsdən, tayfadan, millətdən olduğunu sormayacaq. Odur ki, səndən soruşanda "Əlhəmdüllah, mən müsəlmanam söylə".

Məhz bu fikirlər Ərdoğan və onun tərəfdarlarının islamizm və neo-osmanizmə sadiq olduqlarının səbəblərindən birini aça bilər. Çünki islamda millətçilik yoxdur. Bütün etnik qruplar Allahın qarşısında bərabərdir. ""Əlhəmdüllah, mən müsəlmanam" söyləyib hərəkət edirsən.

Sosioloji araşdırmalar göstərir ki, etnik azlıqların nümayəndələrinin çoxu həmin səbəbdən Ərdoğana səs verirlər.

Bir qədər sonra isə Ərdoğan açıq şəkildə: "Mən isə gürcüyəm. Bizim gürcü ailəmiz Batumidən Rizəyə köçüb".

Və nəhayət, yuxarıda deyildiyi kimi, öz ləyaqətinin xeyrinə ifadə işlədib: "Mən türk deyiləm, niyə hər səhər "Nə mutlu türküm diyene" söyləməliyəm?"

Bəli, islamizm və neo-osmanizm etnik problemi həll edir, ancaq inkişafa mane olan digər çoxlu problemlər gətirir. Atatürk bu problemlərdən danışmışdı. Problemin həlli üçün demokratik yol axtarmağa başlamaq olmazmı? Əlbəttə, bundan ötrü demokratik respublika lazımdır, Türkiyə isə bu yolda bir qədər irəliləyib.

Əvvəla, problemin geniş və sərbəst ictimai müzakirəsinə başlamaq lazımdır. Və çalışmaq lazımdır ki, radikal millətçilər və radikal islamçılar öz emosiyalarını saxlaya bilsinlər (Türkiyədə bunu təşkil etmək mümkündür). Sonra məşhur andla bağlı bir şeylə etmək olar. Məsələn,

"Ben türküm" sözlərini "Ben türkiyeliyem" sözləri ilə əvəzləmək olar. Sonra Konstitusiyaya mühüm düzəliş edərək "Türk"sözünü "Ben Türkiyeli" sözü ilə əvəz emək olar. Rusiyada olduğu kimi. Orada da müvafiq hallarda "rus" sözünün "rusiyalı" sözü ilə əvəzlənməsini düşünüblər.

Yeri gəlmişkən, ABŞ-da Ali Məhkəmə "Yeqovo şahidləri" dini sektasının tələbilə Amerika bayrağına məktəbli andını qeyri-məcburi edib. Belə ki, sekta hesab edir ki, öz Allahından başqa heç bir bayrağı və ya bütü tanımır. Andı qeyri-məcburi ediblər və heç bir dəhşətli hal baş verməyib.

Növbəti addım milli azlıqlara milli azıqların müdafiəsi üzrə Avropa Konvensiyasında təsbit edilmiş mədəni hüquqlar şamil edilə bilər. Vacib deyil ki, sənədin bütün müddəaları dərhal qüvvəyə minsin, ancaq bu istiqamətdə hərəkət etmək lazımdır. Bu, daha səmərəlidir, nəinki islamçı mövqeyindən çıxış edərək ölkənin bütün bədbəxtliyində Qərbi ittiham etməkdən.

Azərbaycan

Bu cür etnosiyasi dram Azərbaycanda müşahidə olunur. Ancaq bu problem barədə ucadan danışmırlar, ona görə ki, bizim ölkədə bütün diskussiyalar qadağan olunub və öz hüquqlarını tələb etmək qəbul edilməyib. Lakin təsəvvür etdiyimiz demokratik Azərbaycanda biz bu mövzu ilə bağlı daha çox dramatik şeylər bilərdik.

Biz bilərdik ki, 19 və 20-ci əsrlərin qovuşuğunda islam mənsubiyyətliliyi azərbaycanlı maarifçilərin səyləri ilə etnik mənsubiyyətlilik ilə əvəzlənməyə başlamışdı və türk köklərinə mənsub insanlar özlərini müsəlman yox, türk adlandırmağa başlamışdılar. O zamanlar Azərbaycanda türklər 59.6% (Sovet ensiklopediyası 1926., c. 1., s. 641.) təşkil edirdi - təxminən Türkiyədə olduğu faiz qədər. Sonra Stalin türk mənsubiyyətliliyini qadağan etməyi qərara aldı və ölkə türklərini azərbaycanlı adlandırdı. Bundan əlavə, ölkənin etnik azlıqlarının böyük hissəsini zorla etnik azərbaycanlı yazdırdılar. Beləliklə, sonda ölkədə 91% azərbaycanlı oldu (2009). Sovet hakimiyyətinin əvvəlində məcburən öz doğma etnonimini "azərbaycanlı"ya dəyişən vətandaşların dəqiq sayını hesablamaq hazırda çətin olar. Çünki SSRİ-nin süqutu və Qarabağ münaqişəsi nəticəsində böyük sayda rus və erməni ölkəni tərk edib. Fikrimizcə, bu gün bu rəqəm təxminən bir neçə yüz min adam edər.

Vahid etnik millətin formalaşması vəzifəsini qarşıya qoysaq, yəni etnik azlıqları assimilyasiya etməyə çalışsaq, Stalin üsulu olduqca uğurludur və o, hər cür etnik ziddiyyətləri aradan qaldırardı. Lakin gözlənilməz hadisə baş verdi: "Zeit Geist" - "Zamanın ruhu" dəyişdi. O, demokratiya və insan hüquqlarına doğru dəyişdi. Artıq insanın həyatı və onun ləyaqəti orta əsrlərdə olduğundan daha dəyərli oldu.

Real etnik mənsubiyyətliliyin bərpası prosesi Azərbaycanda da vüsət alır, ancaq aşağıdakı çətinliklərlə üzləşir. Türk mənsubiyyətliliyinin müdafiəçiləri "azərbaycanlı" etnoniminin "türk" və ya "Azərbaycan türkü" ilə əvəzlənməsini tələb edir. Məsələn, prezident Elçibəy bütün azərbaycanlıları öz türklüyünü dərk etməyə, onların mənsubiyyətliliyinə zorakılığın edildiyini anlamağa, "türk" adının özünə qaytarmağın vacibliyini bilməyə və bütün dünya türkləri ilə dostluğa çağırırdı. Ancaq problem ondadır ki, bir neçə yüz minlərlə müasir azərbaycanlının digər, türk olmayan köklərə sahibdir. Elçibəy və onun həmfikirləri isə bunu unutmuşdular...

Müsavat Partiyasının keçmiş üzvü Qurban Ələkbərov öz Facebook səhifəsində yazmışdı: "...Xanımım ilə televizorun qarşısında əyləşib prezident Elçibəyin ölkə vətəndaşlarına yeni il təbrikini dinləyirdik. Və birdən dedi: "Mənim türk xalqım, səni Yeni il münasibətilə təbrik edirəm! Ancaq mən və mənim xanımım türk deyilik. Biz özümüzü alçalmış hesab etdik". Sonralar Qurban Ələkbərov Müsavatı tərk edərək ölkədən getdi.

Beləliklə, türk əsilli azərbaycanlılar durmadan bəyan edirlər ki, "biz hamımız türkük", türk əsilli olmayan azərbaycanlılar isə bildirirlər "biz türk deyilik" və "biz azərbaycanlıların yenidən türk adlandırılmasının əleyhinəyik". Təsəvvür edin, bir neçə yüz min azərbaycanlı mümkün türkçülük və ya əsasən Xalq Cəbhəsinin şinelindən çıxmış siyasətçilərin bəyan etdikləri beynəlxalq türk həmrəyliyindən məmnun deyil. Qeyd edək ki, Xalq Cəbhəsinin əsas vəzifələrindən biri Azərbaycan türklərinin repressiyaya məruz qalmış etnik mənsubiyyətliliyinin bərpası idi.

##relatedPostMilli##

Türk əsilli olmayan azərbaycanlılar Milli demokratçılara səs verməyəcəklər, odur ki, sonuncu milli birlik üçün başqa daha əhatəli model hazırlamalı olacaq, nəinki "biz hamımız türkük". Bəzən ölkənin türk olmayan əhalisi bu mövzuda (elə hər mövzuda) hər cür sərbəst diskussiyanı qadağan edən diktaturanı tərcih edir, nəinki Azərbaycanın türk torpaqları olduğunu deyib bununla da türk olmayanları öz torpağında qonağa çevirən türkçülərin idarəçiyini.

Ərdoğan Türkiyədə polietniklik məsələsini islamizmin köməyilə həll etməyə çalışdığı kimi, Azərbaycan hökuməti də bu problemi onun hər cür müzakirəsini qadağan etməklə həll etməyə çalışır.

Ancaq düşünürsən ki, Azərbaycan üçün polietniklik məsələsinin demokratik yolla həlli var. Yenə də bundan ötrü ölkə demokratik olmalıdır, sərbəst diskussiya təmin olunmalıdır. Hələlik bizdə belə azadlıq yoxdur. Ancaq heç olmasa demokratik düşərgədə belə açıq diskussiya keçirilə bilər.

Əlbəttə, həm geniş elmi, həm də ictimai müzakirələr təşkil etmək lazımdır. Belə müzakirələrdən aşağıdakı tövsiyələr irəli sürülə bilər:

- Qeyri-türk əsilli vətəndaşlar Azərbaycanda türk mənsubiyyətliliyinin hansı repressiyalara və rəzilliyə məruz qaldığını anlamalıdır və türklərin öz etnonimlərinin bərpası uğrunda hərəkatına anlayışla yanaşmalıdır. Qəbul etmək lazımdır ki, türk əsilli azərbaycanıların türk etnonimi özlərinə qaytarmağa, yəni özlərini türk və Azərbaycan türkü adlandırmağa haqqı var.

- Türk əsilli vətəndaşlar türkçülərin fəallığını görən qeyri-türklərin həyəcanını başa düşməlidir. Türk əsilli olmayan azərbaycanlıların onların kökənlərinə uyğun etnonim seçmək hüququ var. Və ya onlar "azərbaycanlı" etnonimindən istifadəni davam etdirə bilər.

- Ölkənin hər bir vətəndaşı özü- özünə etnonim seçmək hüququna malikdir və ölkə vətəndaşının etnik mənşəyi heç bir dövlət sənədində göstərilməyəcək.

- İstənilən etnik mənşəli Azərbaycan vətəndaşı azərbaycanlı politonimi ilə birləşəcək. Türklər, ləzgilər, talışlar, ruslar və ölkədə yaşayan digər etnik qrupun nümayəndələri azərbaycanlı adlandırılacaq.

- Bütün etnik qrupların nümayəndələri qanun qarşısında bərabərdir və Azərbaycan torpağı orada yaşayan vətəndaşların vətəni, əksər hallarda tarixi vətənidir.

- Məktəblərdə Azərbaycanda məskunlaşmış bütün etnik qruplara dair tarix keçmək lazımdır.

- Etnik azlıqlar milli azlıqların müdafiəsi üzrə Avropa Konvensiyasına əsasən öz dillərini və mədəniyyətlərini saxlamaq imkanları əldə etməldir.

Əgər bu şərtlər təmin olunarsa, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar belə Vətənlə qürur duyacaqlar.

Etnik ziddiyyətlərin həlli prosesi asan olmayacaq, həm də çox emosional olacaq. Başqa cür desək, bu problemin qeyri-demokratik həll yolu yoxdur. Problemi həll etməmək isə mümkün görünmür, çünki bu gün bütün dünyada adamlar arenalara çıxaraq öz hüquqlarını, ləyaqətlərinin bərpasını tələb edirlər. Susmaqla və ya laqeydliklə onları geri qaytarmaq olmaz.

P.S. Yeri gəlmişkən, mən də, mənim valideynlərim də türkdür.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar