Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əvəz Zeynallı və Elçin Sadıqovun həbsinə ictimai reaksiya

Ötən həftənin şənbə günü həbs edilən XURAL.TV internet kanalının rəhbəri Əvəz Zeynalı və tanınmış vəkil Elçin Sadıqovun həbsi ölkə gündəminin əsas mövzularından birinə çevrilib...

Onlar barəsində bazar günü gecə saatlarında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Baş Prokurorluq sentyabrın 13-də bu həbslərlə bağlı məlumat yayıb: “Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluq: “Vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən...”

Baş Prokurorluqdan Musavat.com-a verilən xəbərə görə, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, istintaq olunan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev iddia edib ki, jurnalist Əvəz Zeynallı həbsdə olan bir iş adamının ailəsindən yüksək məbləğdə pul tələb edib və bunun müqabilində onu tənqid etməyi dayandıracağını bildirib. Sonradan bu şəxsin R.Məmmədov olduğu məlum olub. Əvəz Zeynallı bu iddiaları rədd edib.

Verilən qərarın ardından Ədalət Naminə Həmrəylik Komitəsinə daxil olan bir qrup hüquq müdafiəçisi və jurnalist Prezident İlham Əliyevə müraciət edərək həbs edilmiş jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun qətimkan tədbirinin dəyişdirilməsinə yardım etmək çağırışı ilə müraciət edib:

“Hörmətli cənab Prezident!

Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək sentyabrın 11-də jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib.

Müdafiə tərəfi iddia edir ki, prokurorluq xəbərlərə və mediaya əsaslanaraq cinayət təqibi başlayıb və işdə konkret şikayətçi yoxdur.

Sadıqov və Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Yuxarıda deyilənlər bizdə bir sıra suallar yaradır və hesab edirik ki, Zeynallı və Sadıqov barəsində seçilmiş həbs-qətimkan tədbiri həddindən artıqdır və qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir.

Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, Zeynallının 311.3.3 maddəsi ilə ittiham olunur. Maddə hakimiyyət nümayəndəsinin məsuliyyətini nəzərdə tutur. Amma Sadıqov kimi o da hakimiyyət nümayəndəsi deyil.

Novella Cəfəroğlu: "Jurnalisti və vəkili indiki zamanda tutmaq dünyanın diqqətini bir daha Azərbaycana cəlb etmək deməkdir".

İttihamların irəli sürülməsinə KİV vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə və dövlət orqanlarının qərar qəbul etməsinə təzyiq göstərib.

Zeynallı və Sadıqovun tanınmış ictimai xadimlər, öz sahəsinin peşəkarları, hörmətə layiq, müstəqil Azərbaycanın təşəkkülü üçün çoxlu işlər görmüş şəxslər olduğunu nəzərə almamaq da mümkün deyil.

Zeynallı və Sadıqov onları gözdən salmaq, araşdırma aparmaq kampaniyası başlayandan nə cəmiyyətin, nə də istintaqın suallarından yayınmayıblar.

Biz onların həbsini həddindən artıq və əsassız tədbir kimi qiymətləndiririk.

Bununla əlaqədar olaraq, qətimkan tədbirinin dəyişdirilməsinə və baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik göstərməyinizi xahiş edirik.

Ədalət Naminə Həmrəylik Komitəsinin üzvləri:

Novella Cəfərova

Səidə Qocamanlı

Səadət Bənəniyarlı

Arzu Abdullayeva

Mirvari Qəhrəmanlı

Hilal Məmmədov

Elçin Həsənzadə

Sevinc Sadıqova

Mehman Əliyev".

N.Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında “Jurnalisti və vəkili indiki zamanda tutmaq dünyanın diqqətini bir daha Azərbaycana cəlb etmək deməkdir. Hər zaman o dünya gözləyir ki, ölkəmizdə bir səhv olsun, dərhal bundan yapışsınlar”, - deyə qeyd edib: “Bu gün Azərbaycan Amerika, Rusiya, İngiltərə kimi dövlətlərin yanında durur. Heç kəsin bu münaqişəni həll etmədiyi vaxt Azərbaycan bu münaqişəni həll etdi. Prezidentimiz dünyaya göstərdi ki, ekstremal situasiyalarda necə rəhbər kimi davranmaq olar. Bu gün Əvəzi tutmaqla nüfuzumuza zərbə endirilir. Bu işin ayrı yolları da var idi. İmicimizə zərbə vurmaq olmaz. Bir jurnalisti və vəkili həbs etmək Azərbaycana başucalığı gətirmir. Axı ortada heç nə təsdiq olunmayıb. Hələlik biz belə bilirik. Onları həbs etmək yox, "ev dustağı" edə də bilərdilər. Cəmiyyət də belə həbslərə hazır deyil. Əvəz peşəkar jurnalistdir. Hər gün hüquqları pozulanlar onun yanına gəlirdilər. Bir sözlə, düzgün addım atılmadı. Əminəm ki, bizim müraciətə reaksiya olacaq".

Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallı rüşvət alındığı iddia edilən R.Məmmədovun villasındakı kamera fərziyəsindən danışdı: “Biz orada kameraların olması barədə fərziyə irəli sürürük. Çünki Rasim Məmmədov kasıb adam deyil və onun da evi villadır. Villalara da təhlükəsizlik kameraları quraşdırılır. İstintaq orqanları zəhmət çəksinlər, həqiqətən də elə bir hal baş veribsə, ictimaiyyətə həmin o videoları təqdim etsinlər. Sübut etsinlər ki, Əvəz Zeynallı o villaya daxil olur. Elçin Sadıqov haqqında bunu deyə bilmərəm. Çünki o, Rasim Məmmədovun vəkilidir. İstədiyi vaxt villaya daxil ola da, çıxa da bilər. Amma Əvəz Zeynallı ora necə daxil ola bilər? İstintaq orqanları deyilən görüntüləri yaysınlar. İctimaiyyətdə də bir fikir yaransın ki, Əvəz orada olub ya yox. Bizə gələndə deyirlər ki, kameralar söndürülüb”.

“Vəkil Elçin Sadıqovu şəxsən tanımıram. Amma bir vəkil kimi onun barəsində məndə müsbət məlumatlar var. Mətbuatdan da oxumuşam. Əvəz Zeynallı isə kifayət qədər tanınmış, fəal jurnalistdir. O, dövlətini, Azərbaycanın müstəqilliyini, dövlət başçısını sevən adamlardan biridir. Mütəmadi olaraq onun verilişində olmuşam, müəyyən çıxışlar etmişəm, polemikalarımız olub. Onların həbsi guya rüşvətlə əlaqədardır. Mən buna inanmıram. Açıq deyirəm, Əvəz Zeynallıda belə şeylər hiss etməmişəm. İndi hadisədir, baş verib, yəqin ki, araşdıracaqlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat Vahid Əhmədov: “Onlar tanınan adamlardır, yəqin ki, cənab Prezident də bunların hamısını diqqətə alar”

Deputat jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsinə görə Prezident İlham Əliyevə müraciətlər olunması barədə də danışıb: “Yəqin ki, cənab Prezident də bunların hamısını diqqətə alar. Hesab edirəm, ümumiyyətlə, cəmiyyətdə belə məsələlərdə bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki onlar tanınmış insanlardır. Azərbaycan cəmiyyətində kifayət qədər tanınırlar, cəmiyyətlə ünsiyyət qururlar, cəmiyyətin müəyyən məsələlərini, problemlərini qaldırırlar. Yəqin ki, dövlət başçımız bütün bunları da nəzərə alar”.

V.Əhmədov Əvəz Zeynallının “Tərtər işi” ilə bağlı bəzi məmurların adlarını açıqladığı üçün həbs edildiyi barədə səslənən fikirlərə də münasibət bildirib: “Burada Azərbaycan Ordusundan söhbət gedir. Ordu bizim üçün əzizdir. Bu ordu Azərbaycan torpaqlarını 44 günlük müharibədə işğaldan azad etdi. Ona görə də orada baş vermiş hadisələr qəbul edilə bilməz. Kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq bu işdə əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır. Onsuz da bu, gec-tez həyata keçiriləcək. Əgər bu məsələ ciddi nəzərə alınmasaydı, dövlət başçısı cənab İlham Əliyev göstəriş verib ikinci dəfə istintaq açmazdı. İstintaq açılıb, məsələlər araşdırılır. Ola bilər ki, bəzi iri ranqlı məmurların adları çəkilib. Narahatdırlar ki, bunlara da növbə çata bilər, həbs oluna bilərlər və s. Yəqin ki, bütün bunların da Əvəz Zeynallının həbsinə müəyyən qədər təsiri olub. Hər ikisinə, Əvəz bəyə də, Elçin bəyə də azadlıq arzu edirəm. Tez bir zamanda ailələrinə qovuşsunlar”.

Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq".

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşov: “İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq”

O deyib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq: “Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir”.

Əflatun Amaşov Əvəz Zeynallının azadlığına qovuşmasını arzu etdiklərini qeyd edib: “Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın”.

“Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsi təəssüfləndirici haldır. Cəmiyyətdə də narahatlıq yaradıb”.

Bunu AFN.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid deyib. O, qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələr bu məsələni qabardaraq, ölkəmizin əleyhinə kampaniya aparacaqlar: “Gərək onlara bu fürsət verilməzdi. İstintaq prosesinin həbs qərarı olmadan aparılmasının mümkünlüyünə baxılmalı idi. İctimaiyyətə lazımi və aydın məlumat verilməlidir, çünki burada həqiqətin üzə çıxması cəmiyyətimiz üçün çox vacibdir. Aydınlıq zəruridir”.

Bu həbslərdə adı hallanan əsas fiqur Rasim Məmmədov isə sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində Əvəz Zeynallının həbsindən danışıb:

“Əvəz jurnalist deyil, cinayətkardır. Mənə neçə ildir təzyiq edir. Məndən uzun illər ərzində rüşvət tələb edib. Bu gün də mənim uşaqlarımı hökumətə qarşı qaldırmaq istəyir. Gizli nömrələrdən uşaqlarıma zəng gəlir, onları hədələyirlər. Deyiblər ki, hər şeyinizi əlinizdən alacaqlar”.

Daha sonra prokuror Rasim Məmmədovun dediklərinə münasibət bildirib: “Rasim Məmmədov Əvəz Zeynallının cinayət əməli ilə bağlı kifayət qədər məlumat verdi. Bu məlumatlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir”.

Rasim Məmmədovun digər vəkilləri vəsatət veriblər. Onlar Elçin Sadıqovun həbs olunduğunu deyib, vaxt istəyiblər: “Elçin Sadıqovla bağlı şikayət verilib. Ola bilsin ki, qərar dəyişər, Elçin Sadıqovun yenidən işə qayıtması mümkün olar”.

Rəşad Məcid: “Azərbaycanı istəməyən qüvvələr bu məsələni qabardaraq, ölkəmizin əleyhinə kampaniya aparacaqlar”.

Hakim isə prosesin davam etdirilməsinə qərar verib. Deyib ki, Elçin Sadıqovdan əlavə Rasim Məmmədovun iki vəkili var, prosesin təxirə salınmasına ehtiyac yoxdur.

Həmçinin dünən Müsavat Partiyasının qərargahında hər iki şəxsin həbsi ilə əlaqədar onların hüquqlarını müdafiə komitəsi yaradılıb. Komitə iclasda bəyanat qəbul edərək, jurnalist və vəkilin azadlığa buraxılmaları barədə çağırış ediblər.

Əvəz Zeynallının həbsindən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Bu barədə vəkil Aqil Layicov bildirib ki, şikayətinə 13 sentyabr saat 11:00-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. (musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar