Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dedi ki, məni bacımın yanında dəfn edin"– Həsən bəy Zərdabi ailəsinin gizlinləri

“Ankarada olan zaman Həsən bəy Zərdabinin “itkin” oğlu Safvet Məlik-Zərdabinin evini, məzarını ziyarət etdik”

“Qərib Soltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi”

“O, deyirdi ki, məni bacım Nanənin yanında dəfn edin”

Zərdabinin qızı həmin oğlanı çox sevib”

Fuad Rauf oğlu HacıyevAzərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, məşhur rejissor. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universiteti Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu!

Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qərib Soltan Məlikova böyüdüb, analıq edib. Fuad Hacıyev də daxil olmaqla Rauf Hacıyevin bütün övladlarına Qərib Soltan Məlikova nənəlik edib.

Bir müddət öncə Türkiyədən Azərbaycana qayıdan Fuad Raufoğlu və həyat yoldaşı Zəminə Hacıyeva HafizTimes.com-un suallarını cavablandırıblar. F. Hacıyev müsahibə zamanı ailəsi ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirib. Həsən bəy Zərdabinin nəticəsi, Qərib Soltan Məlikovanın nəvəsi olan Fuad Raufoğlu Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Zərdabi ailəsi ilə bağlı uzun illər gizli qalmış, heç bir Zərdabişünasın üzə çıxara bilmədiyi bəzi tarixi faktları HafizTimes.com-a açıqlayıb. Həmçinin Hacıyevlər ailəsi illərdir ki, hər kəsin ümidlə gözlədiyi fotoşəkillərdən ibarət şəxsi arxivlərini də eksklüziv olaraq HafizTimes.com-a təqdim ediblər:


(H.Zərdabi və həyat yoldaşı Hənifə xanım-Safvet bəyin evindəki portret)

-Sizi daha çox görkəmli maarifçi, Azərbaycan Milli mətbuatının banisi Həsən bəy Zərdabinin nəvəsi kimi təqdim edirlər. Buna münasibətiniz necədir?

-Hələ o vaxtlar atam Rauf Hacıyev Həsən bəyin Parisdə yaşayan qızı Pəri xanımla (Əlimərdan bəy Topçubaşının həyat yoldaşı) əlaqə saxlayırdı. Onların övladı Ələkbər Topçubaşı ilə də yaxın münasibəti vardı. Biz də Parisə gedən də onların məzarını ziyarət etdik. Atam danışırdı ki, Parisdə olanda onların məzarından bir ovuc torpaq götürüb Azərbaycana gətirib və Həsən bəy Zərdabi, həyat yoldaşı Hənifə xanımın məzarı üzərinə səpib.


(Safvet Məlik-Zərdabi)

-Həsən bəy Zərdabinin illərdir ki, axtarılan sonuncu övladı Safvet Zərdabi ilə heç görüşmüsünüz? Safvet Zərdabi ilə bağlı nələr bilirsiniz? Həsən bəyin “itkin” oğlu ilə bağlı yalnız sizin məlumatlı olduğunuz qeyd edilir…

-Biz Ankarada olan zaman Həsən bəy Zərdabinin sonuncu övladı Safvet Məlik-Zərdabinin evini ziyarət etdik. Orada Safvetin həyat yoldaşı Nəfisənin bacısı Aişə xanım yaşayırdı. O, bizə Safvetin iş vəsiqəsini, sənədlərini təqdim etdi. Sənəddə də qeyd olub ki, Safvet Almaniyada təhsil alıb. O həm memar, həm də mühəndis bölməsinin məzunu olub. Soyadı isə “Məlik-Zərdabi” kimi qeyd olunub. Biz onun adını “Saffet” kimi yazırdıq.Amma “f” hərfi bir dənə olub. Bütün bu sənədlərin şəkillərini sizə təqdim etdik.


(Safvet Məlik-Zərdabinin sənədləri)

Nəfisənin bacısı Aişə çox yaşlı qadın idi. Gözləri zəif görürdü. O, bizə Safvetlə bağlı xeyli məlumat verdi. Hətta qeyd edim ki, atam Rauf Hacıyev Maestro Niyazi Türkiyəyə gedərkən Safvet əmiyə çox şey göndərirdi. Həmin vaxt bizim bir qızımız dünyaya gəlmişdi. Safvet əmi də qızımıza Türkiyədən gözəl geyimlər alıb göndərmişdi. Rauf Hacıyev Safvet Məlik-Zərdabi ilə həmişə əlaqə saxlayırdı.

Fuad Raufoğlu: “Atam o vaxt Safvet ilə görüşünü film kimi çəkmişdi. Həmin video lenti bizə də göstərib. İlk dəfə Safvet Zərdabinin üzünü həmin videoda görmüşdük. Amma təəssüf ki, onun özünü biz görə bilmədik. Həmin vaxt heç Nəfisə xanım da həyatda deyildi. Nəfisə xanımın bacısı Aişə xanım Həsən bəy Zərdabi ilə Hənifə Xanımın divardan asılmış qədim protretini bizə bağışladı. Aişə xanım dedi ki, “Safvet həmin portret illərlə öz evində, ən yüksək yerdə saxlayıb. Evinə qonaq gələn hər kəsə həmin portreti göstərib deyirmiş ki, bunlar mənim ata-anamdır. Gözləri dolarmış…”


(Safvet Məlik-Zərdabinin sənədi)

-Safvet Məlik-Zərdabi və Nəfisə xanımın övladı olmayıb?

-Onların bir övladı olub. Amma çox yaşamayıb, vəfat edib. Aişə xanım tez-tez deyirdi ki, bacısı Nəfisə xanım çox gözəl olub. Əsil türk qızı olub. Safvetlə Nəfisə çox mehriban olublar. Bir-birini seviblər. Təəssüf ki, biz onları görə bilmədik.


(Safvet Məlik-Zərdabi və Nəfisə xanım)

– İllərdir ki, bütün Zərdabişünaslar Safvet Məlik-Zərdabi və həyat yoldaşı Nəfisə xanımın məzarı axtarırlar. Amma nədənsə tapa bilmirlər. Onların məzarı haradadır?

-Safvet bəylə Nəfisə xanımın məzarı Ankaradadır. Fuad gedib onların məzarını tapıb, ziyarət etmişdi. Məzarın yerini Nəfisənin bacısı Aişə xanım bizə demişdi. Biz də bir müddət Ankarada yaşamalı olduq. Fuad həmin qəbirstanlığa tək getməmişdi. Teatrdakı aktyor dostları ilə birlikdə getmişdilər və Safvet bəyin məzarını tapdılar. Məzarları önündə dayanıb onların ruhuna rəhmət oxuyublar. Göz yaşlarını saxlaya bilməyib… Biz yenidən Ankaraya gedəndə onların evinə baş çəkəcəyik. Aişə xanım bəlkə də indi dünyasını dəyişib.

-Safvet Məlik-Zərdabinin evi necə idi?

-Zəngin bir saray deyildi. Sadə bir ev idi. Çox qədim idi.


(Safvet Məlik-Zərdabinin sənədləri)

-Safvet Məlik-Zərdabi niyə heç Azərbaycana gəlməyib?

-O vaxtlar çox çətin idi. Qadağalar var idi. Həmin qadağalar aradan qalxandan sonra Safvet bəy də dünyadan köçdü. Bu barədə bizə atam danışardı. O, Azərbaycanı çox görmək istəyirmiş…

Bir məqamı da qeyd edim ki, Safvetin evi başqa ünvanda idi. Safvet bəylə Nəfisə xanım vəfat etdikdən sonra Aişə xanım onların evini dəyişib. Hətta biz Aişə xanıma yardım-pul təklif etdik ki, bəlkə ehtiyacı var. Amma o, dedi ki, Safvet və Nəfisə xanım ona hər şey veriblər.


(Safvet Məlik-Zərdabinin sənədləri)

-Safet bəylə Nəfisə xanımın məzarları necə idi?

-Çox sadə məzarlardı. Türkiyədə bizdəkilərdən fərqli olaraq məzar üstləri çox sadə olur. Kiçik bir daş qoyurlar.


(H.Zərdabinin qızı Qərib Soltan Məlikova)

-Həsən bəy Zərabinin qızı Qərib Soltan xanımla da bağlı yalnız sizin ailənizin məlumatlı olduğu qeyd edilir. Qərib Soltan xanımı necə xatırlayırsınız?

-Qərib Soltan bizim nənəmizdir. Gözəl bir insan idi. Bizim evdə onun canlı-canlı rəsimləri var. Qızımız dünyaya gələndə Qərib Soltan nənəni də videoya çəkdik. O, uşaqla elə gözəl oynayırdı ki… Hətta ikinci qızımıza nənəmiz Qərib Soltanın adını qoyduq. Rauf Hacıyev birinci qızımın adını isə Naminə qoydu.


(Qərib Soltan Məlikova, Fuad Hacıyev və Natavan Hacıyeva)

Məni də, bacılarımı da, Nanəni də Qərib Soltan nənə böyüdüb. Qərib Soltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi. Hətta o, deyirdi ki, oğlunuz olsa adını Safvet, qız olsa isə mənim adımı qoyun. Bizim də qızımız oldu. Adını da Qərib Soltan qoyduq. Qızımız Qərib Soltan indi Kanadada yaşayır.


(Rauf Hacıyev anası Nanə xanımın qucağında)

-Qərib Soltan xanımın vəfat etdiyi günü necə xatırlayırsınız? Onu sizin ailə dəfn etdi?

–Atam Rauf müəllim Qərib Soltan nənəni çox sevərdi. Hətta o, öz anası Nanədən də çox Qərib Soltanı sevərdi. Nanə xanım (Rauf Hacıyevin doğma anası) da Həsən bəyin qardaşının qızı idi. Nanənin həyat yoldaşı Maştağadan idi. Musiqi alətində ifa edirdi. Sənət ruhlu insan idi. O, vəfat etdikdən sonra Qərib Soltan gördü ki, Nanə çox kərdələnir, arıqlayıb xəstələnib. Nanə bir az erkən vəfat etdi. Onun uşaqlarını, yəni atamgil Qərib Soltan nənə böyüdüb. Qərib Soltanın özünün uşaqları yox idi. Biz onun övladları, nəvələri idik.

Zəminə Hacıyeva: “Fuad Qərib Soltan nənəsinin çoxlu videolarını çəkib. O vaxtkı kameralar çox köhnə idi və yaxşı çəkmirdi. Hərdən həmin videolara yenidən baxırıq. Qərib Soltan nənə üzünü əli ilə bağlayır, gülə-gülə deyir ki, çəkmə-çəkmə Safvet…


(Soldan 3-cü Qərib Soltan Məlikova, 2-ci Nəcibə xanım Axundova)

-Uzun müddətdir ki, Qərib Soltanın məzarı ilə bağlı müəmmalı fikirlər qeyd olunur. 3 nəfərin eyni məzarda basdırıldığı bildirilir. Necə oldu ki, Qərib Soltanı Nanə xanımla eyni məzarda dəfn etdiniz?

-Ora Nanənin (Rauf Hacıyevin doğma anası) məzarı idi. Qərib Soltan nənə isə vəfat etməmişdən öncə həmişə deyirdi ki, məni bacım Nanənin yanında dəfn edin. Nanəyə həmişə “bacım” deyirdi. Nanə erkən vəfat etdikdən sonra Qərib Soltan nənə çox kədərlənirdi. Onlar bir-birini çox sevirdilər. Hətta illər sonra bir bacımız da dünyaya gəldi (Rauf Hacıyevin qızı). Qərib Soltan nənə özü onun adını da Nanə qoydu.


(Rauf Hacıyevin doğma anası Nanə)

Mən şəxsən Qərib Soltan nənənin dəfn mərasiminə gəlmişdim. Biz hamımız onu çox sevirdik. Qərib Soltan nənənin yeri bizim üçün başqa idi. Heç kim Qərib Soltan nənəni əvəz edə bilməz.


(Qərib Soltan Məlikova)

Zəminə Hacıyeva: “Hökumət Qərib Soltana böyük bir ev vermişdi. O həm də çox tanınmış bir müəllimə idi. Lenin ordeni də vardı…”


(Rauf Hacıyevin qızı Nanə və gəlini Zəminə xanım)

-Qərib Soltan xanımın son vaxtlar ağlını itirməsi ilə bağlı iddialar səsləndirilir.Bu nə dərəcədə doğrudur?

-Qətiyyən belə deyil. Qərib Soltan nənə çox hafizəli qadın idi. Yaddaşı da yerində idi. Həmişə deyirik ki, onun kimi yaddaşımız olsun. Vəfat edənə qədər onun yaddaşı da, ağlı da yerində olub.

-Qərib Soltan xanım heç vaxt ailə həyatı qurmayıb?

-Bir oğlanı həddindən çox sevib. Oğlan isə vəfasız çıxıb. Qərib Soltan da qəti qərarlı qadın idi. Bundan sonra həmin oğlanı həyatından həmişəlik silib. Və heç vaxt evlənməyib. Qərib Soltan nənə bizimlə birlikdə yaşayırdı. Hamız bir evdə olurduq. Rauf müəllimin də, Qərib Soltan nənənin də evi birlikdə idi. İki evi birləşdirmişdik.

-Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın məzarının harada olması ilə bağlı illərdir ki, müxtəlif iddialar səsləndirilir. Hənifə xanımın məzarının yerinin naməlum olduğu yazılır. Bu barədə yalnız Rauf Hacıyevin ailəsinin məlumatlı olduğu qeyd olunur. Siz bu barədə nə bilirsiniz?


(Həsən bəy Zərdabi və Hənifə xanım)

-Atam nazir işləyəndə hökumət tərəfindən ona tapşırıq verilib ki, Həsən bəyin məzarını Bayıl tərəfdəki qəbirstanlıqdan (Şıxov) Fəxri Xiyabana köçürsünlər. Atam mənə dedi ki, Həsən bəyin məzarı qazılanda oradan iki nəfərin sümükləri çıxıb. Yəni ki, Hənifə xanımın məzarı da orada olub. Eyni məzarda basdırılıblar. Daha sonra onların hər iksini Fəxri Xiyabanda dəfn etdilər. Amma Hənifə xanımın adı məzar daşı üzərinə qeyd olunmadı. Bütün bunları mənə atam danışıb. Bəlkə də düşünüblər ki, qadınla kişinin eyni məzarda basdırılması düzgün deyil və buna görə də Hənifə xanımın adı orada qeyd olunmayıb…


(Zəminə Hacıyeva)

Zəminə Hacıyeva: “Biz Fuadla Hənifə xanımın ailəsinin Nalçikdə olan evlərinə də baş çəkmişik. Hənifə xanımın ailəsi yəni Abayevlər orada yaşayır. Çox məşhur bir musiqiçi qohumları da vardı. Biz onların hamsı ilə görüşdük. Dəyərli bir ailədir”.


(Rauf Hacıyev)

-Həsən bəyin qətlə yetirilən oğlu Midhətin qızı Fatma xanım Zərdabinin ailəsi ilə əlaqə saxlayırsınızmı?

-Sovet hökuməti onları sürgün etmişdi. Rauf Hacıyev Fatma xanım Zərdabini Bakıya gətirib. Hətta Bakıda onun üçün ev də aldıq. Burada işləyirdi. Fatma xanım çox da yaşlı deyildi. Onun həyat yoldaşı ilə problemləri vardı. O da erkən vəfat etdi. Fatma xanımın bir oğlu var. Hamımız ona Alik deyirdik. Alikin də bir Hacıağa adlı oğlu var. Onların da övladları, ailələri var. Xeyli vaxt Bakıda yaşadılar. Stavropolda onların yazlıqları var idi. Daha sonra isə oraya köçdülər. Amma Alik hərdən Bakıya gəlir. Bizimlə də görüşür.


(İren Məlikof)

“Həsən bəyin Parisdə yaşamış qızı Pəri xanımın oğlu Ələkbər Topçubaşı da İren Melikofla birlikdə idi”.

-Yəqin ki, İren xanımı tanıyarsınız? Bakıya da gəlmişdi. Starsburqda yaşayırdı. Gənclik illərində birlikdə olublar. Daha sonra onlar ayrılıblar…


(F. Hacıyev Ü.Hacıbəylinin pianosunda)

Fuad Hacıyev: “Üzeyir Hacıbəyov atamın müəllimi olub. Hələ də evimizdə onun pianosunu xatirə kimi saxlayırıq. Həmin pianoda Üzeyir Hacıbəyov ifa edirdi. Üzeyir bəy bizə çox gəlib-gedirdi. Nənəm Qərib Soltanla Üzeyir bəy çox yaxın dost idilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar