Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda hər il nə qədər adam və hansı səbəbdən ölür? - İlginc statistika...

Bakı şəhərində il ərzində təxminən 15 min nəfər dünyasını dəyişir. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib...

Paytaxt sakinləri arasında ölümün əsas səbəbləri bir sıra xəstəliklərdir. Səbəblər sırasında ilk yerdə qan dövranı sisteminin xəstəlikləri (ürək-damar) gəlir. Belə ki, ildə 8 minə yaxın paytaxt sakini bu xəstəliklərdən dünyasını dəyişir.

Sonrakı yerdə yenitörəmələrdən (şiş xəstəlikləri) vəfat edənlər gəlir: ildə təxminən 2000 nəfər. Paytaxtda bəzi infeksion və parazitar xəstəliklər səbəbindən ölənlər ildə 750-800 nəfər arasında dəyişir.

Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələrindən ölənlər ildə təxminən 600 nəfər təşkil edir.

Sinir sistemi xəstəliklərindən ildə 850 nəfər, həzm sistemi xəstəliklərindən ildə 450 nəfər vəfat edir. Tənəffüs sistemi xəstəliklərindən hər il ölənlərin sayı 400 nəfərə çatır.

Sidik-cinsiyyət sisteminin xəstəliklərindən ölənlər də az olmur: ildə 180 nəfər. Paytaxt sakinləri arasında ölümün bəzi digər səbəbləri də var.

Bəs Statistika Komitəsinin məlumatı reallığı nə qədər əks etdirir?

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatına görə, 2023-cü ilin təkcə yanvar ayında 900 ölüm hadisəsindən 610-u ürək-damar xəstəlikləri səbəbindən baş verib: 

"Ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri üstünlük təşkil edib. Bu isə ölüm səbəblərinin 68%-i deməkdir. Bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşların ilkin səhiyyə xidmətlərindən vaxtında keçmələri tövsiyə olunur. Statistikaya görə, dünyada, o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (infarkt, stenokardiya) birinci yerdədir. Bunun əsas səbəblərindən biri də insanların müntəzəm olaraq həkim müayinələrindən, tibbi yoxlamalardan keçməməsidir. Ürək-damar xəstəliklərindən yaranan ölümlərin statistikasında ani ürək ölümlərinin payı da çoxdur. Ani ürək ölümlərinin bir çox səbəbləri var. Bunlardan biri də insanların vaxtında profilaktik müayinələrdən keçməyərək, yaranan bəzi simptomlara əhəmiyyət verməmələridir. Halbuki erkən diaqnozun qoyulması insanları həyati təhlükədən xilas edə bilər".

Qeyd edək ki, ötən il dünyaca məşhur və ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy"nin məlumatına görə, ölkəmizlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir. Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi isə 388,41 kimi qeyd edilib. Rusiya siyahıda 27-ci yerdə qərarlaşsa da, 204,5 reytinq dərəcəsinə görə ürək, qan-damar sistemi xəstəlikləri üzrə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri sayılır. Statistikaya görə, Türkiyə ürək, qan-damar sistemi xəstəliklərinə görə riskin daha az olduğu ölkə sayılır, reytinqdə isə 127-ci yerdə qərarlaşıb.

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, rəqəmlər reallığı əks etdirir: 

"Çünki ürək-damar sistemi xəstəlikləri ilə ölümlərin sayı onkoloji xəstəliklərdən öndə gedir. Bütün dünyada belədir. Bizdə də ürək-damar sistemi xəstəliklərinin sayı daha öndədir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da bu əks olunur. Əlbəttə, ikinci yeri onkoloji xəstəliklər tutur. İnfeksion xəstəliklər COVİD, post-COVİD xəstəlikləri, yaxın vaxtlarda qızılca da epidemiya kimi ortaya çıxdı. Yəni ötən illərə nisbətən infeksion xəstəliklər artıb. Ümumən bu statistika, infeksion xəstəlikləri çıxmaq şərtilə, davamlı olaraq ürək-damar xəstəlikləri və onkoloji xəstəliklər ölümlərə səbəb olma baxımından ilk yerdədir".

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bizimlə söhbətdə bildirir ki, istənilən xəstəliyin statistikası izləndiyi zaman insanlarda həyəcan yaranır: 

"Hər kəs bilir ki, o statistikanın içində doğma insanları, hətta özü də ola bilər. Təşviş halında olan şəxsin üzvi xəstəliyi dərhal özünü büruzə verməyə çalışır. Ona görə də statistik məlumatlar oxunduğu zaman onlardan fərdi və ümumi formada qərarlar çıxır. Xüsusi məqam odur ki, statistik məlumatlarda bir şəxs belə təsadüfi deyilsə, bu, göstəricidir. Yəni statistik məlumatda qeyd olunan bir nəfər belə çoxdur. Ölüm hallarında statistika müqayisə funksiyasını daşıyır. Müqayisə zamanı mənfi halın düşüncəsi yaranır. İnsanda hansısa mənfi halın düşüncəsi yaranarsa, insan o halı təlqin edir. Bütün xəstəliklər insan orqanizmində düşüncə olaraq mövcud olur. Sonrakı mərhələlərdə o düşüncə bədən olaraq özünü ifadə etmiş olur. İnsanların xəstəlikləri fiziki şikayətlərlə müşayiət olunan olsa da, bəzən üzvi bir pozuntunun qaynağı olmadığı hallar da mövcud olur. Psixosomatik xəstəliklərin qaynağı bədən deyil, ruhdur. Davamlı olaraq fiziki ağrı varsa və tibbi müdaxilə nəticə vermirsə, psixoloji amillər nəzərə alınmalıdır. Bəzən hansısa psixoloji pozuntular üzvi xəstəliklərin müalicəsinə maneə yaradır. Bədənin sağlam olması üçün düşüncəyə təsir etmək və ya dəyişmək imkanları inkişaf etməlidir. Tibbi müdaxilə olunsa belə, psixoloji konsultasiyanın aparılması artıq şərtdir. İstər yüngül, istərsə də ağır xəstəliklərin müalicəsində psixoloji fəaliyyətlər genişləndirilməlidir. Tibbi baxışın olması psixoloji yanaşmanı daha ətraflı təqdim etmiş olur və ya əksinə. Fiziki xəstəliyin müalicəsi zamanı psixoloji aspekt vacibdir. Hər bir oxşar xəstəlikdə oxşar baxış bucaqları var".

Ekspert əlavə edib ki, psixosomatik xəstəliklər psixoloji mənşəli olmasına baxmayaraq, fiziki xəstəliyin göstəricilərinin prototipi olaraq özünü göstərir.

"Yaranmış düşüncə xətasına səbəb fiziki şikayətin real olması da ola bilər. Düşüncənin ilk olaraq idarə olunması, daha sonra isə düşüncənin dəyişilməsi psixoterapiyanın əsas fəaliyyət xəttidir. İstənilən ağır və ya yüngül əməliyyatdan əvvəl və sonra psixoloji konsultasiya aparılmalıdır. Fiziki şikayəti olan şəxsin psixologiyası da analiz edilməlidir. Bu, fiziki şikayəti olan şəxsin müalicə prosesində xüsusi rol oynayacaq. Ehtiyac yaranarsa, şəxs əməliyyat prosesinə etiraz etməyəcək. Əməliyyat öncəsi yaranmış qorxu və həyəcan əməliyyat sonrası formalaşmış təşvişi genişləndirmiş olur. Xəstəlik zamanı qəbul olunan dərmanların əsas məqsədi beyinə lazım olan siqnalın verilməsinə və ya çatmasına nail olmaqdır. Psixoterapiyanın da əsas məqsədi beyinə lazım olan siqnalın verilməsi və ya çatması üçün düşüncə yaratmaqdır. Sağalma prosesinin keyfiyyət göstəricisində psixoloji fəaliyyət olmalıdır. Sağalmaq ölümdən qaçmaq deyil, ölümə hazır olmaq düşüncəsidir". (Yeni Müsavat)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar