Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan çempionatında qalmaqal: Hakim və oyunçu bir-birilərini qarşılıqlı ittiham edirlər

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında keçirilməli olan "Xarı bülbül" - MOİK oyununda hakimlərin meydana çıxmamasının səbəbi bəlli olub.

"Report"un əldə etdiyi məlumatına görə, referilər VII tur qarşılaşmasında etiraz əlaməti olaraq bu addımı atıblar.

Onlar həmkarları Zaur Hacıyevin V turda "Neftçi" ilə matçda "Xarı bülbül"ün voleybolçusu İlqar İmamquliyev tərəfindən təhqir olunduğunu əsas gətirərək görüşü idarə etməmək qərarına gəliblər.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-İntizam Komissiyası daha əvvəl bu məsələ ilə bağlı iclas keçirib. İmamquliyevə xəbərdarlıq edilib və iki oyunluq şərti cəza verilib. Hakimlər isə bununla razılaşmayıb. Ədalət təmsilçiləri idmançıya 5 matçlıq cəzanın verilməsini tələb ediblər.

Mövzu ilə bağlı "Report"a danışan AVF-in mətbuat katibi Şəfəq Kərimova ilk dəfə belə hal yaşandığı üçün voleybolçuya iki oyunluq şərti cəza verildiyini söyləyib.

Məsələ ilə əlaqədar müraciət etdiyimiz İlqar İmamquliyev isə "Report"a açıqlamasında "Neftçi" ilə görüşdə ən böyük qeyri-etik hərəkətlərin hakimlər tərəfindən olduğunu söyləyib: "Hakimlər "Neftçi" ilə oyunda bizi qərəzli şəkildə 1:3 hesabı ilə uduzdurdular. Halbuki, bu rəqibi bir həftə əvvəl 3:0 hesabı ilə üstələmişdik. Hakim də insandır, o da səhv edə bilər. Amma bir qarşılaşmada bir referi olmur. İki beynəlxalq dərəcəli ədalət təmsilçisi var idi. Hansı ki, illər boyu onların karyeralarında ciddi problemləri olub. Bundan əlavə, 4 yan xətt hakimi, supervayzer də orada idi və oyunu federasiya nümayəndələri də izləyirdi. Bir görüş ərzində hakim 11 dəfə səhv etdi. Bu, əsasən dördüncü setin sonlarında oldu".

Voleybolçu ikinci setdən sonra hakimə iradlarını bildirdiklərini vurğulayıb: "Onlar isə bizə aqresiya ilə cavab verdilər. Komandanın kapitanı kimi pis halların baş verdiyini və bunun iyrəncliyə doğru getdiyini dedim. Buna nəzarət edilməli olduğunu söylədim. Əl sıxdıq və mənə dedi ki, narahat olma. Bundan sonra ən böyük biabırçılıq başladı. Dördüncü setdə 18:13 hesabı ilə irəlidə idik. Bizə qarşı bir neçə dəfə qərəzli münasibət oldu, etirazımızı bildirdik, aqressiv münasibətlə üzləşdik. Eyni hal hər itirilən xaldan sonra yaşandı. Danışdıqlarım boş ittihamlar deyil, bu, bizə lazım da deyil. Hamısının video ilə sübutu var. Setin sonlarında rəqib baş məşqçi və kapitan hay-küy saldı. Bizim haqlı olduğumuzu gördülər və xal yenidən oynandı. Baş məşqçimiz sakit şəkildə nəsə demək istədi və sarı vərəqə aldı. Mən də kapitan kimi etirazımı bildirdim, oyunun qətl edildiyini söylədim. Mənə isə qırmızı vərəqə göstərdilər və "Neftçi"yə əlavə bir xal verdilər. Matçın son xalında da top içəridə olduğu halda çöldə olduğunu söylədilər. Bunun da videosu var. Əllərində əsas tutublar ki, həmin vaxtı bizə təhqiramiz münasibət olub. Ən böyük təhqiramiz münasibət isə "Xarı bülbül"ə qarşı olur. Durmadan bizim komandamızı sıxışdırırlar. Həmin qarşılaşmada isə son illərin ən faciəvi idarəetməsi var idi. Dəfələrlə etiraz etdik, komandanın Şuşanı təmsil etdiyini bildirdik. Onlara dedim ki, sizə ayıb olsun, formalarımızın üzərində şəhidlərin adları var. Bir klubu bu qədər sıxmaq olmaz. Mənə maraqlı deyil onlar mərc oyunlarında iştirak ediblər, yoxsa qərəzli şəkildə olub. İstənilən halda, hakimlik bərbad şəkildədir. Sadəcə, təhqiramiz sözləri əllərində əsas tutublar. Amma onların etdikləri istənilən təhqirdən betər idi".

İmamquliyev görüşün ardından federasiyaya müraciət ünvanladıqlarını sözlərinə əlavə edib: "Federasiyaya söylədik ki, bu hakimlik və münasibətlə çempionatın hansısa oyununa çıxmayacağıq. Danışıqlar oldu, AVF-in birinci vitse-prezidenti Faiq Qarayevlə söhbət etdik. Oyunu da izləmişdi, referilərə hakimliyin bərbad olduğunu demişdi. Bütün hər şeyin səbəbkarı onlardır, amma bizə cəza istəyirlər. Mən şərti cəzaya etiraz etmədim. Halbuki haqlı tərəf biz idik. Daha əvvəllər də belə hallar yaşanıb. Zaur Hacıyev, Konstantin Selin və bəzi həmkarları özlərindən başqa ölkədə hakimlərin yetişməsini istəmirlər. Matçların monopoliyası əllərindədir, istənilən görüşlərə bir-birini təyin edirlər. Azərbaycanlı gənc referlərin də önlərini kəsirlər. Bütün bunlardan artıq boğaza yığılmışıq. Bundan da pis hadisələr baş verib. Görünən odur ki, bizim sərt iradımız. Bizə qarşı şərəfsizlik etdiklərini deməyimiz onlara təsir edib. Konstantin Selin 5 ildir ki, beynəlxalq hakimlikdən təqaüdə çıxıb. Dəfələrlə spirtli içkinin təsiri altında oyunlar idarə edib".

Voleybolçu "hakimləri həmin matçda təhqir etmisinizmi?" sualına da belə cavab verib: "Baş hakim Zaur Hacıyev oyundan sonra mənə yaxınlaşdı və dedi ki, səninlə söhbət etmək istəyirəm. Mən də onunla danışmaq niyyətində olmadığımı bildirdim. Arada xoşagəlməz mübahisə və qarşılıqlı "küfürləşmə" (söyüş) baş verdi. Üstümə gəldi ki, sən bizi təhqir etmisən. Mən də bildirdim ki, birinci sən bizi təhqir etmisən. Onu təhqir edirəmsə, məni oyundan kənarlaşdırmağa ixtiyarı var. Bunu etmirsənsə, deməli əsaslı səbəbin olmur. Qarşılaşmadan sonra günahkar olduğun halda gəlib üstümüzə şığıyırsan. Özləri də federasiyaya məktub ünvanlayıblar. Etdikləri hərəkət absurddur. Bu iki hakim və supervayzer Hakimlər Kollegiyasının adından məktub yazıblar, günahlarının olmadığını qeyd ediblər və mənim 5 matçlıq cəzalanmağımı tələb ediblər. Onlar federasiyaya məxsus qurumdur. Birinci özləri cəza almalıdırlar. Sənəd hazırlayıb federasiyanın möhürünü vurublar. Faiq Qarayev bunu görəndə dəhşətə gəlmişdi. Çünki Hakimlər Kollegiyası qərar verən qurum deyil və AVF-in adından nəsə qərar verə bilməzlər. Görüş ləğv olunmalı idi, amma biz ona belə getmədik. Bu qədər səhv edən insanlar bizim günahkar olmağımızı istəyirlər. Öz aramızda danışdıq, üzrxahlıq oldu. Faiq Qarayev çağırdı, oturduq və hakimlərlə söhbət etdik. Qərəzli olmadığını söylədi, and içdi. Biz tərəfdən hansısa xoşagəlməz hal olubsa, üzrxahlıq etdik, əl sıxışdıq. Onların düşüncələri, qərarları da absurddur".

İdmançı "Neftçi" ilə qarşılaşmanın danışılmış oyun olmaq ehtimalına da toxunub: "Bizim hakimliyimiz barədə o qədər iyrənc məqamlar bilirəm ki. Dəfələrlə bunu görmüşəm. Heç kimi bu matçla bağlı hər hansı şəkildə ittiham edə bilmərəm. Çünki mənim əlimdə sübut yoxdur. Amma matçda olan hər kəs səhvlərin olduğunu deyəcək. Hakimin səhv etməsi normaldır. İkisi bizə, beşi "Neftçi"yə qarşı olsaydı, normal qarşılayardıq. Amma bu hakim 11 səhv edib və bunu boynuna almır. Hamısının video ilə sübutu mövcuddur. Deməli burada hansısa məna var. Ya qərəzdi, ya da hansısa mərc oyunudur. Hakim bərbad idarəçiliyi nəticəsində məğlub olduq".

İttihamlarla bağlı əlaqə saxladığımız Hakimlər Kollegiyasının sədri Eldar Zülfüqarov isə qəti şəkildə məsələyə münasibət bildirmək istəmədiyini söyləyib.

İttiham olunan hakim Zaur Hacıyev də məsələ barədə ətraflı danışmaqdan imtina edib: "Suallarınızı federasiyanın mətbuat xidmətinə ünvanlamağınız daha yaxşı olar. Danışdıqları İlqar İmamquliyevin şəxsi fikridir. Yekun qərarı federasiya verir. Onlar hansı qərarı verəcəklərsə, qəbul edəcəyik".

Poliqon.info 


Etiket: Qalmaqal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar