İtaliya qəzeti müsahibənin “faktlar tələb edən mübahisəli fikirlərlə dolu” olduğunu bildirir…
Poliqon xəbər verir ki, İtaliyanın aparıcı nəşrlərindən olan Corriere della Sera Rusiya xarici işlər naziri Sergey Lavrovun müsahibəsini dərc etməyib. Bu barədə məlumatı İtaliyadakı Rusiya səfirliyi yayıb. Diplomatik nümayəndəliyin sözlərinə görə, redaksiya nə qəzetdə ixtisar olunmuş versiyanı, nə də sayt üçün tam variantı yerləşdirməyə razılaşıb.
Səfirlik qeyd edib ki, qəzetin redaksiya heyəti müsahibəni əvvəlcə məmnuniyyətlə qəbul etsə də, sonradan Lavrovun sözlərində çoxlu fakt yoxlaması və əlavə izah tələb edən mübahisəli fikirlərin olduğu arqumentini irəli sürüb. Bu isə materialın həcmini məqbul çərçivədən kənara çıxaracağı iddiası ilə izah edilib. Rusiya səfirliyi baş verənləri “aşkar senzura” adlandırıb.
Diplomatik nümayəndəlik bildirib ki, müsahibə onların təşəbbüsü ilə baş tutub və Lavrov bütün suallara operativ şəkildə cavab verib. Səfirliyin fikrincə, materialın dərcinin dayandırılması İtaliya ictimaiyyətinə Ukrayna ətrafındakı vəziyyətlə bağlı obyektiv məlumatın çatdırılmasına mane olur və onları bilərəkdən yanlış istiqamətə yönəldir.
Müsahibənin tam versiyası Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Lavrov söhbət zamanı bu il Rusiya tərəfinin Ukraynaya 9 mindən çox ukraynalı hərbçinin cəsədini qaytardığını bildirib. O həmçinin Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə planlaşdırılan görüşün baş tutmamasına münasibət bildirib. Lavrovun sözlərinə görə, Tramp “arxa kabinet məruzələri” aldığı üçün danışıqlardan imtina edib.
Poliqon.info