Yeni kabinetin tərkibində qadın nazirlərin sayı kişiləri üstələyib...
Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Danimarka tarixində ilk dəfə olaraq qadınlar Nazirlər Kabinetində çoxluq təşkil ediblər. Baş nazir Mette Frederiksen yeni hökumətin tərkibini təqdim edib və kabinetdə 11 qadın, 10 kişi nazirin yer aldığı açıqlanıb.
Beləliklə, yeni hökumətdə qadınların payı 52 faizə çatıb. Bu göstərici Danimarka tarixində ən yüksək səviyyə hesab olunur və ölkədə gender balansının gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Yeni kabinetin formalaşdırılması ilə Danimarka Skandinaviya ölkələri arasında gender bərabərliyi göstəricilərinə görə mövqeyini möhkəmləndirib. Ölkə bu sahədə Finlandiya ilə eyni səviyyəyə yüksəlib, eyni zamanda İsveçi geridə qoyub. Hazırda İsveç hökumətində qadınların payı 50 faiz, Norveçdə isə 45 faiz təşkil edir.
Regionda qadınların hökumətdə təmsilçiliyinə görə lider mövqeyi isə İslandiyaya məxsusdur. Bu ölkədə Nazirlər Kabinetinin 54 faizini qadınlar təşkil edir.
Müşahidəçilərin fikrincə, Danimarkada qadınların hökumətdə çoxluq əldə etməsi ölkənin gender bərabərliyi sahəsində uzun illər ərzində həyata keçirdiyi siyasətin nəticəsidir. Ekspertlər hesab edirlər ki, bu dəyişiklik yalnız simvolik əhəmiyyət daşımır, eyni zamanda qərarların qəbulunda qadınların rolunun artmasına və siyasi institutlarda daha balanslı təmsilçiliyin formalaşmasına töhfə verə bilər.
Poliqon.info