Bənzəri olmayan deformasiyaya məruz qalmış insan kəlləsi Mesoamerika mədəniyyətləri haqqında təsəvvürləri dəyişə bilər...
Poliqon xəbər verir ki, Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun (INAH) arxeoloqları ölkənin şimal-şərqində yerləşən qədim Balcón de Montezuma yaşayış yerində son dərəcə qeyri-adi tapıntı aşkarlayıblar. Tədqiqatçılar burada forması kubu xatırladan insan kəlləsi aşkar ediblər. Live Science jurnalının yazdığına görə, bu, bölgədə indiyədək qeydə alınmış ən qeyri-adi kəllə deformasiyasıdır.
Arxeoloqların hesablamasına görə, kəllə orta yaşlı bir kişiyə məxsus olub və təxminən 1 400 il əvvəl, yəni eramızın VI–VII əsrlərində yaşayıb. Analiz nəticəsində məlum olub ki, kəllənin forması qədim Mesoamerikada geniş yayılmış uzadılmış və ya konusvari deformasiyadan kəskin şəkildə fərqlənir: başın yuxarı hissəsi düz, kəllənin ümumi forması isə “paralelpiped” və ya “kub” təsiri bağışlayır.
Tədqiqatçılar bildirirlər ki, kəllə deformasiyası qədim Mesoamerika xalqları arasında geniş yayılmış mədəni praktikaydı, lakin bu tip kubik formaya indiyədək nə bu regionda, nə də ona yaxın ərazilərdə rast gəlinmişdi.
Aparılan kimyəvi analiz göstərib ki, həmin şəxs böyük ehtimalla yerli sakin olub. O, Balcón de Montezuma ərazisində doğulub və ömrünün böyük hissəsini burada keçirib. Bu, kəllənin qeyri-adi formasının başqa bir mədəni qrupdan gəlmə deyil, məhz yerli icmanın özünəməxsus sosial və ya rituallarına bağlı olduğunu göstərir.
Alimlər ehtimal edirlər ki, belə deformasiyanın məqsədi həmin şəxsin müəyyən sosial təbəqəyə mənsubiyyətini, etnik kimliyini və ya xüsusi statusunu ifadə etmək ola bilər. Bununla belə, dəqiq izah hələlik yoxdur və bu tapıntı qədim Meksika cəmiyyətinin mədəni ənənələrinin düşündüyümüzdən daha mürəkkəb və rəngarəng olduğunu göstərir.
Tədqiqatçılar qeyd edirlər ki, formaların bu qədər müxtəlifliyi Mesoamerika mədəniyyətlərində kimlik və statusun ifadə vasitələrinin çoxşaxəli olduğunu sübut edir və gələcək qazıntıların daha çox məlumat ortaya çıxaracağı gözlənilir.
Poliqon.info