Məlumata görə, Melaniya Tramp məktubda “uşaqların Ukraynadan qaçırılması” məsələsini qaldırıb...
ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən sammit zamanı Rusiya prezidenti Vladimir Putinə ölkəsinin birinci xanımı Melaniya Trampın məktubunu təqdim edib.
Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. Məktubda xanım Tramp “Ukraynadan uşaqların qaçırılması” məsələsinə toxunub.
Məktubun detalları açıqlanmayıb. Onun mövcudluğu barədə indiyədək ictimaiyyətə məlumat verilməmişdi. Sloveniyadan olan Melaniya Tramp Alyaskaya səfərdə iştirak etməyib.
Ukrayna tərəfi uşaqların ailələrinin və ya qəyyumlarının razılığı olmadan Rusiyaya aparılmasını hərbi cinayət adlandırıb. Rusiya isə bunun əksinə olaraq, “döyüş bölgəsindən çıxarılan həssas uşaqların qorunması” məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, 15 avqustda Donald Tramp və Vladimir Putin ABŞ-ın Ankoricdəki hərbi bazasında təxminən üç saat davam edən görüş keçiriblər. Lakin tərəflər Ukraynada atəşkəs barədə razılıq əldə edə bilməyiblər.
Poliqon.info