ABŞ sanksiyalarını aşmaq üçün yaradıldığı iddia olunan gizli şəbəkənin SEPAH-la əlaqəli maliyyə axınlarını idarə etdiyi bildirilir...
Poliqon xəbər verir ki, Wall Street Journal nəşrinin yaydığı araşdırmaya əsasən, İran rejiminin əsas maliyyə fiqurlarından biri hesab olunan Babək Zəncani beynəlxalq sanksiyaları aşmaq məqsədilə gizli ödəniş şəbəkəsi quraraq milyonlarla dollar vəsaiti Binance kriptovalyuta birjası üzərindən dövriyyəyə buraxıb.
Məlumata görə, özünü “antisanksiya operatoru” kimi təqdim edən iranlı iş adamı Babək Zəncaninin nəzarətində olduğu bildirilən şəbəkə 2023–2025-ci illər ərzində dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan Binance üzərindən ümumilikdə təxminən 850 milyon dollar həcmində tranzaksiya həyata keçirib. Daxili hesabatlarda qeyd olunur ki, bu əməliyyatların böyük hissəsi yalnız bir ticarət hesabı vasitəsilə icra edilib.
Araşdırmada bildirilir ki, Zəncaninin yaxın ətrafı – bacısı, sevgilisi və ona məxsus şirkətin direktoru daxil olmaqla bir neçə şəxs əlavə hesablar yaradaraq həmin şəbəkənin fəaliyyətində iştirak edib. Binance daxilində aparılan yoxlamalar zamanı bu hesabların eyni cihazlardan idarə olunduğu müəyyən edilib. Şirkətin daxili təhlükəsizlik hesabatlarında bu fakt ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların sistemli şəkildə pozulmasının mümkün sübutu kimi qiymətləndirilib.
Nəşrin məlumatına əsasən, Binance əməkdaşları dəfələrlə şübhəli maliyyə fəaliyyəti barədə daxili xəbərdarlıqlar etsələr də, əsas hesab ən azı daha 15 ay aktiv qalıb və 2026-cı ilin yanvar ayına qədər fəaliyyətini davam etdirib.
Məqalədə vurğulanır ki, sözügedən maliyyə axınları İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli strukturların beynəlxalq maliyyə məhdudiyyətlərini aşaraq vəsait hərəkəti həyata keçirməsi ilə bağlı ciddi suallar yaradıb. Ekspertlərin fikrincə, bu hadisə kriptovalyuta platformalarının sanksiyalardan yayınmaq üçün alternativ maliyyə kanalı kimi istifadə olunması risklərini bir daha gündəmə gətirir.
Araşdırmada həmçinin qeyd olunur ki, beynəlxalq tənzimləyici qurumlar son illərdə kriptovalyuta bazarına nəzarəti gücləndirməyə çalışsalar da, bəzi iri platformalarda anonim və ya dolayı istifadəçi şəbəkələrinin fəaliyyəti hələ də tam şəkildə qarşısıalınmaz problem olaraq qalır.
Poliqon.info