The Times: İranın qismən destabilizasiyası belə Avropaya misli görünməmiş qaçqın axınına səbəb ola bilər...
Poliqon xəbər verir ki, The Times nəşrinin məlumatına görə, İranda davam edən münaqişə Avropa üçün son onilliklərin ən böyük miqrasiya böhranına səbəb ola bilər. Nəşr bu barədə Avropa İttifaqının Sığınacaq üzrə Agentliyinin illik hesabatına istinad edir.
Sənəddə İran “əhəmiyyətli potensial böhran mənbəyi” kimi qiymətləndirilir. Hesabatda qeyd olunur ki, təxminən 90 milyon əhalisi olan ölkədə hətta qismən destabilizasiya belə böyük miqrasiya dalğasına yol aça bilər.
Agentliyin qiymətləndirməsinə görə, İran əhalisinin cəmi 10 faizinin ölkəni tərk etməsi belə son onilliklərdə qeydə alınmış ən böyük qaçqın axınları ilə müqayisə oluna biləcək miqyasda insan köçünə səbəb ola bilər.
Nəşr yazır ki, Avropa ölkələrinin hökumətləri artıq miqrasiya sistemlərinin həddindən artıq yüklənəcəyindən ehtiyat edir. Bir çox ölkələrdə sığınacaq və qəbul mexanizmləri artıq maksimum həddə işləyir və yeni böyük miqrasiya dalğası ciddi sosial-siyasi problemlər yarada bilər.
Bununla yanaşı, miqrasiyanın azaldılması Avropa ölkələrinin əksəriyyəti üçün əsas siyasi prioritet olaraq qalır. Bu səbəbdən regionda mümkün humanitar böhran Avropa İttifaqının daxili siyasətinə də ciddi təsir göstərə bilər.
Daha əvvəl Politico nəşri yazmışdı ki, Avropa İttifaqının daxili işlər və miqrasiya üzrə komissarı Magnus Brunner münaqişənin başlanmasından sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə mümkün yeni miqrasiya dalğasını müzakirə edib.
Məlumata görə, tərəflər regiondakı gərginliyin artmasının Avropaya doğru miqrasiya axınını gücləndirə biləcəyini nəzərə alaraq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Poliqon.info