TechRadar: İİ-botlar onlayn mağazalarda DDR5 modullarını real istifadəçilərdən altı dəfə çox izləyir və bazarı nəzarətdə saxlayır...
Poliqon xəbər verir ki, bu barədə TechRadar nəşri Galileo tədqiqat şirkətinə istinadən məlumat yayıb. Araşdırmaya görə, süni intellekt əsaslı botlar DDR5 operativ yaddaş modullarının satıldığı internet səhifələrinə real istifadəçilərlə müqayisədə təxminən altı dəfə daha çox müraciət edir. Bu isə bazarda qıtlıq riskini artırır və adi alıcıların məhsula çıxışını çətinləşdirir.
Qeydə alınmış kampaniyalardan birində botlar tərəfindən yaradılan 10 milyondan çox sorğu bloklanıb. Nəzarət təhlili göstərib ki, avtomatlaşdırılmış sistemlər cəmi bir saat ərzində DDR5 təklifləri yerləşdirilən 91 səhifəyə təxminən 50 min dəfə müraciət edib.
Statistikaya əsasən, hər bir səhifə saat ərzində orta hesabla 551 dəfə yoxlanılıb. Bu isə o deməkdir ki, təxminən hər 6,5 saniyədən bir yeni sorğu göndərilib. Monitorinq prosesi qısa texniki fasilələr istisna olmaqla, demək olar ki, fasiləsiz şəkildə – günün 24 saatı aparılır.
Botların maraq dairəsinə yalnız RGB işıqlandırmalı və radiatorlu istehlakçı tipli DDR5 modulları deyil, həm də sənaye təyinatlı operativ yaddaş məhsulları daxildir. Bundan əlavə, monitorinq obyektləri arasında ana platalar üçün nəzərdə tutulan DIMM yuvaları kimi ayrıca komponentlər də var. Bu, avtomatlaşdırılmış sistemlərin yalnız pərakəndə bazarı deyil, həm də istehsal zəncirini izlədiyini göstərir.
Ekspertlərin fikrincə, bu cür avtomatik alış və monitorinq mexanizmləri bazarda süni tələbat yaradır, qiymətlərin artmasına səbəb olur və adi istifadəçilərin məhsul əldə etmək imkanlarını məhdudlaşdırır. Xüsusilə yüksək performanslı kompüter sistemlərinə və server infrastrukturlarına tələbatın artdığı bir dövrdə bu tendensiya texnologiya bazarında əlavə gərginlik yarada bilər.
Mütəxəssislər hesab edirlər ki, onlayn pərakəndə satış platformaları bot fəaliyyətinə qarşı daha effektiv filtrasiya və identifikasiya mexanizmləri tətbiq etməlidir. Əks halda, süni intellekt əsaslı sistemlərin bazar davranışına təsiri artmaqda davam edəcək.
Poliqon.info