Təxminən 15 nəfərlik Rusiya vətəndaşı “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan çıxarılıb...
Azərbaycan tərəfi İrandan təxminən 15 nəfərlik Rusiya vətəndaşı qrupunun təxliyəsini həyata keçirib.
Poliqon xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" Agentliyinə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təsdiqləyib.
Qurumdan bildirilib ki, ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr fonunda xarici vətəndaşların təhlükəsiz şəkildə ölkədən çıxarılması prosesi davam edir. Təxliyə “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin nümayəndələri qeyd ediblər ki, bir qədər əvvəl təxminən 15 nəfər Rusiya vətəndaşı Azərbaycan ərazisinə keçərək təhlükəsiz zonaya çıxarılıb.
Məlumata görə, martın 1-də günorta saatlarında Azərbaycanın Rusiya vətəndaşlarının İrandan çıxarılması məsələsində Moskvaya yardım göstərdiyi açıqlanmışdı. Azərbaycan tərəfi artıq 500 Rusiya vətəndaşının təxliyə çərçivəsində İranla sərhədi keçməsinə icazə verib. Proses mərhələli şəkildə və təhlükəsizlik tədbirləri gücləndirilmiş rejimdə davam etdirilir.
Xatırladaq ki, fevralın 28-də səhər saatlarında ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başladıqlarını elan ediblər. ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində Vaşinqton və Təl-Əvivin zərbələrini Tehranın nüvə proqramından imtina etməməsi ilə əlaqədar “tükənmiş səbir”lə əsaslandırıb.
İran ərazisində bir sıra şəhərlər, o cümlədən paytaxt Tehran hücuma məruz qalıb. Məlumatlara görə, zərbələrdən biri ölkənin ali rəhbəri Əli Xameneinin iqamətgahına endirilib və o, hadisə nəticəsində həyatını itirib. Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Hazırda regionda gərginlik yüksək səviyyədə qalır, tərəflər arasında qarşıdurmanın daha geniş miqyas alacağı ilə bağlı narahatlıqlar artır.
Poliqon.info