Vaşinqton Venesuela böhranının həlli üçün yeni ssenarini müzakirə edir…
ABŞ rəhbərliyi Venesuela prezidenti Nikolas Maduronun ölkəni tərk edərək Qətərə köçməsi ehtimalını nəzərdən keçirir.
Poliqon xəbər verir ki, bu barədə The New York Post qəzeti administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubbio Maduro üçün belə bir relokasiya variantının diplomatik çıxış yolu kimi qiymətləndirilməsini təklif edib. Qətərin hazırda Venesuela ətrafında aparılan vasitəçilik danışıqlarında aktiv iştirakı nəzərə alınarsa, bəzi amerikalı rəsmilər bu ssenarini “tamamilə real” hesab edirlər.
CNN telekanalının bir neçə gün əvvəl yaydığı xəbərə əsasən, Maduro istefaya hazır olduğunu, lakin bunun 18 ay sonra baş verə biləcəyini söyləmişdi. Bu təklif ABŞ administrasiyasında birmənalı qarşılanmayıb: bir sıra rəsmilər bunun “uzatma taktikası” olduğunu bildirərək, Ağ evin Maduronun dərhal istefasına nail olmaq xəttini gücləndirməsinə səbəb olub.
Bloomberg və digər media orqanlarının təhlillərinə görə, Tramp administrasiyası Venesuela böhranının həllini sürətləndirmək üçün həm siyasi, həm iqtisadi, həm də şəxsi zəmanətlər mexanizmlərini müzakirə edir. Maduro üçün təhlükəsiz üçüncü ölkə kimi Qətərin adı bu kontekstdə ilk dəfə hallanmır — Doha daha əvvəl də müxtəlif regional münaqişələrdə vasitəçi rolunda çıxış edib.
Hazırda ABŞ, Venesuela müxalifəti və Qətər arasında qeyri-rəsmi diplomatik kanallar vasitəsilə intensiv təmasların davam etdiyi bildirilir.
Poliqon.info