Telekanalın apardığı jurnalist araşdırması zamanı məlum olub ki, adsız kütləvi məzarlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır…
Poliqon xəbər verir ki, CNN-in apardığı genişmiqyaslı jurnalist araşdırması İsrail ordusunun Qəzza zolağında humanitar yardım mərkəzlərinə doğru gedərkən öldürülən mülki fələstinlilərin cəsədlərini buldozerlərlə adsız qəbirlərdə basdırdığını iddia edir.
CNN bildirir ki, söhbət ərzaq tapmaq üçün humanitar yardım nöqtələrinə yaxınlaşmağa çalışan və həmin zaman öldürülən mülki şəxslərdən gedir. Kanalın təqdim etdiyi sübutlara foto və video materiallar, peyk görüntüləri, həmçinin fələstinli şahidlərin və keçmiş İsrail hərbçilərinin ifadələri daxildir. Araşdırmada xüsusilə Qəzza zolağındakı “Zikim” keçid məntəqəsi qeyd olunur. Bu ərazidə BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində yardım paylanırdı.
CNN-in danışdığı beynəlxalq hüquq üzrə ekspertlərə görə, cəsədlərin buldozerlərlə adsız qəbirlərə atılması beynəlxalq humanitar hüququn pozulması deməkdir. Beynəlxalq hüquqa əsasən, münaqişə tərəfləri ölülərin elə şəkildə dəfn edilməsinə məsuldur ki, onların kimliyini müəyyən etmək mümkün olsun. Cəsədlərin qəsdən tanınmaz hala salınması isə Cenevrə konvensiyalarına görə hərbi cinayət tərkibi yarada bilər.
İsrail Ordusunun (ÇAXAL) rəsmiləri CNN-in iddialarını rədd ediblər. Onlar bildiriblər ki, “Zikim” ərazisində ağır tikinti texnikası yalnız infrastrukturun bərpası və təhlükələrin aradan qaldırılması kimi rutin əməliyyatlarda istifadə olunub və cəsədlərin basdırılması üçün tətbiq edilməyib.
Araşdırma beynəlxalq ictimaiyyətdə böyük rezonans yaradıb və Qəzzadakı humanitar vəziyyətin daha da ağırlaşdığı bir dövrdə dərc edilib. CNN-in tapıntıları Qəzza müharibəsində mülki şəxslərlə davranış məsələsini yenidən qlobal diqqət mərkəzinə çıxarıb.
Poliqon.info