Pekin “tarixi ədalətsizliyin” aradan qaldırılmasına çağırıb…
Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin BMT-də Fələstin xalqı ilə həmrəylik günü münasibətilə keçirilən xüsusi iclasa ünvanladığı müraciətdə Pekinin Fələstin məsələsinin ədalətli həllini dəstəklədiyini bəyan edib. Çin Dövlət Şurasının saytında dərc olunan müraciətdə vurğulanır ki, Pekin Fələstin xalqının qanuni milli hüquqlarının bərpasını “ədalətli mübarizə” hesab edir və bu istiqamətdə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcək.
Si Tsinpin bildirib ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fələstinin hüquqlarını bərpa etməyi dəstəkləyir və münaqişənin “ümumi, ədalətli və davamlı” siyasi həlli üçün yorulmadan çalışacaq. O, beynəlxalq ictimaiyyəti Fələstin xalqına qarşı uzun illər davam edən “tarixi ədalətsizliyin” aradan qaldırılması üçün bütün mümkün addımların atılmasına səsləyib.
Çin lideri həmçinin qeyd edib ki, Fələstin probleminin həll olunmaması regionda gərginliyi dərinləşdirir və Yaxın Şərq üzrə sülh prosesini çətinləşdirir. Si Cinpin vurğulayıb ki, Qəzzanın müharibədən sonrakı idarəçiliyi “Fələstin Fələstini idarə edir” prinsipi əsasında təşkil olunmalı və Fələstin xalqının iradəsinə hörmətlə yanaşılmalıdır.
Si Cinpin bir daha beynəlxalq ictimaiyyəti “iki dövlət – iki xalq” prinsipinin siyasi reallaşdırılmasına çağırıb və bunun Yaxın Şərqdə uzunmüddətli sabitlik üçün yeganə praktiki yol olduğunu bildirib.
Poliqon.info