Bir vaxtlar dünyaya hökm edən qitə indi xarici güclərin “böl və hökm sür” strategiyasının hədəfinə çevrilir…
Poliqon xəbər verir ki, The Financial Times nəşrində müəllif Gideon Raxman tərəfindən dərc olunan analitik məqalə Avropanın dəyişən qlobal nizamda sürətlə zəifləyən mövqeyini təsvir edir. Məqalədə bildirilir ki, əsrlər boyu dünyaya öz şərtlərini diktə edən Avropa indi əksinə — dünyanın şərtlərini qəbul etməyə məcbur olur.
Yazıda xüsusi olaraq vurğulanır ki, vəziyyətin ən açıq təzahürlərindən biri iyul ayında Turnberridəki qolf meydanında yaşanıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Donald Trampla birlikdə çəkilmiş fotosu bunun rəmzinə çevrilib. ABŞ-a ixrac olunan Avropa məhsullarına tətbiq edilən 15 faiz baza tarifinə Brüsselin demək olar ki, müqavimət göstərmədən razılaşması və cavab tədbirlərindən imtina etməsi Avropanın zəifləyən nüfuzunu qabarıq göstərib. Fon der Lyayen və komandası sadəcə “gülümsəyib dözməli olublar”.
Halbuki ticarət həm həcm, həm də normativ güc baxımından Avropanın ABŞ və Çinlə bərabər rəqabət edə bildiyi nadir sahələrdən biri idi. Lakin Ukrayna müharibəsinin yaratdığı təhlükə fonunda Avropa liderləri ABŞ-ın təhlükəsizlik təminatlarını riskə atmaqdan çəkinərək geri çəkildilər. Beləliklə, qorunmayan təhlükəsizlik sahəsi Avropanın ticarət sahəsindəki mövqelərini də zəiflətdi.
Avropa qlobal proseslərdən kənarda qalır
Sənədin müəllifi qeyd edir ki, bu hadisə təkcə təsadüfi epizod deyil; Avropanın zəifliyini göstərən nümunələr artır. Fon der Lyayenin “geopolitik Komissiya” vədi praktikada özünü doğrultmayıb.
Ukrayna məsələsində Avropa ən böyük donor olsa da, müharibənin gələcəyi ilə bağlı əsas danışıqları aparan tərəflər ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin olub. Brüssel isə bu görüşlərin əvvəlində və sonunda Vaşinqtonla intensiv lobbiçilik aparmaq məcburiyyətində qalıb.
Oxşar vəziyyət Qəzza münaqişəsində də müşahidə olunur. Aralıq dənizi regionunun təhlükəsizliyinə birbaşa təsir edən böhranın həllində əsas vasitəçilər ABŞ, Qətər, Misir və İsraildir. Avropa yenə ikinci plandadır.
Sudandakı vətəndaş müharibəsi, Afrika və Yaxın Şərqdən artan miqrasiya dalğaları avropalılar üçün kritik çağırış olsa da, burada da prosesləri yönləndirən əsas güclər BƏƏ, Misir, Türkiyə və Rusiyadır. Fransanın təsirinin zəiflədiyi Qərbi Afrikada boşluğu əvvəl rus strukturları, sonra isə radikal qruplar doldurur.
Struktur zəifliklər və psixoloji baryerlər
Məqalədə bildirilir ki, Avropa İttifaqının əsas problemi maliyyə və hərbi çatışmazlıqdan daha dərindir. Avropa güclü hüquqi və normativ aparat yaratsa da, ABŞ və Çin kimi tez və sərt qərar vermə qabiliyyətinə malik deyil. Uzun koloniya tarixi isə Avropanın “moralist yanaşmasının” Afrika və Asiyada səmərəsini azaldır.
Oxford tədqiqatçısı Dimitar Beçevin fikrinə görə, hazırda “Avropa uğrunda mübarizə” gedir. Qərbi Balkanlarda — formal olaraq Aİ-yə namizəd olan regionda — Rusiya, Çin və Türkiyə investisiyalar və infrastruktur layihələri vasitəsilə təsirini artırır. Bu isə Aİ-nin daxilində birlik və koordinasiyanı zəiflədir.
İttifaq daxilində parçalanma və yeni geosiyasi risklər
ABŞ-ın Avropa ölkələri arasındakı fikir ayrılıqlarını ustalıqla istifadə etməsi nəticəsində Trampın tariflərinə qarşı ümumi mövqe formalaşdırıla bilmədi. Çinlə ticarət məsələsində oxşar ssenarinin təkrarlanacağı gözlənilir — “ikinci Çin şoku” Avropa sənayesinə real təhlükə kimi qiymətləndirilir.
Üstəlik, Ukrayna məsələsində indiyədək nümayiş etdirilən birliyin də zəifləmək ehtimalı var. Slovakiya, Çexiya və bir neçə digər ölkədə prorusiya qüvvələrinin yüksəlişi bu qorxunu artırır.
Avropalılar özlərini hələ də qlobal cazibə mərkəzi hesab etsələr də, bu “yumşaq güc” kontinental təhlükəsizlik və rifah sayəsində mövcud olub. Əgər Avropa sərt güc tətbiq etmək iradəsini və imkanını tapa bilməsə, bu komfort gələcəkdə sual altına düşə bilər.
Poliqon.info