Avropada saatda 120 yemək bişirən ilk robot-aşpaz istifadəyə verilib...
Almaniyanın Düsseldorf şəhərində REWE supermarketində tam avtonom mətbəx fəaliyyətə başlayıb.
Poliqon xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki REWE supermarketində alıcılar artıq gələcəyin qida ticarəti ilə tanış olurlar — burada insan iştirakı olmadan işləyən tam avtonom mətbəx qurulub. Münhen mərkəzli Circus SE şirkəti özünün süni intellektlə idarə olunan CA-1 Series 4 sistemini quraşdıraraq, dünyada ilk tam avtomatlaşdırılmış mətbəxi istifadəyə verib.
Şüşə panellərlə əhatələnmiş bu kompakt “robot-mətbəx” yeməklərin hazırlanmasının bütün mərhələlərini, inqrediyentlərin seçilməsindən tutmuş bişirmə və avadanlığın yuyulmasına qədər tam avtomatik şəkildə yerinə yetirir. Mətbəxin idarəetmə prosesi Circus AI platforması vasitəsilə həyata keçirilir və bu sistem pərakəndə qida xidmətində avtomatizasiyanın yeni mərhələsini təmsil edir.
Artıq müştərilər restoran səviyyəsində təzə yeməkləri birbaşa mağazada sifariş edə bilirlər. Bir porsiyanın qiyməti altı avrodan başlayır, bişirmə prosesi isə cəmi bir neçə dəqiqə çəkir. Şirkətin məlumatına görə, robot saatda 120 yemək hazırlaya bilir, fasiləsiz işləyir və hər dəfə eyni keyfiyyət səviyyəsini qoruyur.
REWE Region West rəhbəri Lars Klayn bildirib: “Biz səmərəliliyi zövqlə birləşdiririk – alış-verişi gələcəyin təcrübəsinə çeviririk.” Yeni CA-1 modeli əvvəlki versiyadan 450 kq daha yüngüldür, maqnit tutacaqlarla təchiz edilib və təkmilləşdirilmiş induksiya istilik sistemi sayəsində bişirmə zamanı istiliyi daha dəqiq istiqamətləndirir.
Sensorlar yeməyin növünü müəyyənləşdirərək qarışdırma sürətini avtomatik tənzimləyir. Robot sifarişlər arasında qabları daxili yuma sistemi ilə müstəqil şəkildə təmizləyir və dezinfeksiya edir. Bütün proses şəffaf panel arxasında baş verir — iki mexaniki “aşpaz” sinxron şəkildə hərəkət edərək qarışdırır, ədviyyat əlavə edir və yeməyi təqdim edir.
Circus və REWE əməkdaşlığı Almaniyanın 16 000-dən çox mağazası olan şəbəkəni qida xidmətlərinin avtomatlaşdırılması sahəsində öncüllərdən birinə çevirib. Circus robot sistemlərini idarə edir, REWE isə məkan və infrastruktur təminatını həyata keçirir. Tərəflər bu layihənin asanlıqla genişlənə biləcəyini bildirirlər.
Sistem tələbatı proqnozlaşdıran alqoritmlərdən istifadə edərək yalnız lazım olan qədər yemək hazırlayır və bununla da qida tullantılarının azalmasına kömək edir. Sifarişlər sensor ekran və ya səsli komanda vasitəsilə qəbul olunur.
Hazırda Düsseldorfda ilk məntəqə fəaliyyət göstərir, lakin REWE yaxın vaxtlarda daha iki oxşar mətbəxin açılacağını açıqlayıb. Circus SE həmçinin universitetlər, xəstəxanalar və zavodlar üçün analoji sistemlərin quraşdırılmasını nəzərdən keçirir və Ukraynanın BRAVE1 proqramı ilə birgə hərbi sahədə avtonom sahə mətbəxlərinin sınaqlarını aparır.
Poliqon.info