Baş nazir Qaregin II və qardaşını hədəf aldı, kilsə daxilində “əxlaqi pozğunluq və korrupsiya”dan danışdı...
Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Erməni Apostol Kilsəsinin rəhbərliyinə, o cümlədən bütün ermənilərin katolikosu IIQareginə və onun qardaşı, Rusiya və “Yeni Naxçıvan” yeparxiyasının başçısı arxiyepiskop Ezras Nersisyanına qarşı sərt çıxış edib.
Paşinyan bu bəyanatları parlamentdəki nitqi zamanı səsləndirib və kilsə rəhbərliyini mənəvi dəyərləri tapdalamaqda, korrupsiya və mənəvi saxtakarlıqda ittiham edib.
Baş nazirin sözlərinə görə, bəzi din xadimləri dəbdəbəli həyat tərzi sürür, sərvətlərə və gizli ailə münasibətlərinə malikdirlər.
“Ruhaninin “Bentley”si var, üç arvadı, dörd sevgilisi var, hər ölkədə bir uşağı, qızıl-zinət əşyaları var və heç kimə hesabat vermir. Siz ağlınızı itirmisiniz? Və sonra bizi günühkar adlandırırlar. Güzgüyə baxıbsınızmı? Bu problemlər həll olunmalıdır. Ermənistan bu məsələləri həll etmədən inkişaf edə bilməz”, deyə Paşinyan bildirib.
Baş nazir Katolikosun qardaşı arxiyepiskop Ezras Nersisyanı “KQB agenti” adlandıraraq, kilsə rəhbərliyinin siyasi və şəxsi əxlaq məsələlərinə toxunub.
“Necə ola bilər ki, biz guya Katolikosun şəxsi həyatına qarışırıq? Katolikosun şəxsi həyatı ola bilərmi? Baş nazirin şəxsi həyatı yoxdur, amma Katolikosun var? İndi başlayacaqlar yepiskopların seksual azadlığını beynəlxalq konvensiyalarla müdafiə etməyə. Bu fikri müdafiə edənlər Ermənistanla heç bir əlaqəsi olmayan adamlardır. Deməli, onlar Ezrasın şəbəkəsinin üzvləridir. Biri KQB agenti, digəri isə müqəddəslərə qarşı əxlaqsız hərəkətlər edir və hamı susur. Bu artıq pozğunluğun son mərhələsidir”, deyə Paşinyan vurğulayıb.
Paşinyan daha sonra II Qareginə birbaşa suallar ünvanlayaraq onun ailə vəziyyəti və qardaşı ilə bağlı iddialara cavab verməsini tələb edib.
“O, qızı olub-olmadığını açıqlayıbmı? Qardaşının KQB agenti olması barədə izahat veribmi? Müqəddəs Eçmiədzində biri avara, digəri əxlaqi pozğunluğu içində olanlar rəhbərlik edir, biz isə susuruq? Mən bu müqəddəsliyi onlardan azad etmək üçün həyatımı qurban verərəm, tək qalsam da”, deyə baş nazir bəyan edib.
Paşinyanın çıxışı Ermənistan cəmiyyətində və kilsə dairələrində ciddi rezonans doğurub. Rəsmilər və ictimai fəallar bu bəyanatları “kilsəyə qarşı görünməmiş hücum” kimi qiymətləndiriblər, hökumət isə bunu “dini institutlarda şəffaflıq və hesabatlılıq tələbi” adlandırır.
Poliqon.info