Trampın sülh planına görə HƏMAS hakimiyyətdən imtina etməlidir, lakin bunun baş verib-verməyəcəyi regional güclərin iradəsindən asılıdır...
Poliqon Bild nəşrinə istinadən xəbər verir ki, Qəzza zolağında döyüş əməliyyatlarının dayandırılmasından sonra bölgənin gələcək idarəçiliyi Fələstin məsələsində əsas həlledici faktora çevrilib. ABŞ prezidenti Donald Trampın sülh planına əsasən, HƏMAS təşkilatı hakimiyyətdən uzaqlaşdırılmalı, onun yerinə mülki idarəçilik mexanizmi yaradılmalıdır. Lakin bu planın reallaşması birbaşa Qətər, Türkiyə və Misirin atacağı addımlardan asılıdır.
Mənbələrin bildirdiyinə görə, bu üç ölkə HƏMAS-a təzyiq göstərə, öz təhlükəsizlik qüvvələrini Qəzzaya göndərərək sektoru nəzarətə ala bilər. Belə olacağı təqdirdə, HƏMAS silahlı qanadının tərksilahı və təşkilat rəhbərlərinin sürgünə göndərilməsi mümkün ola bilər.
Lakin ekspertlər xəbərdarlıq edirlər ki, əgər ərəb və müsəlman ölkələri bu istiqamətdə kifayət qədər siyasi iradə nümayiş etdirməsələr, Qəzza yenidən Yaxın Şərqin “barıt çəlləyinə” çevriləcək. İsrailin müdafiə naziri İsrael Kats artıq HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edib. O, öldürülmüş girovların meyitlərinin təhvil verilməsindəki ləngiməni “təxribat” kimi qiymətləndirib.
Eyni zamanda, İsrailin baş naziri Binyamin Netanyahuya daxildən ciddi təzyiq göstərildiyi, müharibənin HƏMAS tam məhv olunana qədər davam etdirilməsinin tələb olunduğu bildirilir.
BILD qəzetinin baş redaktoru Paul Rontshaimer və siyasi şərhçi Filip Pyatov qeyd edirlər ki, Tramp administrasiyasının Yaxın Şərqdə sülh prosesi ilə bağlı işi hələ tamamlanmayıb. Onların sözlərinə görə, əgər beynəlxalq ictimaiyyət HƏMAS-ın Qəzzada yenidən güclənməsinə və tunel şəbəkəsini bərpa etməsinə imkan versə, yeni müharibə dalğası sadəcə zaman məsələsi olacaq.
İsrailin strateji dairələri də hesab edirlər ki, HƏMAS-ın bərpası regionda sabitliyin bərpasını mümkünsüz edəcək və hərbi əməliyyatların yenidən başlanması qaçılmaz olacaq.
Poliqon.info