Cərrahlar əməliyyat zamanı qız uşağının bədənində inkişaf edən əkizin skelet hissələrini və orqanlarını aşkarlayıblar...
Poliqon xəbər verir ki, Misirdə həkimlər 11 günlük yeni doğulmuş qız uşağının qarnından parazit əkizi çıxarmaq üçün nadir və mürəkkəb əməliyyat həyata keçiriblər. Bu barədə Need To Know nəşri məlumat yayıb.
Əməliyyat körpənin qarnında anormal şişkinlik müşahidə edildikdən sonra aparılan tibbi müayinə nəticəsində mümkün olub. Kompüter tomoqrafiyası zamanı uşağın qarın boşluğunda 8×6 santimetr ölçüsündə, içərisində skelet fraqmentləri olan bir kütlə aşkarlanıb.
Həkimlərin bildirdiyinə görə, bu, qız uşağının bircinsli (monozigot) əkizi olub. Əkiz embrion əsas orqanizmin daxilində formalaşaraq ondan qidalanıb və böyüyüb. Cərrahi müdaxilə zamanı əməliyyat qrupu kütlənin içərisində ətraflar, göbək ciyəsi və hətta bağırsaq strukturları aşkar edib.
Əməliyyatdan sonra körpənin vəziyyəti sabit qiymətləndirilir və onun həyatına heç bir təhlükə yoxdur. Həkimlər bildiriblər ki, bu hadisə “fetüs in fetu” (daxildə inkişaf edən döl) adlanan son dərəcə nadir tibbi anomaliyadır və dünyada çox az sayda belə hal qeydə alınıb.
Qeyd edək ki, oxşar hallar əvvəllər də müşahidə olunub. 2024-cü ilin mayında Rusiyada 66 yaşlı qadının bədənində anadangəlmə presakral kista aşkarlanmışdı — həkimlərin ehtimalına görə, bu, tam inkişaf etməmiş embrionun qalığı idi. Bir il öncə Hindistanın Naqpur şəhərində 36 il ərzində qarnında əkizini daşıyan kişi ilə bağlı hadisə dünya mediasında geniş rezonans doğurmuşdu.
Mütəxəssislər hesab edirlər ki, belə hallar adətən erkən embrional mərhələdə iki dölün birləşməsi nəticəsində yaranır və yalnız müasir görüntüləmə texnologiyalarının köməyi ilə vaxtında aşkarlanır.
Poliqon.info