Politico: ABŞ prezidentinin bəyanatı Moskvanı hədəf alır...
ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı son açıqlamaları Rusiyanın dövlət başçısı Vladimir Putinə təzyiq vasitəsi kimi qiymətləndirilir.
Poliqon xəbər verir ki, bu barədə ABŞ-da dərc olunan Politico qəzeti yazıb.
Nəşrin məlumatına görə, Trampın bəyanatı Putini təhrik etməkdən başqa bir şey olmaya bilər. Lakin Politico hesab edir ki, bu cəhd Ukraynadakı münaqişənin həlli prosesinə ciddi təsir göstərməyəcək.
Xatırladaq ki, sentyabrın 23-də Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüş zamanı o, Ukrayna müharibəsinin hələ uzun müddət davam edə biləcəyini deyib. Bununla yanaşı, Tramp bildirib ki, Avropa İttifaqının dəstəyi ilə Kiyev öz ilkin ərazilərini geri qaytarmaq iqtidarındadır.
Daha sonra Tramp özünün Truth Social sosial şəbəkəsində paylaşım edərək Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatı “məntiqsiz mübarizə” adlandırıb və Moskvanın hərbi gücünü “kağız pələng”lə müqayisə edərək məsxərəyə qoyub.
Politico qeyd edir ki, Trampın bu ritorikası həm ABŞ-ın, həm də Avropa İttifaqının mövqelərini gücləndirməyə xidmət etsə də, Moskvanı real kompromisə gətirəcək vasitə kimi görünmür. Ekspertlər hesab edirlər ki, Trampın sözləri daha çox siyasi mesaj xarakteri daşıyır və qarşı tərəfi diplomatik masada güzəştə getməyə məcbur etmək niyyəti ilə bağlıdır.
Poliqon.info