Makronun komandasında müşavirlər və nazirlik əməkdaşları postlarını tərk etməyə hazırlaşır...
Poliqon xəbər verir ki, Fransada siyasi böhran fonunda hökumət daxilində narazılıq artır. Financial Times yazır ki, baş nazirin istefasından sonra prezident Emmanuel Makronun komandasında ab-hava “müəmmalı dərəcədə gərgin və qaranlıq” olub. Məlumata görə, Nazirlər Kabinetinə bağlı çoxsaylı müşavirlər və məsləhətçilər hökuməti tərk etməyə hazırlaşır və artıq yeni iş axtarışına başlayıblar.
Nəşrin mənbələrinin bildirdiyinə görə, bir çox dövlət qulluqçuları və siyasi köməkçilər son günlər ərzində fərdi CV-lərini müxtəlif şirkətlərə və təşkilatlara göndəriblər. Bu tendensiya Makron hökumətinin daxilində dərin siyasi və institusional qeyri-sabitliyin göstəricisi kimi qiymətləndirilir.
Fransa mətbuatı yazır ki, hökumət daxilində yaranmış vəziyyət bir sıra yüksək vəzifəli rəsmilərin istefa qərarlarını sürətləndirə bilər. France24 telekanalının məlumatına görə, daxili işlər naziri vəzifəsini icra edən Bryuno Retayo artıq yeni hökumətdə yer almaqdan imtina edib. O, müdafiə naziri Sebastyan Lekornyenin yenidən formalaşdırdığı kabinetə daxil olmaq istəmədiyini açıq şəkildə bildirib.
Retayonun təmsil olunduğu Respublikaçılar Partiyası da hökumətə qoşulmaqdan imtina edərək Makronun rəhbərlik etdiyi mərkəzçi blokla əməkdaşlığa qarşı çıxır.
Ekspertlər hesab edirlər ki, Makronun qarşısında duran əsas problem hazırda sabit koalisiya formalaşdırmaqdır. Parlamentdə çoxluğun itirilməsi, ictimai etimadın azalması və partiyalararası parçalanma ölkənin siyasi sistemində yeni böhran mərhələsinə yol açıb.
Poliqon.info