Hökumətə fövqəladə tədbirlər planı hazırlanması tapşırılıb, neft tədarükü və enerji qənaəti əsas prioritetlər kimi müəyyən edilib...
Cənubi Koreya prezidenti Li Çje Myon hökumətə mümkün yanacaq böhranının ən pis ssenarisinə uyğun tədbirlər hazırlamaq barədə göstəriş verib.
Poliqon xəbər verir ki, bu barədə Yonhap Agentliyi məlumat yayıb.
Prezident hökumət iclasında çıxışı zamanı bildirib ki, Yaxın Şərqdə vəziyyətin uzanması ehtimalı nəzərə alınaraq bütün planlaşdırma ən neqativ inkişaf variantı əsasında aparılmalıdır. Onun sözlərinə görə, zərurət yaranarsa, ixraca nəzarət tədbirləri tətbiq oluna və atom elektrik stansiyalarının istismar müddəti uzadıla bilər.
Li Çje Myon nazirləri alternativ mənbələrdən xam neft tədarükünün təmin edilməsi üçün diplomatik səyləri gücləndirməyə çağırıb. Eyni zamanda, ölkə daxilində enerji istehlakının azaldılması məqsədilə konkret qənaət tədbirlərinin hazırlanması tapşırılıb. Bu çərçivədə benzinə tələbatın azaldılması üçün avtomobillərin istifadəsinin dövlət nömrə nişanlarına əsasən məhdudlaşdırılması təklif edilib. Təklifə əsasən, məsələn, bazar ertəsi günləri sonu 1 və 6 ilə bitən avtomobillərin istifadəsi qadağan edilə bilər, çərşənbə axşamı isə 2 və 7 ilə bitən nömrələrə məhdudiyyət tətbiq oluna bilər. Daha sərt rejimdə isə müəyyən tarixlərdə konkret nömrələrlə bitən avtomobillərin istifadəsi tam məhdudlaşdırıla bilər.
Prezident həmçinin bildirib ki, hökumət sosial baxımdan həssas əhali qruplarını və ixrac yönümlü şirkətləri dəstəkləmək üçün əlavə büdcə paketini operativ şəkildə hazırlamalıdır. Onun sözlərinə görə, bu təşəbbüslər parlamentə təqdim edilən kimi dərhal müzakirəyə çıxarılmalı və qısa müddətdə qərarlar qəbul edilməlidir.
Ekspertlər hesab edirlər ki, bu cür qabaqlayıcı tədbirlər enerji bazarlarında mümkün dalğalanmaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək məqsədi daşıyır və regional geosiyasi risklərin artdığı bir dövrdə strateji əhəmiyyət kəsb edir.
Poliqon.info