ABŞ-nin sabiq prezidenti Yaxın Şərqdə atəşkəsin bərpasında Trampın rolunu yüksək qiymətləndirib...
Poliqon xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden İsrail ilə Fələstin hərəkatı HƏMAS arasında atəşkəs razılaşmasının əldə edilməsində göstərdiyi səylərə görə hazırkı prezident Donald Trampa təşəkkür edib. Bayden bu barədə sosial şəbəkə X-də paylaşım edib.
“Prezident Trampa və onun komandasına atəşkəsin yenilənməsi razılaşmasını başa çatdırmaqda gördükləri işə görə təşəkkürümü bildirirəm”, deyə Bayden yazıb. O, həmçinin qeyd edib ki, girovların azad olunması istiqamətində aparılan işlərin bir hissəsi onun prezidentliyi dövründə formalaşmış ABŞ administrasiyasının səyləri nəticəsində mümkün olub.
Baydenin sözlərinə görə, indi ABŞ-ın və beynəlxalq ictimaiyyətin dəstəyi ilə Yaxın Şərq “sülh yoluna qədəm qoyub”. Sabiq prezident həm israillilərin, həm də fələstinlilərin “davamlı və ədalətli sülh şəraitində” yaşaya biləcəyi gələcəyə ümid etdiyini bildirib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında imzalanmış son razılaşma bölgədə bir neçə aylıq intensiv döyüş əməliyyatlarından sonra əldə olunub. Razılaşmaya əsasən, tərəflər qarşılıqlı şəkildə hərbi əməliyyatları dayandırmaq və əsirlərin mübadiləsinə başlamaq barədə razılığa gəliblər.
Poliqon.info