Erməni din xadimi: Arşak məsələsi həll olunmasa, Katolikosun istefası gündəmdən çıxmayacaq...
Poliqon xəbər verir ki, Ermənistan Apostol Kilsəsinin Kotanık (Kotayk) yeparxiyasının rəhbəri, arxiyepiskop Arakel Karamyan “News.am” portalına müsahibəsində Katolikos II Qareginlə bağlı artan narazılıq və Arxiyepiskop Arşak Xaçatryan ətrafında yaranan kilsədaxili böhran barədə sərt açıqlamalar verib. Erməni din xadiminin sözlərinə görə, Arşakın törətdiyi iddia olunan “müqəddəsliyə xainlik” və böyük günahdlr, buna görə də kilsə rəhbərliyi tərəfindən yüngülləşdirilə bilməz və bu məsələ artıq bir çox yeparxiya rəhbərləri arasında ciddi narahatlıq doğurub.
Karamyan bildirib ki, onlar bir ay boyunca Katolikosu arxiyepiskop Arşak məsələsini həll etməyə çağırıblar və ilkin mərhələdə sərt cəza belə tələb etməyiblər.
“Biz heç onu rütbədən salmağı istəmirdik. Deyirdik ki, əgər mümkündürsə, 5–6 aylıq xidmətinə fasilə verilsin, getsin, tövbə etsin, kilsəyə qayıtsın”, deyə Karamyan vurğulayıb.
Arxiyepiskop deyir ki, əvvəlcə Katolikos hadisənin reallığını şübhə altına alıb, lakin faktlar araşdırıldıqdan sonra bunun gerçək olduğu üzə çıxıb. Katolikos xüsusi komissiya yaradıb və ekspertiza təyin edib, lakin nəticələr təqdim olunanda onları qəbul etməyib: “Katolikos dedi ki, bu ekspertiza mənim üçün heç nə ifadə etmir. Mən Arşakı uzaqlaşdıra bilmərəm. Arşakı uzaqlaşdırmaq, Ermənistan Kilsəsini dağıtmaq deməkdir”.
Karamyan isə bir çox din xadimlərinin bununla qəti razılaşmadığını qeyed edib.
“Əgər kilsə bir Arşağa görə dağılmalıdırsa, qoy dağılsın. Əgər Katolikos belə düşünürsə, deməli, o, günahı qoruyur. Bunu bir çox yepiskoplar qəbul etmədi”, deyə erməni din xadimi vurğulayıb.
Arxiyepiskopun sözlərinə görə, hədəfləri Katolikosun devrilməsi deyil, məqsəd günahın böyüməsinə son qoymaqdır.
“Biz başqa heç nə istəmirik. Heç bir ruhani Ermənistan Kilsəsinə qarşı çıxmır. Sadəcə görürük ki, günah qar topu kimi böyüyür. Bu qar topu yalnız günahın dərk edilməsi, tövbə və paklıqla əriyəcək”, deyə Karamyan bildirib.
Karamyan əlavə edib ki, əgər Katolikos vəziyyəti özü həll etsə, onun istefası gündəmdə olmayacaq. Lakin problem həll olunmasa, kilsə daxilində narazılığın artacağı qaçılmaz görünür.
Poliqon.info