Dövlət Departamenti bildirib ki, Amerika əleyhinə nifrət yayan şəxslər ölkəyə buraxılmayacaq...
Poliqon xəbər verir ki, ABŞ Dövlət Departamenti sosial şəbəkələrdə konservativ fəal Çarli Kirkın qətli ilə bağlı sevincli paylaşımlar edən ən azı altı əcnəbinin vizasını ləğv edib. Rəsmi açıqlamada vurğulanır ki, Amerika “öz vətəndaşlarının ölümünə sevinən” insanları ölkədə qəbul etmək məcburiyyətində deyil.
Departamentin sosial şəbəkə “X”dəki səhifəsində yayılan bəyanatda qeyd olunur: “ABŞ, amerikalıların ölümünə arzu və ya sevinclə reaksiya verən əcnəbiləri qəbul etməyə borclu deyil”.
Məlumata görə, vizaları ləğv edilən şəxslər Argentina, CAR (Cənubi Afrika Respublikası), Meksika, Braziliya, Almaniya və Paraqvay vətəndaşlarıdır. Dövlət Departamenti bu addımın “ABŞ-da arzuolunmaz hesab edilən xarici vətəndaşların yalnız bir neçə nümunəsi” olduğunu bildirib.
Xatırladaq ki, 31 yaşlı Çarli Kirk 10 sentyabrda Yuta Vadisi Universitetində çıxışı zamanı odlu silahla qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs Yuta ştatının sakini Tayler Robinson olub. Robinson Kirkın siyasi baxışlarını sərt tənqid edən şəxs kimi tanınıb.
Kirkın vida mərasimi on minlərlə insanın, o cümlədən ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutub. 14 oktyabrda, Kirkın doğum günündə, Tramp onu ölümündən sonra ABŞ-ın ali mükafatlarından biri — Prezident Azadlıq Medalı ilə təltif edib.
Polion.info