ABŞ Mərkəzi Komandanlığının rəhbəri mümkün hərbi ssenarilərlə bağlı prezidentə məruzə edib...
Poliqon xəbər verir ki, ABC News telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Bred Kuper prezident Donald Trampa İranla bağlı mümkün hərbi əməliyyat variantlarını təqdim edib. Bildirilir ki, brifinq fevralın 26-da keçirilib və görüşdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn də iştirak edib.
Mənbələrin sözlərinə görə, təqdim olunan variantlar İran ərazisinə potensial zərbələrdən tutmuş, daha genişmiqyaslı hərbi ssenarilərə qədər müxtəlif seçimləri əhatə edib. Bununla yanaşı, Respublikaçılar Partiyasının bəzi nümayəndələri və Trampın bir sıra müşavirləri qeyri-rəsmi müzakirələrdə əsas zərbənin ABŞ tərəfindən deyil, İsrail tərəfindən endirilməsinin daha məqsədəuyğun olacağını bildiriblər. Mənbələr mümkün ABŞ-İsrail birgə əməliyyatı ehtimalını da istisna etməyiblər.
Qeyd olunur ki, sözügedən görüş ABŞ ilə İran arasında Cenevrədə keçirilən növbəti dolayı danışıqlardan sonra baş tutub. Tərəflər danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bəyan edərək, texniki məsləhətləşmələrin gələn həftə Vyanada davam etdirilməsi barədə razılığa gəliblər. İranın xarici işlər naziri Abbas Əraqçi prosesin davam etdiriləcəyini açıqlayıb.
Eyni zamanda, İran hökumətinin İnformasiya Şurasının rəhbəri İlyas Həzrəti Tehranın Vaşinqtonun irəli sürdüyü bəzi tələbləri qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, İran tərəfi danışıqlarda milli maraqlar çərçivəsindən kənara çıxmayacaq və birtərəfli güzəştlərə getməyəcək.
Müşahidəçilər hesab edirlər ki, Vaşinqtonun hərbi variantları masada saxlaması diplomatik prosesə təzyiq aləti kimi qiymətləndirilə bilər. Bununla belə, regionda mümkün eskalasiya riskləri və İsrail amili vəziyyəti daha da həssas edir.
Poliqon.info