Sanksiyalar fonunda daşımaların dayanması Karakasın ağır neft ixracına ciddi təsir göstərə bilər...
Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sanksiya altında olan tankerlərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı göstərişindən sonra Rusiya naftasının Venesuelaya ixracının artımı təhlükə altına düşüb. Reuters Agentliyinin yazdığına görə, Venesuela özünün son dərəcə ağır xam neftini durultmaq üçün naftaya ciddi şəkildə ehtiyac duyur. Bu maddə neftin daşınmasını və emalını xeyli asanlaşdırır.
Məlumata görə, Venesuela bu ilin iyul ayından etibarən Rusiya mənşəli nafta idxal etməyə başlayıb. Buna səbəb ABŞ sanksiyaları nəticəsində ölkənin əvvəlki amerikalı tədarükçülərdən idxal imkanlarının bağlanması olub. Yeni şəraitdə Rusiya Venesuela üçün əsas alternativ mənbəyə çevrilib.
Lakin ticarətçilər bildirirlər ki, Rusiya naftasının Venesuelaya çatdırılmasında sanksiya altında olan gəmilərdən istifadə edilməsi daşımalar üçün ciddi risk yaradır. Bu cür gəmilərin sığortalanması, limanlara buraxılması və yüklərin boşaldılması ilə bağlı problemlər səbəbindən tankerlər yeni alıcılar tapmaq ümidi ilə marşrutlarını dəyişə bilərlər.
Artıq bu risklər praktikada özünü göstərməyə başlayıb. Belə ki, Benin bayrağı altında üzən və təxminən 32 min ton Rusiya naftası daşıyan “Boltaris” tankeri ötən həftənin sonlarında Venesuelaya çatmadan geri dönüb. Gəmi yükü boşaltmadan istiqamətini dəyişərək Avropaya doğru hərəkət etməyə başlayıb.
Analitiklərin fikrincə, bu cür hallar davam edərsə, Venesuelanın ağır neft hasilatı və ixracı üçün zəruri olan texnoloji proseslər ciddi çətinliklərlə üzləşə bilər. Eyni zamanda, Rusiya üçün də yeni sanksiya məhdudiyyətləri fonunda nafta ixracında alternativ bazarların tapılması getdikcə daha mürəkkəb hala gəlir.
Poliqon.info