London ABŞ-nin xahişi ilə beynəlxalq missiyaya general-mayor səviyyəsində qoşulub...
Poliqon xəbər verir ki, Böyük Britaniya İsraildə Qəzza sektorundakı atəşkəs rejiminə nəzarət məqsədilə yaradılmış beynəlxalq missiyaya hərbi kontingent göndərib. Sky News-un məlumatına görə, Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Hili ABŞ-ın xahişi ilə general-mayor rütbəli zabitin bu missiyanın rəhbəri təyin edildiyini bildirib.
Britaniya general-mayoru ABŞ komandanlığı altında fəaliyyət göstərəcək və bölgədəki hərbi-sivil koordinasiya mərkəzində amerikalı komandanın müavini olacaq. General-mayorun adı açıqlanmayıb. Nazir Con Hili qeyd edib ki, London “regionda sülhün bərpasına əhəmiyyətli töhfə verməyə” qərarlıdır.
Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs rejimi 10 oktyabr tarixindən etibarən qüvvədədir. Lakin tərəflər bir-birini dəfələrlə razılaşmanı pozmaqda ittiham ediblər. ABŞ tərəfi HƏMAS-ın hərəkətləri səbəbindən sülh prosesinin pozulmaq təhlükəsi barədə xəbərdarlıq edib, lakin fələstin hərəkatı bu iddiaları rədd edib. İsraildə isə razılaşmanın icrasına nəzarət üçün xüsusi komanda mərkəzi fəaliyyət göstərir.
Poliqon.info