Elm adamları Krakatau, Tunquska və 2022-ci il Tonqa vulkanını Yer tarixinin ən gurultulu səsləri edirlər…
Poliqon xəbər verir ki, musiqi konsertləri, fişənglər və stadionlarda izdihamın gurultusu insanın eşitmə qabiliyyətinə zərər verə biləcək səviyyəyə çatsa da, Yer üzündə qeydə alınmış ən güclü səs hələ də alimlər arasında müzakirə mövzusudur. Live Science nəşri yazır ki, cavab həm tarixi məlumatlara, həm də müasir ölçmə cihazlarının imkanlarına bağlıdır.
Adi halda insanlar maksimum 140 desibelədək səslərə dözə bilir. 85 desibeldən yuxarı səslərin uzun müddət dinlənilməsi eşitmə itkisi yarada, 110 desibellə cəmi iki dəqiqəlik təmas belə qulaq zədələnməsinə səbəb ola bilər. Müqayisə üçün: tozsoran 75, benzinli mişar 110, reaktiv mühərrik isə təxminən 140 desibel səs yaradır.
Tarixdə ən gurultulu hadisə hesab olunan 1883-cü il Krakatau vulkan püskürməsi o qədər güclü idi ki, səsləri 3000 kilometrdən uzaqda eşidilmişdi. 160 kilometr məsafədə gurultu təxminən 170 desibelə çatır, 64 kilometrdə isə qulaq pərdəsini cıracaq qədər güclü olurdu. Müasir hesablamalar Krakatau partlayışının 310 desibel civarında ola biləcəyini göstərir. Bu halda səs dalğaları adi səs kimi deyil, təzyiq cəbhəsi, şok dalğası kimi yayılır.
Lakin Almaniyanın Ahen Texniki Universitetindən olan tədqiqatçı Mixael Forlender bildirir ki, Krakatau püskürməsinin dəqiq səs gücünü bilmək mümkün deyil, çünki partlayışa kifayət qədər yaxın məsafədə real ölçmə aparılmayıb.
Digər namizəd 1908-ci ildə Sibirin üzərində baş verən Tunquska meteoritinin partlayışıdır. Hadisə yüzlərlə kvadrat kilometr ərazidə meşələri yerə sərmiş, şok dalğası isə bütün dünyanı dolaşmışdı. Tədqiqatçılar həmin partlayışın 300–315 desibel gücündə ola biləcəyini ehtimal edir. Lakin bu göstəricilər çox uzaqdan götürülən qeydlərə əsaslandığından tam dəqiq deyil.
Müasir ölçmə cihazlarının məlumatlarına əsaslanarsa, Yer tarixində ən gurultulu səs 2022-ci ildə Tonqa yaxınlığında baş vermiş Hunga-Tonga-Hunga-Haapai vulkan püskürməsi ilə bağlıdır. Alyaska Universitetindən Devid Fi bildirir ki, bu püskürmə nəticəsində yaranan səs dalğası Yer kürəsini bir neçə dəfə dolaşıb və minlərlə kilometr məsafədən eşidilib. Alimlərin ölçmələrinə görə, səs 68 kilometr məsafədə belə təxminən 265 desibel olub — püskürmə nöqtəsinə daha yaxın sahələrdə isə bu rəqəmin daha yüksək olduğu ehtimal edilir.
Poliqon.info