Venesuelanın Ali Məhkəməsi hazırkı dövlət başçısı Nikolas Maduronun qalibi elan edildiyi prezident seçkilərinin nəticələrini tanıyıb...
Poliqon xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Qarisliya Rodriges məlumat verib və iclası “Venezolana de Television” kanalı canlı yayımlayıb.
“Ekspert rəyinə, eləcə də milli və beynəlxalq ekspertlərin hazırladığı hesabata əsasən Milli Seçki Şurası tərəfindən dərc edilmiş 28 iyul prezident seçkilərinin nəticələri təsdiqlənir. bu seçkilərdə yenidən namizədliyi irəli sürülən vətəndaş Nikolas Maduronun Venesuela Bolivar Respublikasının Prezidenti seçilib”, deyə xanım Rodriges bildirib.
Ali Məhkəmənin Seçki Palatası seçki məntəqələrinin protokollarını və keçmiş prezidentliyə namizədlərdən və siyasi partiyalardan daxil olan digər sənədləri araşdırıb. Qərb ölkələrinin seçkinin qalibi hesab etdiyi müxalifət namizədi Edmundo Qonzales Urrutiyanın Ali Məhkəmənin seçki palatasına gəlmədiyi və quruma lazımi sənədləri təqdim etmədiyi iddia edilir.
İyulun 29-da Venesuela hakimiyyəti Nikolas Maduronun prezident seçkilərində qalib gəldiyini elan edib. Bu, onun ardıcıl üçüncü müddətdir. Bundan sonra Karakasda kütləvi etirazlar başlayıb və bu etirazlar zamanı mindən çox insan saxlanılıb. Latın Amerikasının doqquz ölkəsi səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edib. ABŞ təkrar seçkilərə çağırıb.
Poliqon.info