Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uçdu göylərə bizim kosmonavt

Etibar Cəbrayıloğlu yazır...

Yuri Qaqarin insanların yolunu kosmosa açdı. 1961-ci il aprelin 12-də onun “Vostok” gəmisində göydə 108 dəqiqə dövrə vurması və sağ-salamat yerə qayıtması bütün dünyada möcüzə kimi qəbul olundu.

Aradan ötən bu illər ərzində kosmosa uçmaq, günlərlə, həftələrlə, hətta aylarla orda qalmaq artıq adi hala çevrilib. İndi dünyada bir balaca pulu çox olan milyarderlər də turist kimi göyü gəzib gələ bilirlər.

Bizim milli pullularımız da yəqin yerdə işlərini qaydaya qoyandan sonra gələcəkdə göyə səfər edərlər. Amma ona qədər əvvəlcə gərək milli kosmonavtlarımızı kosmosa göndərək. Kosmonavtika günündə bir anlıq elə təsəvvür edək ki, xəyalımız gerçək olub, Qaqarinin azərbaycanlı davamçısına skafandr geyindirib göyə yola salırıq. Bilirəm, bəzi oxucular dodaq büzəcək, “Biz hara, kosmos hara?”-deyənlər də olacaq. Mübahisənin yeri deyil, mən yazan kimi azərbaycanlı kosmonavt pencəyini də götürüb göyə uçmadı ki? Gündə min xəyal qururuq, bu da olsun min birinci...

Deməli belə... Hava limanının geniş və işıqlı zalı. Muğam triosu bir kənarda xalq mahnıları ifa edir, meyxanaçılar təzə qafiyə tutur:

Sənə qışda nə lazımdı marojna,

Göyə uçmaq Ağabalaya palojna...

Balaca rəqqaslar növbələrini gözləyir. Məktəblilərin pafosla dediyi şeir alqışlarla qarşılanır:

Uçdu göylərə bizim peykimiz,

Söylədi yerə- “Yol gedirik biz”

Reportyorlar, kameramanlar ilk kosmonavtımızı əhatəyə alıblar, ağız deyəni qulaq eşitmir, suallar yağış kimi yağır:

- Hansı bürcdənsiniz?

- Bir də doğulsaydınız kosmonavt olardınızmı?

- Hansı yeməkləri xoşlayırsınız?

- Cennifer Lopez, yoxsa Rəqsanə? Messi, yoxsa Ədalət Şükürov?

Anası kosmonavtımızın əlindən möhkəm yapışıb, göz yaşı dayanmır:

- Anan ölsün, göydə havaya etibar yoxdu, əynini qalın elə. Yeməyinə fikir ver, aman bala. Torbada dolma da, kotlet də var, toyuğun yumşaq yerlərindən qızartmışam. Dovğa əsl sən istəyəndəndir, noxudu boldur. Çatan kimi xəbər elə, aman bala...

Atası özünü təmkinli aparmağa çalışsa da, həyəcanını gizlədə bilmir:

- Oralarda yaxşı siqaret rastına çıxsa 5-6 blok götür gəl. Burdakıları çəkmək olmur, zəhrimar kimidirlər. Pul-para varındır?

Qardaşı kosmonavtın yanında fəxrlə durub kameralara poz verir. Sakitcə qardaşının qulağına pıçıldayır:

- Müdirim paxıllıqdan bu gün partlamasa yaxşıdır. Görüm bundan sonra mənə nə söz deyə biləcək, qardaşım dağ kimi durub arxamda. İnşallah, sağ-salamat qayıt, maşınımı təzələyək, dost var, düşmən var.

Yolasalma mərasiminə toplaşan jurnalistlərə özünü kosmonavtımızın uşaqlıq dostu kimi təqdim edən arıq, balacaboy adam fürsət tapıb onu kənara çəkir:

- Yadındadır da, uşaq vaxtı sən tramvay sürücüsü olmaq istəyirdin, mən də kosmonavt... Səndə bizim rayonun icra başçısının, deputatın telefon nömrəsi olar da yəqin, sonbeşik gədəyə iş tapa bilmirəm neçə vaxtdır. Energetika kollecini bitirib, sən desən məhləmizdəki poliklinikaya baş həkimdən-zaddan götürərlər də.

Elə bu vaxt hava limanının zalında hay-küy düşür, hündürboy, təxminən 180 kilo çəkisi olan biri jurnalistləri tapdalayaraq kosmonavta yaxınlaşır. Onu necə möhkəm qucaqlayırsa kosmonavtımızın sümüklərinin şıqqıltısını kənardakı meyxanaçılar da eşidir:

- Tanımadın? Yaxşı ələ, yaxşı ələ, məzələnmə. 25 il əvvəl metroda “İnşaatçılar”dan “Memar Əcəmi”yə qədər bir vaqonda getməyimiz nə tez yadından çıxdı? Sən qardaşına yaxşı qulaq as, getmişkən orda bir maraqlan, gör kosmosda torpağın sotu neçəyədir, bələdiyyə-filan nə deyir, nə qədər oxuyur? Hər halda burdan ucuz olar, babat bir yer götür iki qardaş işlədək də...

Bir az sonra uniformalı iki nəfər kosmonavtımızı yola salmağa gələn dəstədən ayırıb kosmodroma uçacaq təyyarəyə tərəf aparır. Anasının səsi zalı başına götürür:

- Anan ölsün, özündən muğayat ol, əynini qalın elə. Kələm dolması ilə yarpaq dolmasını ayrı-ayrı qazanlara qoymuşam, qarışdırma, aman bala.

Təbii ki, bütün bunlar bir xəyaldır. Amma gözdə-qulaqda olaq, Kosmonavtika günü bir də gördük azərbaycanlı kosmonavt göyə uçdu. Həyatda azmı xəyallar gerçək olur?

Poliqon.info


Etiket: kosmonavt


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar