Tramp qalib gələrsə, ABŞ-da TikTok-a girişi təmin edəcəyinə söz verib...
Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələrsə, TikTok-u “xilas edəcəyinə” və amerikalıların bu sosial şəbəkəyə çıxışını təmin edəcəyinə söz verib.
Poliqon xəbər verir ki, bu barədə siyasətçi özünün “Truth Social” şəbəkəsində yazıb.
“TikTok-u ABŞ-da saxlamaq istəyən hər kəsə müraciət edirəm. Bu platformanı sevirsinizsə, Trampa səs verin. Əgər TikTok və ya ölkəmizin təhlükəsizliyi ilə maraqlanmırsınızsa, millətimizi məhv edəcək marksistləri dəstəkləyə bilərsiniz”, deyə Tramp bildirib.
Tramp rəqiblərinin ABŞ-da TikTok-u qadağan etmək niyyətində olduğunu da vurğulayıb. Tramp hesabının təxminən 11 milyon izləyicisi olan bu platformada “böyük ulduza” çevrildiyini də xatırladıb.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi TikTok-a qarşı məhkəmə iddiası qaldıraraq şirkətin 13 yaşından kiçik uşaqlardan şəxsi məlumatları valideynlərinin razılığı olmadan topladığını və bunun qanun pozuntusu olduğunu qeyd edib.
Amerika səlahiyyətliləri hesab edir ki, sosial şəbəkə qanundan yan keçərək 13 yaşdan kiçik uşaqlara hesab yaratmağa icazə verib və hətta “uşaq rejimində” tətbiq şəxsi məlumatları toplayıb.
Qeyd olunur ki, TikTok nümayəndələri hesabın böyüklərə, yoxsa uşağa aid olduğunu yoxlamaq üçün beş-yeddi saniyə sərf ediblər.
Poliqon.info