Vaşinqton Tehranın kütləvi etirazları sərt şəkildə yatırmasına cavab variantlarını nəzərdən keçirir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin kütləvi etirazları zorakılıqla yatırmasına cavab olaraq Vaşinqtonun hansı təsir tədbirləri görəcəyini “dəqiq bildiyini” açıqlayıb. Bununla belə, ABŞ lideri qeyd edib ki, yekun qərar hələ qarşıdakı mərhələdə qəbul olunacaq və hazırda bu barədə ətraflı məlumat vermək niyyətində deyil. Tramp ABŞ-nin İrana qarşı hərbi üsullara əl atıb-atmayacağını və ya etirazçılara başqa yollarla, o cümlədən kiberəməliyyatlar vasitəsilə dəstək göstərəcəyini açıqlamaqdan imtina edib.
Donald Tramp bu açıqlamanı Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə ünsiyyəti zamanı səsləndirib. “Mən dəqiq bilirəm ki, bu nə olacaq. Biz qərar qəbul etməliyik. Amma açıq-aşkar şəkildə sizə bizim növbəti addımlarımız barədə danışa bilmərəm”, – deyə o bildirib.
ABŞ prezidenti eyni zamanda İran hakimiyyətini etirazçılara qarşı humanist davranmağa çağırıb. Onun sözlərinə görə, İran rəhbərliyi ciddi problemlərlə üz-üzədir.
“Ümid edirəm ki, onlar insanları öldürməyəcəklər. Mənə elə gəlir ki, onlar çox pis davranırlar, amma bu hələ tam təsdiqlənməyib”, deyə Tramp əlavə edib.
Qeyd olunur ki, İranda etirazlar paytaxtda sahibkarların milli valyutanın kəskin ucuzlaşması və qiymətlərin artması ilə bağlı keçirdikləri tətildən sonra başlayıb. Qısa müddət ərzində iğtişaşlar ölkənin əksər iri şəhərlərinə yayılıb. Kütləvi informasiya vasitələri etirazçılarla polis arasında toqquşmalar, eləcə də ölənlərin olması barədə məlumatlar yayıb. Donald Tramp daha əvvəl ABŞ vətəndaşlarını və müttəfiqləri İrandan çıxmağa çağırıb, Vaşinqtonun etirazçılara dəstəyinin “artıq yolda olduğunu” bəyan edib.
Poliqon.info