ABŞ prezidenti adanın “dostcasına udulması” variantını nəzərdən keçirir...
Donald Tramp İrandan və Venesueladan sonra növbəti geosiyasi hədəf kimi Kubanı görür.
Poliqon xəbər verir ki, bu barədə The Atlantic nəşri Ağ Evdəki mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Vaşinqton Kubanın “dostcasına udulması” istiqamətində addımlar atmağı nəzərdən keçirir. ABŞ prezidenti ötən cümə günü verdiyi açıqlamada bu ssenarini istisna etmədiyini bildirib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio artıq Kuba hakimiyyəti ilə “çox yüksək səviyyədə” danışıqlar aparır və mümkün razılaşmanın əldə olunması üzərində işləyir.
Məqalədə qeyd edilir ki, Tramp üçün Kuba məsələsi həm siyasi, həm də şəxsi ambisiya xarakteri daşıyır. Ağ Ev rəsmiləri və prezidentə yaxın şəxslər bildiriblər ki, Tramp özünü müasir ABŞ tarixində “digərlərinin yalnız toxunduğu məsələləri sona çatdırmağa cəsarət edən ilk prezident” kimi görür.
Administrasiya rəsmilərindən biri nəşrə açıqlamasında deyib ki, prezident hazırkı vəziyyəti özünün siyasi üstünlüyü kimi qiymətləndirir və həyata keçirdiyi siyasətin nəticə verdiyinə inanır. Onun fikrincə, ardıcıl xarici siyasət təşəbbüsləri ABŞ-nin qlobal təsir imkanlarını genişləndirir və uzun illər davam edən qarşıdurmaların başa çatdırılmasına şərait yaradır.
Mənbələrin sözlərinə görə, Trampın əsas məqsədi dünya siyasi xəritəsində ciddi dəyişikliklərə imza atan lider kimi tarixə düşməkdir. O hesab edir ki, həyata keçirdiyi transformasiya siyasəti onun siyasi irsini keçmiş prezidentlər, o cümlədən Ronald Reyqan, Cimmi Karter və Riçard Nikson ilə müqayisədə daha yüksək mövqeyə daşıya bilər.
Ağ Evə yaxın dairələr bildirirlər ki, Kuba istiqamətində mümkün razılaşma yalnız regional deyil, həm də qlobal miqyasda ciddi siyasi rezonans doğura bilər və ABŞ-nin Latın Amerikası siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Poliqon.info