Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sovet nazirinin harın oğlu – Əyləncə düşkünü olması Nosenkonu casus olmağa sövq edib

DTK-da da Yuri Nosenko köhnə əməllərindən əl çəkməyib, o, həmkarlarına yuxarıdan aşağı baxıb...

O, zəngin, tanınmış, uğurlu bir ailədə anadan olub. Yuri Nosenkonun atası İvan Nosenko uzun illər yüksək vəzifələrdə işləyib, Stalinin hakimiyyəti illərində ən nüfuzlu məmurlardan biri sayılıb, tank sənayesi, gəmiqayırma sənayesi, maşınqayırma, nəqliyyat sənayesi komissarlıqlarına və nazirliklərinə rəhbərlik edən İvan Nosenko 1956-cı ildə son mənzilə Nikita Xruşovun, Georgi Malenkovun, Kliment Voroşilovun və digər yüksək ranqlı məmurların çiyinlərində yola salınıb.

Ivan Nosenko 1927-ci il təvəllüdlü oğlu Yurinin təhsili, gələcək karyerası üçün lazım olan bütün şəraiti yaradıb. Gəmiqayırma sahəsinin birinci şəxsi olduğundan o, Yurinin gələcəyini hərbi-dəniz donanmasında görməyi arzulayıb və nazir çox asanlıqla oğlunu Naximov adına hərbi-dəniz məktəbinə qəbul etdirib.

“Güclü” ata meşşan oğlunun əməllərinə göz yumaraq növbəti dəfə Yurini Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun tələbəsi etməyə nail olub. Bu təhsil ocağını bitirdikdən sonra Yuri Nosenko yenə də atasının dəstəyi ilə birbaşa Dövlət Təhlükəsizliyi Komitəsinin mərkəzi aparatına işə qəbul edilib.

DTK-da da Yuri Nosenko köhnə əməllərindən əl çəkməyib, o, həmkarlarına yuxarıdan aşağı baxıb, rəisləri ilə qaba rəftardan çəkinməyib.

Dövrün “qızıl” gənclərindən biri olan Yuri Nosenko “nazir oğlu” statusundan yetərincə istifadə edərək bitib-tükənməyən əyləncələri, macəraları ilə ad çıxarıb, restoranlarda, əyləncə məkanlarında davakarlığı, mənəm-mənəmliyi ilə məşhurlaşıb. Ancaq ona “dur” deyən tapılmayıb, atasının nüfuzundan istifadə edən Yuri üçün törətdikləri hadisələr adi hal sayılıb. Bu cür həyat tərzi ilə o, hərbi-dəniz məktəbindəki təhsilini yarımçıq qoyub.

Yuri Nosenkonun əsas xidməti fəaliyyəti idmançı, incəsənət və elm nümayəndəsi, turist kimi SSRİ-yə qısamüddətli səfər edən əcnəbilərin məxfi fəaliyyətlərini araşdırmaqdan ibarət olub. O, eyni zamanda mütəmadi olaraq xarici ölkələrə də ezam olunaraq kəşfiyyat işi aparıb. Belə ezamiyyətlərin birində isə Nosenko öz tamahının güdazına gedib.

Əvvəlcə onu qeyd edək ki, Nosenkonun atası 1956-cı ildə vəfat etdikdən sonra onun “nazir oğlu” statusundakı bütün “imtiyazları” da məhdudlaşdırıb. Bu Nosenkoda ciddi narazılıq yaradıb. Zəngin həyat tərzinə öyrəşən DTK zabiti üçün dövlətin ona verdiyi maaşla yaşamaq ağılasığmaz görünüb.
1962-ci ildə Nosenko İsveçrəyə xidməti ezamiyyətə göndərilib. O, ezamiyyət müddətində əməliyyat üçün ayrılmış 1700 dolları öz əyləncisinə xərcləyib. Moskvada bunun hesabatını necə verəcəyini düşünən DTK əməkdaşı havaya sovurduğu pulların nəticəsinin də ağır olacağını yaxşı anlayıb. Nosenko problemin həllini fərqli bir yolda tapıb. O, ABŞ səfirliyinin əməkdaşlarının biri ilə gizli şəkildə görüşə nail olub. DTK zabiti səfirliyin nümayəndəsinə pul qarşılığında Amerika kəşfiyyatı ilə əməkdaşlıq etmək istədiyini bildirib. Tərəflər razılaşıblar. Amma Nosenko konkret şərt qoyub ki, əməkdaşlıq, informasiyaların ötürülməsi yalnız o, xarici səfərlərdə olan zaman baş tutacaq.

Mərkəzi Kəşfiyyat İdarəsinin İsveçrədəki nümayəndəsi onun bu şərti ilə də razılaşıb. Elə əməkdaşlığın ilk günündə Nosenko qonorar müqabilinsə İsveçrədəki sovet agenturasının bir neçə nümayəndəsinin adlarını və fəaliyyət istiqamətlərini açıqlayıb. Daha sonra o, ABŞ-ın Moskvadakı səfirliyinin binasının divarlarına gizli olaraq 42 mikrofonun yerləşdirildiyi haqqında da məlumat verib.

Əyləncələrə xərclədiyi dövlət pullarını amerikalıların hesabına artıqlaması ilə bərpa edən Nosenko Moskvaya qayıdıb. Digər xarici ölkələrə növbəti ezamiyyətlərində o, məxfi informasiyaları ABŞ kəşfiyyatına ötürməyi davam etdirib.

1964-cü ildə Nosenko İsveçrəyə növbəti dəfə ezamiyyətə gedib. O, Cenevrədə Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri ilə bir neçə görüş keçirib və onlardan ABŞ-da ona sığınacaq verilməsini xahiş edib. Nosenkonun xahişi qəbul edilib və bir sutka ərzində onu əvvəlcə Almaniyaya, oradan isə Amerikaya aparıblar.

ABŞ Nosenkonu rahatlıqla qəbul edə bilməyib. O, 18 ay ciddi nəzarət altında. həbsxana şəraitində saxlanılıb. Hətta ona sutka ərzində yarım saatlıq gəzintiyə də icazə verilməyib. MKİ Nosenkonun ikitərəfli agent olduğundan şübhələnib. Amerikalılar belə düşünüb ki, Nosenko DTK-nın tapşırığı ilə ABŞ-dan sığınacaq istəyib və məqsəd Kennedinin ölümündə SSRİ-nin heç bir iştirakı olmadığını sübuta yetirmək, şübhələri aradan qaldırmaq olub. Belə ki, Kennediyə sui-qəsdin məxfi olaraq DTK tərəfindən araşdırılması vaxtilə Nosenkoya həvalə edilib.

Nosenko özünü təsdiq etmək üçün 18 aylıq həbsxana şəraitindən sonra daha iki il tam nəzarətdə saxlanılıb. Nəhayət, 1968-ci ildə onun Amerikadan sığınacaq istəməsində ABŞ-a qarşı heç bir qaranlıq məqsədi olmadığı, sadəcə SSRİ-dəki mövcud rejimə qarşı narazılığına görə qaçdığı sübut olunub. Nosenkoya yaratdıqları narahatlığa görə 1968-ci ildə Amerika hökuməti 137 min dollar təzminat ödəyib və onu Mərkəzi Kəşfiyyat İdarəsinə müşavir vəzifəsinə təyin ediblər.

Nosenkonun Amerikaya qaçması SSRİ-də böyük səs-küyə səbəb olub. SSRİ Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək Nosenkonun ABŞ-a getməsini Amerika kəşfiyyatının təzyiqi altında olduğunu bildiriblər. Bu bəyanatdan sonra MKİ Nosenkonu SSRİ-nin ABŞ-dakı səfirliyinin nümayəndələri ilə görüşdürüblər. Nosenko video çəkilişləri altında heç bir təzyiqin olmadığını, könüllü Amerikadan sığınacaq istədiyini bəyan edib.

Nazir oğlu uzun illər Amerika kəşfiyyatına sədaqətlə xidmət edib. Ömrünün son illərini ağır xəstəliklər içərisində keçirən Nosenkonu 2007-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri ziyarət ediblər, ona ABŞ-ın dövlət bayrağı və MKİ rəhbəri Maykl Haydenin imzaladığı məktub təqdim edilib. Məktubda Nosenkonun Amerika kəşfiyyatına sədaqəti və yorulmaz fəaliyyəti xüsusilə vurğulanıb.

Yuri Nosenko 2008-ci ildə, 80 yaşında vəfat edib.

İlham Cəmiloğlu( Musavat.com)

Poliqon.info


Etiket: Nosenko


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar