Macarıstanın xarici işlər naziri hesab edir ki, Kiyev bu yolla Budapeştə təzyiq göstərməyə çalışır...
Poliqon xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Silahlı Qüvvələrinin “Drujba” neft kəmərinə endirdiyi zərbələri birbaşa Macarıstana və Slovakiyaya hücum kimi qiymətləndirib. Onun sözlərinə görə, bu hücumlar Avropa İttifaqının (Aİ) dəstəyini almış Kiyevin Budapeştin Ukrayna münaqişəsinə və bu ölkənin Avropa İttifaqına üzvlüyünə dair mövqeyini dəyişməyə məcbur etmək üçün atdığı addımdır.
Nazir bildirib ki, neft kəmərinə edilən hücumlar təkcə Ukrayna ilə Rusiya arasındakı hərbi əməliyyatlarla bağlı deyil, həm də birbaşa Avropa ölkələrinin enerji təhlükəsizliyinə yönəlib. “Drujba” kəməri Macarıstan və Slovakiyanın əsas enerji təchizat mənbələrindən biridir. Siyartonun sözlərinə görə, bu obyektə zərbə endirməklə Ukrayna həmin ölkələrin iqtisadi sabitliyinə ziyan vurur.
Nazirin fikrincə, Avropa Komissiyasının və Brüsseldəki digər strukturların bu hücumlarla bağlı susması da narahatlıq doğurur. Nazir qeyd edib ki, Brüssel Ukraynanın bu addımlarını görməzlikdən gəlməklə əslində Budapeştə siyasi təzyiq göstərməkdə iştirak edir.
Siyarto əlavə edib ki, Macarıstanın mövqeyi dəyişməz qalır: Budapeşt Ukraynanın Avropa İttifaqına sürətli qəbulunun əleyhinədir və müharibənin hərbi yolla deyil, yalnız sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayır.
Poliqon.info