Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Rusiya Ukraynadakı işğalçı müharibənin ideoloji axarını dəyişir. Artıq müharibənin ideoloji axarını Ukraynada hansısa xəyali neofaşizmə qarşı mübarizə relsindən vətən uğrunda müharibə relsinə keçirmək Kreml üçün çox vacibdir...

Azər QARAMANLI
“Poliqon” İnformasiya Agentliyinin baş redaktoru

Rusiya prezidenti Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət rejimi elan edilməsi haqqında sənəd imzalayıb və bu fərman əslində Rusiyanın Ukraynadakı işğal siyasətini “Vətən Müharibəsi” çizgisinə keçirir. Həmçinin, Ukrayna ilə sərhəd olan Rusiya vilayətlərində, o cümlədən Moskvada yüksək hazırlıq vəziyyəti elan edilib.

Qeyd edim ki, son iki gündə Rusiyada aparılan təbliğat kampaniyasından belə hiss olunur ki, ilhaq olunan 4 vilayətdə müharibə vəziyyəti, Ukrayna ilə sərhəd olan Rusiya vilayətlərində, o cümlədən Moskvada yüksək hazırlıq vəziyyəti elan edən Kreml artıq hücum taktikasından müdafiə taktikasına keçir. Artıq belə demək mümkünsə, Kreml müharibənin bundan sonrakı mərhələsini "Vətən Müharibəsi" kimi təqdim edəcək. Elə Rusiya prezidenti Vladimir Putinin çıxışından da bu görünürdü.

Görünən odur ki, Rusiya artıq Ukraynada aktiv hücum əməliyyatları həyata keçirməyəcək. Bunun üçün Rusiyanın resurslarının yetişmədiyi də artıq ortadadır. İrandan PUA-lar alıb Kiyevə ünvanlayan, həmçinin Tehrandan ballistik raketlər də almaq istəyən Rusiya artıq resurslarının tükəndiyini etiraf etmiş olur.

Hazırda Rusiya üçün önəmli olan psevdoreferendumlarla ilhaq etdiyi Ukrayna vilayətlərini əldə saxlaya bilməkdir. Bu həm Rusiyanın imperiya olaraq süqutunu əngəlləyəcək, həm də Putinin hakimiyyətdə qalmasını təmin edəcək. Çünki işğal olunan əraziləri əldə saxlamaq Rusiya üçün bütün hallarda qələbədir.

Son günlər Xersondakı vəziyyətlə bağlı Rusiya rəsmilərinin verdiyi açıqlamalar isə bunun heç də asan olmayacağını göstərir. Ukraynadakı Rusiya qoşunlarının yeni komandanı Sergey Surovkinin müsahibəsindəəki intonnasiyalara diqqət edərsək isə bunun mümkün olmayacağı görünür. Ona görə də Putin “Xüsusi Hərbi Əməliyyat” adını verdiyi işğalçı müharibəni “Vətən Müharibəsi” kateqoriyasına keçirir.

Ukraynadakı müharibəni “Vətən Müharibəsi” kateqoriyasına keçirmək Putinə hər şeydən əvvəl rusları səfərbər etmək imkanı yaradacaq, eyni zamanda ilhaq olunmuş 4 Ukrayna vilayətini rusların gözündə legitimləşdirərək bu vilayətlərə ruslar üçün “vətən” statusu verəcək. Bu üzdən də müharibənin ideoloji axarını Ukraynada hansısa xəyali neofaşizmə qarşı mübarizə relsindən vətən uğrunda müharibə relsinə keçirmək Kreml üçün çox vacibdir.

İndiki halda bu, yeganə çıxış yolu kimi görünür. Lakin Putinin buna nə qədər nail olacağı böyük sual altındadır. Çünki hər şeydən əvvəl rus xalqı hər nə qədər Putinin işğalçı imperialist siyasətini dəstəkləsə də, şəxsi fonda bir o qədər də müharibədən qaçır. Bunu qismən səfərbərlik elan olunandan sonra milyonlarla rusun ölkəni tərk etməsi də açıq şəkildə göstərdi.

Digər tərəfdən isə xammal ölkəsi olan Rusiyanın texnologiyaların müharibəsində resursları sürtələ tükənir və artıq demək olar ki, Rusiyanın texnoloji imkanları müasir silahların istehsalını mümkünsüz edir. Üzləşdiyi sanksiyalardan sonra indi Rusiya ancaq ötən əsrin 60-70-ci illərinin silahlarını istehsal etmək imkanlarına sahibdir. Həmin silahlarla isə NATO-ya qarşı deyil, ancaq Afrika qəbilələrinə qarşı zəfərlə nəticələnən müharibə aparmaq olar.

Rusiyaya silah satacaq ölkələrin olmayacağı da ortadadır. Doğrudur, hazırda İran Rusiyaya kamikadze dronlar satır. İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı razılığın əldə olunması ilə bağlı söyləntilər var. Lakin bu istisnadır və İranın yaxın zamanda Rusiyaya silah satmaq istəyindən geri çəkiləcəyi də mümkündür. Hərhalda İran Ukraynaya bu məsələni “danışaq” mesajını yollayaraq anlaşma üçün qapını açıq saxlayır. Böyük ehtimalla Tehran Rusiyaya silah satışını dayandıqrmağın əvəzinə Qərbdən hansısa güzətlər almaq istəyir.

Digər tərəfdən isə İrandan ucuz və texnoloji cəhətdən kustar silahlar almaqla da Rusiya öz problemlərini həll edə bilməyəcək. Rusiya İran silahları ilə NATO silahlarına qalib gələ bilməz. Ona bu müharibədə qalib gəlmək üçün ancaq Çin hərtərəfli yardım edə bilər ki, Pekin də bu məsələdə Moskvadan çox məsafəli davranır. Ancaq demək olmaz ki, Pekin və Moskvanın əlbir fəaliyyəti Rusiyanın Ukraynada tam qələbəsini təmin edə bilər. Bu ancaq Rusiyanın öz mövqelərini qorumaq üçün yetərli olar.

Bu məsələnin Moskva üçün ən acınacaqlı tərəfi isə odur ki, imperiya olaraq formalaşmasından bu günə qədər Rusiya silahlanmaqla məşğul olub və iqtisadiyyatını da ancaq bu yöndə qurub. İndi isə məlum olur ki, dünyanın ən güçlü ordularından biri hesab olunan rus ordusu “karton evcik”dən başqa bir şey deyilmiş. Bütün imperiya tarixi boyunca, demək olar ki, Rusiya iqtisadiyyatı hərbi relslərdə mövcud olub və özünü fövqəldövlət olarq görən Rusiyanın indi İran silahına möhtac qalması doğrudan da tarixin ən böyük tragikomediyalarından biridir.

Maraqlıdır ki, Rusiya bütün tarixi boyunca texnoloji olaraq özünün əsas rəqiblərindən, yəni Qərb dövlətlərindən geridə qalıb. Apardığı müharibələri isə adətən verdiyi çoxsaylı itkilərlə qazanıb və əsasən də özündən texnoloji olaraq geridə qalan ölkələrlə savaşıb. 1941-45-ci illərdə Almaniyaya qarşı apardığı müharibəni isə ABŞ-ın “lend-liz”i olmasaydı, əsla qazana bilməzdi. İkinci Dünya Müharibəsində ABŞ sənayesinin hardasa 1/3 hissəsi SSRİ-nin hərbi ehtiyaclarını ödəmək üçün çalışırdı.

Hazırda isə Rusiyanın üzləşdiyi vəziyyət doğrudan da acınacaqlıdır və fəlakət xəttinin üzərindədir. Yəni bütün aspektlərdən baxanda Putin Rusiyasının dalana dirəndiyini görmək olur. Lakin bu o demək deyil ki, Rusiyanın məğlubiyyəti artıq həll olunmuş məsələdir. Rus mentalitetinin ən parlaq tərəfi bu millətin ən ağır zamanlarda mərhumiyyətlər içində yaşaya və qalib gələ bilməsidir. Rusiya tarixində indiki vəziyyət dəfələrlə təkrarlanıb. Rusiya son yüz ildə 4 dəfə - Birinci Dünya Müharibəsində, İkinci Dünya Müharibəsində, 1991-ci ildə SSRİ dağılırkən və indi dalana dirəniş vəziyyəti ilə üzləşib. Lakin özünə işgəncə verməyi xoşlayan bir mentalitetə sahib olan ruslar bu vəziyyətlərdən imperiya olaraq çıxa biliblər. İndi də çıxa bilərlər və bunu Putin də yaxşı bilir. Lakin qismən səfərbərlik onu göstərdi ki, vətənpərvər və və imperailst olan ruslar daha özlərinə əziyyət vermək isəmirlər və bu müharibəni, yəni Putinin müharibəsini özlərinin müharibəsi hesab etmirlər. Rusların Ukraynadakı müharibəni öz müharibələri kimi görə və hiss edə bilmələri üçünsə müharibəni daha incə çizgiyə - “Vətən Müharibəsi” çizgisinə keçirmək zəruridir və bunu da Kremldə görmələri çox vaxt aparmadı. Rusiyanı və Putini ancaq bu ideoloji axarda xilas etmək mümkündür.

Putin bunu hər kəsdən yaxşı bilir və ona görə də özünün qələbə ümidini rusların imperalist duyğularına bağlayıb. O, uzun sürən müharibədə rus mentalitetinin qalib gələ biləcəyinə inanır. Ancaq uzun sürən müharibə və rusların tədricən məhrumiyyətlərə alışması Putini xilas edə bilməz. Hər şeydən əvvəl rus ordusunun hazırkı vəziyyəi rus cəmiyyətini sürətlə inqilaba doğru sürükləyir və bu inqilabın heç də “məxməri” olmayacağı görünür. Çünki hazırda Rusiya ordusu psixoloji cəhətdən məhv olmuş, döyüş qabiliyyətini tamamilə itirmiş vəziyyətdəir və ordunun bu dağınıq vəziyyəti rus cəmiyyətinə çox ağır təsir edir.

Tarixən rus cəmiyyəti və rus ideyası həmişə ordu üzərindən təşəkkül tapıb. Rusiya ordusunun indiki vəziyyətini Birinci Dünya müharibəsində düşdüyü vəziyyətlə müqayisə etmək olar və bu ordu hazırda başıpozuq dəstəyə çevrilib. Bu isə yeni və qanlı rus inqilabının ilk göstəricisidir. Ona görə də Putinin hakimiyyətdə qala bilməsi böyük sual altındadır.

Hakimiyyətdə qala bilmək üçün Putin ikinci Stalin olmağı başarmalıdır. Lakin hər nə qədər qanlı aksiyalara imza atsa da, Putin Stalin deyil və ola da bilməyəcək. Çünki Putinin təmsil etdiyi hakimiyyət oliqarxik hakimiyyətdir və bütün oliqarxik hakimiyyətlərdə olduğu kimi, korrupsiya Putin hakimiyyətinin “Axilless dabanı”dır. Korrupsioner oliqarxik hakimiyyətlərin isə tarixən anarxiyanı önləməsi mümkün olmayıb. Əksinə oliqarxik hakimiyyət hər zaman anarxiyaya və inqilaba açılan qapı olub.

Tarixin təkrar olunduğu tez-tez xatırlanır və qeyd etməliyəm ki, Rusiya imperiyası həm 1917-ci ildə, həm də 1991-ci ildə böyük itkilərə məruz qalıb. Putin həmin itkiləri “böyük geosiyasi fəlakət” adlandırıb və bu proses indi də davam edir. İndi biz Rusiya imperiyasının süqutunun üçüncü mərhələsinə şahidlik edirik və bu mərhələnin daha böyük geosiyasi fəlakətlərə yol açacağı da şübhə doğurmur.

Bəs rus mentaliteti ağır itkilər hesabına olsa belə, Rusiya dövlətini qoruyub saxlaya biləcəkmi?.. Bunu zaman göstərəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar