Donald Tramp administrasiyasının qərarsız və ziddiyyətli siyasəti, xüsusilə İrana qarşı müharibə fonunda daha qabarıq görünür...
Poliqon xəbər verir ki, bu barədə “Brookings Institution”dan Conatan Rauş və “Trinity Forum” konsaltinq şirkətindən Piter Veyren “The New York Times”da dərc olunan məqalələrində yazıblar. Müəlliflər bildiriblər ki, məntiqsizlik ABŞ-nin hazırkı prezidenti Donald Trampın əsas fərqləndirici xüsusiyyətinə çevrilib. Qeyd edilir ki, Trampın düşüncə tərzində dağınıqlıq olduğu uzun müddətdir aydın görünürdü və son aylarda, xüsusilə də son həftələrdə bu vəziyyətin bütün administrasiyaya sirayət etdiyi daha açıq hiss olunmağa başlayıb.
Müılliflkərin fikrincə, administrasiya üzvlərinin tez-tez məntiqsiz davranmasının səbəbi sadəcə bunu başqa cür edə bilməmələridir. Müəlliflərə görə, dünya Trampın ikinci prezidentlik dövründə izahı çətin olan yeni bir hadisə ilə üz-üzə qalıb və bunu “psixotik dövlət” adlandırırlar.
Məqalədə qeyd olunur ki, bu, indiyədək səslənən ən sərt qiymətləndirmələrdən biri olsa da, bunu ABŞ-nin İrana qarşı apardığı müharibə ilə bağlı tamamilə ziddiyyətli və dolaşıq siyasət nümunəsində asanlıqla görmək mümkündür. Müəlliflər bildirirlər ki, Tramp administrasiyası bu müharibəyə məqsədlərini tam müəyyənləşdirmədən, hər hansı strategiya hazırlamadan və mümkün gözlənilməz halları nəzərə almadan başlayıb. Onların fikrincə, ümumiyyətlə, aydın fəaliyyət planı mövcud olmayıb.
Yazıda daha sonra sual edilir ki, İslamabaddakı danışıqların uğursuzluğundan sonra ABŞ nə əldə edib. Məqalə müəlliflərinin qənaətinə görə, İrandakı rejim qorunub saxlanılıb, Tehranın qeyd-şərtsiz kapitulyasiyası tələbi yerinə yetirilməyib, müəyyən edilmiş son tarixlər isə sonradan aradan qalxıb. Onlar qeyd edirlər ki, əvvəlcə qlobal miqyasda məhvetmə təhlükəsi ilə bağlı sərt bəyanatlar verilib, lakin qısa müddət sonra bu ritorikadan geri çəkilinib.
Məqalədə vurğulanır ki, fevral ayında müharibə səbəbi kimi göstərilən İranın nüvə proqramı dəyişməz qalıb. Halbuki Tramp ötən iyunda həmin proqramın “tamamilə məhv edildiyini” bəyan etmişdi. Müəlliflər bu ziddiyyəti administrasiyanın siyasətindəki uyğunsuzluğun daha bir göstəricisi kimi qiymətləndirirlər.
Onların fikrincə, beynəlxalq ictimaiyyət Tramp komandasının İranın Hörmüz boğazını bağlaya biləcəyi ehtimalına tamamilə hazır olmamasından da təəccüblənib. Halbuki, müəlliflər qeyd edirlər ki, ABŞ ekspertləri bu risk barədə çoxdan xəbərdarlıq edirdilər. Məqalədə bildirilir ki, bunun ardınca daha bir sıra qəribə addımlar atılıb və ABŞ İran neftinin bir hissəsinə tətbiq olunan sanksiyaları yumşaldaraq, faktiki olaraq Tehranın müharibədə əlini gücləndirib.
Yazı müəllifləri bütün bunları Tramp administrasiyasının xarici siyasətdə ardıcıl xətt formalaşdıra bilməməsinin, qərarların isə bir-birini təkzib edən və situativ xarakter daşımasının göstəricisi hesab edirlər. Onların qənaətinə görə, Vaşinqtonun İrana münasibətdə atdığı addımlar ABŞ-nin strateji məqsədlərinə xidmət etməkdən daha çox, qarışıqlıq və idarəetmə böhranını üzə çıxarıb.
Poliqon.info