Polşa Seyminin vitse-spikeri və ultra-sağ yönümlü Konfederasiya Partiyasının liderlərindən biri Kşiştof Bosak hesab edir ki, Polşa ilk növbədə bəyan etməlidir ki, Kiyev "cinayətkarların kultundan imtina etməyən və bütün ekshumasiyalara icazə verməyənədək" Ukraynanın Avropa İttifaqına üzvlüyünü bloklayacaq...
Poliqon xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.
Nəşrin yazdığına görə, Bosak bildirib ki, bundan sonra Varşava "Starlink" xidmətinin maliyyələşdirilməsini dayandırmalı və Avropa İttifaqının digər ölkələri ilə birgə borclanma mexanizmlərindən imtina etməlidir.
"Polşa Moravetski hökumətinin Ukraynanın xeyrinə qəbul etdiyi borclanma qərarlarından imtina etməlidir. Beynəlxalq maliyyə tarixində mənim bildiyim ilk belə haldır ki, bir-birinə yardım etmək istəyən dövlətlər kredit vermək əvəzinə özləri borca girir, şərtsiz və geri qaytarılmayan yardım göstərir və eyni zamanda həmin kreditlərin qaytarılması yükünü də öz üzərinə götürür", deyə Bosak bildirib.
Bosak Polşa hakimiyyətinin Ukraynaya münasibətdə həyata keçirdiyi siyasətdən narazılığını da gizlətməyib.
"Hazırda Ukraynada polşalı siyasətçilərə qarşı hörmətsizlik hökm sürür. Onlara zəif insanlar kimi baxırlar. Hesab edirlər ki, istənilən təxribatı törətmək olar və buna heç bir reaksiya verilməyəcək", deyə o vurğulayıb.
Müsahibə zamanı ukraynalıların deportasiyası ilə bağlı Milli Hərəkat nümayəndələrinin paylaşımlarının altında yazılan şərhlər mövzusu da müzakirə olunub. Bosak bu cür tələblərdən qəti şəkildə uzaq olduğunu bildirərək qeyd edib ki, Konfederasiya belə çağırışlar irəli sürməyib.
Bununla yanaşı, o, əvvəlki hökumətlərin "Ukrayna pasportuna malik olan hər kəsin, milli mənsubiyyətindən və gəldiyi ölkədən asılı olmayaraq, kütləvi şəkildə leqallaşdırılması" qərarını tənqid edib.
Bosakın fikrincə, Polşa qaçqınları qeydiyyata almamaq və onların ölkədə qalmasını avtomatik şəkildə leqallaşdırmaqla səhvə yol verib.
Poliqon.info