Rusiya mətbuatı: Paşinyan Moskvaya eyham vurub ki, o, Ermənistanın təhlükəsizliyinə başqa təminatçılar tapa bilər. Onlar NATO ölkələri ola bilərlər...
Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə ölkənin KTMT-dən - Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə hərbi ittifaqdan çıxa biləcəyini etiraf edib.
Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “Агентствa” nəşrinin Paşinyanın bu günkü mətbuat konfransına verdiyi şərhində bildirilir. Nəşr yazır ki, əgər İrəvan belə bir qərar qəbul edərsə, o zaman Ermənistan hakimiyyəti öz ərazisində NATO və ya alyansa üzv olan hansısa ölkənin hərbi bazalarını yerləşdirmək hüququna malik olacaq. Ekspertlər hesab edirlər ki, Paşinyan Moskvaya eyham vurur ki, hadisələrin inkişafı məhz belə bir mümkün ssenariyə doğru gedir.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) “yarıtmaz” hesab edərsə və “KTMT-nin Ermənistanı tərk etdiyini qeyd edərsə” onu tərk etməyə qərar verəcək”, deyə Paşinyan bildirib. “KTMT fəaliyyətsiz bir quruma çevrilərsə, belə bir gündəm mövcuddur. O zaman biz öz təhlükəsizlik məsələlərimizi həll etməli olacağıq”, deyə, Ermənistanın Baş naziri bildirib.
Nəşr hesab edir ki, bu bəyanat KTMT çərçivəsində Moskva ilə İrəvan arasında yaranmış sürtüşmənin davamıdır. Ermənistan hakimiyyəti KTMT-ni, xüsusən də Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə kifayət qədər yardım göstərmədiyinə görə tənqid edib və KTMT-yə 2023-cü ildə Ermənistan ərazisində hərbi təlimlər keçirməyi qadağan edib. Lakin indiyədək Paşinyan KTMT-dən mümkün çıxmaq barədə danışmayıb. Əksinə, 2023-cü ilin martında Paşinyan bildirib ki, Ermənistan blokdan çıxmaq fikrində deyil, onun fikrincə, “KTMT Ermənistanı tərk edir”.
“Ermənistan KTMT-nin son illərdəki davranışından narazıdır və belə davam edərsə, təşkilatdan çıxmaq məsələsi gündəmə gələ bilər”, Yerevanda Regional Araşdırmalar üzrə Analitik Mərkəzin əməkdaşı Mikael Zolyan “Агентствa” nəşrinə bildirib.
Politoloq Arkadi Dubnov xatırladıb ki, KTMT nizamnaməsinə görə, onun üzvləri yalnız təşkilatın digər üzvləri ilə razılaşdırıldıqdan sonra öz ərazilərində üçüncü ölkələrin qoşunlarını və hərbi infrastruktur obyektlərini yerləşdirmək hüququna malikdirlər. Ona görə də Ermənistan KTMT-dən çıxacağı təqdirdə öz ərazisində ABŞ və NATO hərbçilərini yerləşdirmək hüququ qazanacaq.
“Əlbəttə, Paşinyan buna eyham vurur. O deyir ki, əgər siz təhlükəsizlik zəmanətləri üzrə öhdəliklərinizi yerinə yetirməsəniz, mən başqa təhlükəsizlik zəmanətlərinə müraciət etməliyəm”, deyə Dubnov nəşrə bildirib. Ona görə də ekspert hesab edir ki, bu, Moskva üçün kifayət qədər ciddi xəbərdarlıqdır və əgər proses bu istiqamətdə gedərsə, bu, Rusiya üçün ciddi məğlubiyyət deməkdir”.
Paşinyanın KTMT-dən çıxmaq istəməsinin başqa səbəbi də var: onun öz təbirincə desək, Ermənistan bu blokda olduğu halda, başqa dövlətlər Ermənistana lazım olan silahları satmırlar. “Bu imkanlar bizim üzümüzə bağlıdır, çünki Ermənistanın KTMT-yə üzvdür”, deyə Ermənistanın Baş naziri bazar ertəsi bildirib.
Dubnov qeyd edir ki, eyni zamanda Rusiya Ermənistanı silahla təmin etməyə hazır deyil, çünki onun özünün bununla bağlı problemləri var.
“Ermənistana silah lazımdır, Rusiya isə onu verə bilmir. O zaman Ermənistan silahı başqa yerdə axtaracaq”, deyə Zolyan anəşrə bildirib. Onun fikrincə, belə silahların NATO tərəfindən veriləcəyini və ya ölkədə müttəfiqlik bazalarının yaranacağını söyləmək hələ tezdir, baxmayaraq ki, Ermənistanda buna ümid edənlərin sayı təbii ki, kifayət qədərdir, deyə ekspert qeyd edib.
Bazar ertəsi ABŞ Müdafiə Nazirliyinin iki rəsmisi “inkişaf etməkdə olan təhlükəsizlik tərəfdaşlığını müzakirə etmək” üçün İrəvana səfər edib. 2023-cü ilin mayında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın iştirakı ilə danışıqlar aparıblar. Həmin ay Əliyev və Paşinyan Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə görüşüblər.
Rusiyanın Qafqaz və Asiyada mövqelərinin zəifləməsi birbaşa Ukrayna müharibəsi ilə bağlıdır. Ona görə də Moskva Ermənistana kifayət qədər sayda hərbi və silah-sursat verə bilmir. NATO ölkələrinin Ermənistanın təhlükəsizliyinin təminatçıları sırasında görünməsi Rusiyanın regiondakı mövqelərinə ciddi zərbə olacaq və Moskvanın ciddi yanlış hesablama aparmasından xəbər verəcək, deyə “Агентствa” nəşri yazır.
Poliqon.info