Ermənistanın baş naziri Strasburqda bildirib ki, ölkəsi mövcud infrastrukturdan istifadə etməklə nəqliyyat bağlantısının yaradılmasını təklif edir...
Poliqon xəbər verir ki, bu barədə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan martın 11-də Fransanın Strasburq şəhərində Avropa Parlamentində çıxışı zamanı danışıb.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqəsinin təmin edilməsinə hazırdır. O bildirib ki, bu əlaqə Kornidzor–Gorus–Yeqeqnadzor–Yerasx marşrutu üzrə və artıq mövcud olan infrastrukturdan istifadə etməklə təşkil oluna bilər.
Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, irəli sürülən təşəbbüs Vaşinqton razılaşmalarının ləngidilməsi və ya pozulması məqsədi daşımır. Onun sözlərinə görə, rəsmi İrəvan bu təklifi rəsmi şəkildə təqdim edir və bu addım regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına töhfə vermək məqsədi daşıyır.
Paşinyan vurğulayıb ki, Ermənistan hazırda Azərbaycan dəmir yollarından alternativ marşrut kimi istifadə edir. O əlavə edib ki, Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsinin qurulmasını gözlədiyi kimi, Ermənistan da Naxçıvan ərazisi vasitəsilə ölkənin cənubu ilə şimalı arasında dəmir yolu əlaqəsinin yaradılmasını gözləyir.
Baş nazir bildirib ki, Ermənistan üçün bu dəmir yolu marşrutunun praktiki olaraq alternativi yoxdur. Onun sözlərinə görə, ölkənin mürəkkəb və əsasən dağlıq relyefi Ermənistan daxilində cənub və şimal bölgələri arasında başqa bir dəmir yolu xəttinin qurulmasını ciddi şəkildə çətinləşdirir.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycanın bu məsələdə gözləntiləri bir-birinə zidd deyil və qarşılıqlı maraqlar çərçivəsində uyğunlaşdırıla bilər. O əlavə edib ki, Ermənistan gələcəkdə Gürcüstan–Azərbaycan dəmir yolu xəttindən də ixrac əməliyyatları üçün istifadə etməyi planlaşdırır.
Ermənistan hökumətinin rəhbəri ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixrac istiqamətlərindən birinə çevrilə bilər. Onun sözlərinə görə, hazırda Ermənistan Azərbaycandan neft məhsulları idxal edir və bu, ölkə bazarında yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Paşinyan əlavə edib ki, Azərbaycan neft məhsullarının Ermənistan bazarına daxil olması illərdir mövcud olan monopoliyaların zəifləməsinə və bazarda rəqabətin artmasına gətirib çıxarıb.
Çıxışının sonunda Paşinyan Gürcüstanın baş nazirinə də təşəkkür edib. O bildirib ki, Gürcüstan hökuməti Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqələrinin bərpasına və ümumilikdə regionda sülh prosesinə dəstək göstərir.
Poliqon.info