Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölüm cəzasının ləğvi üçün obyektiv səbəblər olmalıdır” - İlham Rəhimov


Tanınmış hüquq professorundan hadisə kimi açıqlamalar:


Ötən həftə Bakıda 5 yaşlı qız uşağının zorlanması və öldürülməsi ölkədə ölüm hökmünün bərpası tələbini təzədən gündəmə gətirdi.

 Hüquqşünas-deputatlar, ziyalı kəsimin nümayəndələri, kütləvi-informasiya vasitələri məsələdən danışdılar. Hadisə bütün cəmiyyəti həyəcanda saxladı, silkələdi - o cəmiyyət ki, əslində 1998-ci ildə qəbul edilmiş ölüm hökmünün ləğvi qərarının doğruluğuna əslində həmişə şübhə edib. 

Mövzu ilə bağlı hüquq elmləri doktoru, professor, cinayət hüququ sahəsində peşəkar kimi tanınan, o sırada cəza problemləri ilə bağlı tanınmış mütəxəssis İlham Rəhimovla söhbət etmək qərarına gəldik. 

- İlham müəllim, bildiyiniz kimi, uşaqlara qarşı cinayətlər cəmiyyətimiz tərəfindən həmişə çox həssas və neqativ qarşılanır. Xüsusən də azyaşlılara münasibətdə zorlamalar, hələ üstəlik, bu, ölümlə nəticələnəndə toplumun reaksiyası qat-qat sərt olur. Siz yəqin ki, Pirallahıdakı hadisə barədə məlumatlısınız. Bax, belə cinayət halları ilə, cinayətkarlarla nə eləmək lazımdır? Məgər onlar ölüm hökmünü haqq etməyiblər? 

- Bəli, bu, olduqca ağır və kədərli cinayət hadisəsi haqda, həmçinin ona bizim deputat-hüquqşünasların, jurnalistlərin və başqalarının reaksiyası haqda məlumatlıyam. Diqqət edin: bir neçə ay öncə respublikanın rayonlarının birində yadınıza gəlirsə, çox ağır cinayət törədilmiş, yanılmıramsa, nəticədə 7 nəfər öldürülmüşdü. Lakin o zaman bu hadisə cəmiyyətə 5 yaşlı qızın başına gələnlərdən fərqli olaraq bir elə güclü təsir etməmişdi. Və o zaman heç kim prinsipcə, ölüm hökmü məsələsinin bərpası məsələsini də qaldırmamışdı. Təəccüblü də deyil, çünki söhbət konkret halda köməksiz, aciz vəziyyətdə olan körpədən və cinayətin özünün xarakterindən gedir.

Qeyd edim ki, bu qəbildən olan və ya çoxsaylı qurbanlarla müşayiət olunan cinayətləri istənilən ölkədə insanlar həssas, emosional qarşılayır və cinayətkarlara ölüm hökmü tələb edirlər. Belə bir mənzərəni təsəvvür edin: əhaliyə elan edilir ki, bu gün televizorda qadını öz azyaşlı övladlarının gözü qarşısında zorlayan, sonra onların gözü qarşısında onun boğazını kəsən, ardınca da şahid olmasın deyə, uşaqlarını vannada boğan cinayətkarı göstərəcəklər. Ertəsi gün əgər sorğu keçirsək, görəcəyik ki, əhalinin 90%-i həmin cinayətkara ölüm hökmü tələb edir. Bu da tam təbiidir, nədən ki, hər bir insanın içində onun ədalət ölçüsü kimi qiymətləndirdiyi bir qisas, intiqam hissi oturub.  

Bax, əcdadlarımızdan bizə gəlib çatan bu hiss tələb edir ki, belə adamlar cəmiyyətin başqa üzvlərinə necə münasibət bəsləyirsə, necə onları həyatdan məhrum edirsə, eyni münasibət onlara bəslənsin. İnsanlar həm də özlərinin və başqalarının həyatlarından ehtiyat edərək, cinayətkara ölüm tələb edirlər. Əgər bu qız uşağının başına gələn hallar, həmçinin də amansız qətllər nadir hallarda baş versəydi, o zaman bizim intiqam hissimiz ola bilsin yumşalar, onun əvəzinə yazıqlıq, mərhəmət və insansevərlik hissimiz daha çox olardı.  

- Belə çıxır, o zaman bu cinayətkarlara bizim yazığımız gələrdi? 

-  İndi siz başqa bir mənzərəni təsəvvürə gətirin: əhaliyə elan edirlər ki, bu gün axşam televizorda cinayətkarların edam edilməsini göstərəcəklər - fərqi yoxdur necə. “Şəhərdə iki nəfər” filmini xatırlayırsızmı - filmdə Alen Delonu gilyotin vasitəsilə ölümə hazırlayırdılar? Ertəsi gün yenə sorğu keçirsək, insanlar deyəcəklər ki, edam cəzası iyrənc və qeyri-əxlaqidir.
Bu iki nümunəni ona görə gətirdim ki, sizə izah edim: bizim içimizdə daima bir-birinə diametral zidd iki hiss mövcuddur - yazıqlıq, humanizm, əxlaqi hiss və bir də intiqam hissi. O üzdən “Bizə ölüm hökmü lazımdırmı, ya yox” sualına birmənalı cavab vermək iqtidarında deyilik. Həqiqətən də edam cəzası qeyri-əxlaqidir, ikrah doğurandır və ideal, sivil cəmiyyətin mənəvi əsaslarına uyğun gəlmir. Ona görə də prinsipcə, heç bir dövlət əlbəttə ki, bu cəza növü ilə birgə mövcud olmaq istəməz. Bu cəzanı heç də yaxşı günə görə tətbiq eləmirlər. Axı bizi cinayətkarları həyatdan məhrum eləməkdən çəkindirən mərhəmət hissi ilə yanaşı, sağlam məntiq də var, hansı məntiq ki, diktə edir ki, ölüm hökmü belə amansız qətlləri önləməkdən ötrü zəruridir, faydalıdır və ədalətlidir. Məhz bu səbəbdən hazırda bəşəriyyətin yalnız yarısı bu cəza növündən imtina edib. 

“Mən belə bir cəzanın əleyhinəyəm, çünki bu, ikrah doğuran və qəddar cəzadır, barbarlığın və vəhşiliyin qalığıdır...”

- Bəs niyə bir qisim bundan imtina edib, digər qisim isə yox?

- Bu və ya digər qərarın verilməsi üçün çox inandırıcı, əsaslı səbəblər olmalıdır. Misal üçün, Avropa hesab edir ki, ölüm hökmü daha onların inkişaf səviyyəsinə, mənəvi-əxlaqi və mədəni səviyyəsinə, həmçinin, cinayətkarlığın səviyyəsinə uyğun gəlmir. Üstəgəl, onlara görə, edam cəzası xristian dininə, İsa Peyğəmbərin söylədiklərinə ziddir. Heç şübhəsiz, başqa xalqlarla müqayisədə avropalıların əxlaqı qat-qat yumşaqdır. Və gerçəkdən də onların əlində bütün əsaslar var idi ki, olduqca qədim tarixə malik ölüm hökmü ilə vidalaşsınlar. Hərgah, bu proses böyük çətinliklərlə, əbədi diskussiyalarla və s. müşayiət olundu. 

Məsələn, Böyük Britaniya, yanılmıramsa, 1969-cu ildə ölüm hökmünü ləğv edib. Ancaq bundan sonra 18 dəfə məsələnin müzakirəsinə qayıdıb. Müzakirələrin birində baş nazir Marqaret Tetçer parlamenti edam hökmünün zəruriliyinə inandırmağa çalışmış, lakin onu heç kim müdafiə etməmişdi.     

- Avropa ölkələrində ölüm hökmünə qayıdış mümkündümü?

- Nəzərə alanda ki, Avropaya afrikalı miqrantların güclü axını müşahidə edilir və onlar təbii ki, çoxsaylı problemlər yaradır və bütün bunlar da amansız qətllər və zorlama hallarının artmasına gətirə bilər - ölüm cəzasının qayıdışı istisna edilmir. Avropa ölkələri belə bir qərarı, lakin müəyyən müddətə, terror aktlarının geniş yayılacağı təqdirdə də verə bilərlər. Söz düşmüşkən, Macarıstan hazırda məhz cinayətkarlığın artmasına görə ölüm hökmünün qaytarılmasını müzakirə edir.    

- Yəni Siz demək istəyirsiniz ki, ölüm hökmünün ləğvi üçün millət, xalq yüksək inkişaf səviyyəsinə çatmalıdır? 

- Tamamilə doğrudur. Ölüm hökmünün ləğvindən ötrü istənilən ölkədə obyektiv səbəblər və şərtlər olmalıdır. Yəni cəmiyyət bunun üçün yetişməlidir.   

- Məgər Yaponiya bunun üçün yetişməyib? Axı orada da ölüm hökmü qüvvədədir...

- Yaponiya, demək olar, o ölkələrdəndir ki, bu günədək tarixən öz milli ənənələrindən imtina eləmir. Ona görə də bu cəzanın orada mövcud olması yalnız onların ənənələri ilə bağlıdır, hərçənd sözün geniş mənasında Yaponiya Avropadan heç də geri qalmır - nə mədəni və əxlaqi-mənəvi səviyyəyə görə, nə də şüur, sivilizasiya və s. baxımından. Bir sözlə, yaponlar ölüm hökmünün ləğvindən savayı Avropanın bütün yaxşı dəyərlərini götürüblər. Yeri gəlmişkən, Yaponiya əhalisinin 90%-i ölüm hökmünü dəstəkləyir. Son 50 ildə bu ölkədə qəsdən öldürmə halları bütün cinayətlərin yalnız 0,2%-ni təşkil edib. Yaponiya kriminogen anlamda planetin ən firavan ölkələrindən biridir.

- Ancaq ABŞ-da Yaponiyadakı kimi ölüm hökmünün ləğvinə mane olan hansısa milli ənənələr yoxdur, bununla belə, Amerikada da ölüm hökmləri çıxarılır...  

- Doğrudur. ABŞ-da ölüm hökmünü saxlayan başqa obyektiv səbəblər var, həm də bütün ştatlarda yox. Eyni səbəb Rusiyada və bir çox başqa ölkələrdə mövcuddur. Mən kriminogen vəziyyəti, yəni cinayətkarlığın durumu və xarakterini nəzərdə tuturam. Amerikaya bu gün əlverişsiz, kriminal ölkə kimi baxılır. Amerikanlar, məsələn, hesab edirlər ki, “ölüm hökmü - cinayətkarlıqla müharibənin formasıdır”. Yeri gəlmişkən, bu sözlər Amerikanın sabiq prezidenti Corc Buşa məxsusdur. Bu da sizə ikinci səbəb.  
  
Ölüm hökmünün saxlanması üçün üçüncü səbəb də var - İslam dini. Bir çox müsəlman ölkələrində ölüm hökmümü mövcudluğunun əsasında məhz İslam dini durur. 

- Deputatlar deyirlər ki, Azərbaycanda ölüm hökmünün tətbiqi mümkün deyil, çünki Avropa Şurası bunu qadağan edir. Necə düşünürsünüz, bizə bu məsələyə qayıtmaq lazımdımı?  

“Parlament seçkilərinə qatılmaq barədə ciddi düşünməmişəm...”

- Əslində bununla da bizim deputatlar, hörmət etdiyim hüquqşünaslar təsdiqləyirlər ki, vaxtilə ölüm hökmündən imtina sırf siyasi xarakter daşıyıb və çoxsaylı məqamları, o cümlədən xalqımızın şüur səviyyəsi, hüquqi şüur səviyyəsi, ölkədəki cinayətkarlığın xarakterini və vəziyyəti nəzərə alınmayıb. Keçmiş Sovet İttifaqının bəzi ölkələri, həmçinin sosialist düşərgəsinin bütün dövlətləri də eyni yolla gedib.  

- Siz özünüz necə, ölüm hökmünün tərəfdarısınız, yoxsa əleyhdarı?

- Mən ölüm hökmünün əleyhinəyəm, çünki bu, ikrah doğuran və qəddar cəzadır, barbarlığın və vəhşiliyin qalığıdır. O ölkələrdə ki, ölüm hökmü xalqın mənəvi-əxlaqi dəyərləri, inkişaf səviyyəsi ilə ziddiyyət təşkil edir, orada onun götürülməsinin tərəfdarıyam. Bu halda onun saxlanması artıq faydasızdır, ölüm hökmünə lüzum yoxdur. Ancaq eyni zamanda belə cəzanın sırf siyasi baxışlara görə və ya hansısa ittifaqın təzyiqi altında ləğvinin də əleyhinəyəm. Millətin mənəvi durumu özü bu cəzadan imtina eləməlidir. Xalqın özü daxilən ölüm hökmünün faydasızlığını hiss eləməlidir. Biz ki, sabah Avropa Şurası təkid eləsə, eyni cinslilərin nikahına icazə verən qanun qəbul edəsi deyilik.      

- Azərbaycanda ölüm hökmünə qayıdış mümkündürmü? Və Allah eləməmiş kriminal situasiya üzündən buna zərurət yaransa, mövcud vəziyyətdə bu, praktik olaraq necə reallaşa bilər?  

- Bunu yalnız xalq referendum yolu ilə həll eləməlidir. O halda güman edirəm ki, Avropa bizə təpki vermək gücündə olmayacaq, çünki avropalılar özləri həmişə hesab edirlər ki, prinsipial, həyati vacib məsələləri yalnız xalqın iştirakı ilə çözmək lazımdır. Bu, elə demokratiyanın göstəricisidir. Ancaq bundan ötrü çox ciddi səbəblər, o sırada ölkədə qəsdən adam öldürmə hallarının kəskin artması və artmağa meylli olması reallığı olmalıdır. Hazırda bizdə hər il ortalama 200-dən bir az çox qəsdən adamöldürmə cinayəti törədilir. Çoxdur, ya az? Ölüm hökmünün olmadığı Avropa dövlətləri ilə müqayisədə əlbəttə ki, çoxdur; MDB ölkələri ilə müqayisədə isə - həyəcan doğurucu deyil, amma arzuolunan da deyil. Ancaq madam biz Avropa standartlarına yaxınlaşmaq istəyirik, təbii ki, o zaman bu göstərici kəskin aşağı düşməlidir.

- Dağlıq Qarabağ konflikti ilə bağlı da sual vermək istərdik. 

- Amma bu əsas mövzuya - ölüm hökmünə aid deyil. 

- Biz Sizi tez-tez görmürük, Qarabağ isə hamımız üçün ağrılı mövzudur...  
- Buyurun.  

- Son vaxtlar KİV-lərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli təkliflərindən danışılır: yəni öncə 7 rayon azad edilir, sonra isə Dağlıq Qarabağ məsələsinin özünün həllinə başlanılır. Hətta ATƏT-in Minsk Qrupunun həmsədrləri bu xüsusda çox ehtiyatlı da olsa, nəsə deyirlər. Siz işin içindəsinizmi? 

- Mən görürəm ki, Siz Qarabağ məsələsi ətrafında situasiyanı diqqətlə izləyirsiniz. Bu, sevindiricidir. Sualın mahiyyətinə gəlincə, mənim baxışım belədir: həqiqətən də görünür ki, kimsə bu variantı bizə israrla sırımaq istəyir. Kim təklif edir-eləsin, mən hesab edirəm ki, bu, bizim üçün bir tələdir. Deyəsən, amerikalı həmsədr bu xüsusda nəsə demişdi. Ancaq təkrar edirəm, əhəmiyyətli deyil belə təklif haradan gəlir.    

Birincisi, Dağlıq Qarabağa həmsərhəd rayonlar danışıqların predmeti ola bilməz. İkincisi, bu variant bizi aşağıdakı böyük problemlərlə üzləşdirəcək: işğalçılar həmin ərazilərdən çıxıb gedəndən sonra “sülhməramlı qüvvələr” adlanan qüvvələrə müəyyən ehtiyac yaranacaq. Əks halda, bizimlə Dağlıq Qarabağdakı ermənilər arasında müharibə yenidən başlayacaq, ən azından - müntəzəm qarşıdurmalar qaçılmaz olacaq.      

“Bizi Qarabağ tələsinə salmaq istəyirlər... Bu - çox təhlükəli oyundur”

Sual da budur ki, kim sülhməramlı qüvvə qismində olacaq və onlar orada nə qədər qalacaq? Deyirlər, o vaxtadək ki, Dağlıq Qarabağ məsələsi yoluna qoyulacaq. Yenə sual: bəs nə zaman yoluna qoyulacaq? Cavab: zamanı çatanda referendum yolu ilə.  

Bu, çox təhlükəli oyundur. Əgər birinci mərhələ ilə bağlı anlaşma olacaqsa da, - işğalçıların çıxıb getməsi və ərazilərin qaytarılmasını deyirəm, - bizim üçün mühüm olan ikinci məsələyə dair anlaşmanı gözləməyə dəyməz, ona görə ki, bütün beynəlxalq təşkilatlar daim bəyan edəcəklər ki, məsələ artıq bitib. Heç kim də ciddi şəkildə problemə qayıdası olmayacaq. Elə situasiya da bizim xeyrimizə dəyişməyəcək. 10-15 ildən sonra - hamı sakitləşəndən sonra isə Dağlıq Qarabağ erməniləri Ermənistana birləşmək haqda referendum keçirəcəklər. 
Ona görə də hesab edirəm ki, Qarabağa dair ən doğru və prinsipial mövqe ölkə prezidenti İlham Əliyev tərəfindən bir daha ortaya qoyulub ki, Dağlıq Qarabağ heç vaxt müstəqil, suveren dövlət olmayacaq və münaqişə yalnızca Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər.  

- Bir sualımız da Bakı Avropa Oyunları barədədir. Bu tədbirə münasibətiniz...  

- Açığı, sual yumşaq desəm, doğru deyil, çünki elə bir azərbaycanlı təsəvvür eləmirəm ki, bu hadisəyə görə qürur duymasın və bu tədbiri sevinclə qarşılamasın. 

- Artıq qarşıdakı parlament seçkilərindən danışmağa başlayıblar. Seçkilərə qatılacaqsınızmı?   

- Bəs siz istəyərdinizmi ki, mən parlamentdə olum?   

- Əlbəttə ki. Siz peşəkar hüquqşünas kimi orada lazımlı şəxs olardınız.  
 
- Komplimentə görə minnətdaram. Ancaq bu barədə ciddi düşünməmişəm. Bunu səmimi və vicdanla deyirəm. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar