Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın iqtisadi məhdudiyyətlərinə münasibət bildirərək, Moskvanı İrəvana qarşı təzyiq siyasətindən çəkinməyə çağırıb...
Poliqon xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Factor TV-yə müsahibəsində Rusiyanın Ermənistana münasibətdə tətbiq etdiyi iqtisadi məhdudiyyətlərə toxunub və Moskvanı əvvəlki səhvləri təkrarlamamağa çağırıb.
Simonyan bildirib ki, Rusiya tərəfinin seçdiyi fəaliyyət üsulu Ermənistanda gözlənilən nəticəni verməyəcək və əks effekt yaradacaq. Onun sözlərinə görə, təzyiq və məhdudiyyətlər İrəvanda ictimai və siyasi reaksiyanı daha da gücləndirə bilər.
“Bir dost məsləhəti vermək istəyirəm: onların, yəni Rusiya tərəfinin seçdiyi fəaliyyət tərzi Ermənistanda işləməyəcək və əks təsir göstərəcək. Onları keçmişdə etdikləri eyni səhvləri təkrarlamamağa çağırıram”, deyə Simonyan bildirib.
Ermənistan parlamentinin sədri əlavə edib ki, İrəvan münasibətlərin gərginləşməsində maraqlı deyil, lakin iqtisadi xarakterli problemlərin həlli istiqamətində addımlar atmağa hazırdır. O qeyd edib ki, iqtisadi məhdudiyyətlər və ya sanksiyalar davam edəcəyi təqdirdə Ermənistan bu problemləri həll etmək üçün alternativ yollar tapacaq.
Simonyanın açıqlamaları son dövrlər Ermənistan ilə Rusiya arasında münasibətlərdə müşahidə olunan siyasi və iqtisadi gərginlik fonunda səslənib. İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməsi və xarici siyasətdə diversifikasiya kursu Moskva tərəfindən tənqidlə qarşılanır.
Poliqon.info