Birləşmiş Ştatlar Avropadakı NATO müttəfiqləri ilə nüvə silahının yerləşdirilməsi sisteminin digər ölkələrə də genişləndirilməsi imkanını müzakirə edir. Bu addımın məqsədi Vaşinqtonun Avropadakı təhlükəsizlik zəmanətlərinin azalmadığı barədə müttəfiqlərə əlavə təminat verməkdir...
Poliqon xəbər verir ki, bu barədə Financial Times üç məlumatlı mənbəyə istinadən xəbər verir.
Müzakirələrdə nüvə silahı daşıya bilən Amerika bombardmançılarının yeni ölkələrdə yerləşdirilməsi ehtimalı nəzərdən keçirilir. ABŞ hesab edir ki, bu, daha çox ölkənin ikili təyinatlı (DCA) – həm adi, həm də nüvə silahı daşıya bilən təyyarələri yerləşdirməsinə imkan verə bilər.
Hazırda Polşa və Baltikyanı ölkələrin bəziləri bu təşəbbüsə maraq göstərir. Onlar bunu Rusiyanın Ukraynaya müdaxiləsi və Vladimir Putinin nüvə təhdidləri fonunda təhlükəsizlik zərurəti kimi qiymətləndirirlər. Bununla belə, mənbələrdən bəziləri razılaşmanın hələ yaxın perspektivdə olmadığını bildirir.
Qeyd olunur ki, hazırda NATO-nun nüvə paylaşımı proqramı çərçivəsində Belçika, Almaniya, İtaliya, Niderland, Türkiyə və Böyük Britaniya ABŞ-a məxsus nüvə başlıqlarını və modernləşdirilmiş nüvə bombalarını yerləşdirməyə icazə verir. Bu silahlar ABŞ-ın nəzarəti altında saxlanılır və onların istifadəsi ilə bağlı yekun qərar yalnız Vaşinqtona məxsusdur.
Avropa ölkələri müdafiə xərclərini artırmağa razılaşsalar da, nüvə çətiri hələ də təhlükəsizlik təminatlarının əsas elementi kimi qalır.
Xatırladaq ki, Norveç və Fransa arasında nüvə müdafiəsi sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb. Bu sənəd Norveçin Fransanın nüvə çəkindirmə təşəbbüslərinə daha yaxın inteqrasiyasını nəzərdə tutur.
Eyni zamanda Rusiyada Avropanın ABŞ-dan asılı olmayan, Fransanın rəhbərlik etdiyi "nüvə qalxanı" yaratmağa çalışdığı iddia edilir. Moskva bu cür addımların Avropa ilə Rusiya arasında gərginliyi artıracağını və birbaşa hərbi qarşıdurma riskini yüksəldəcəyini bildirir.
Poliqon.info