Prezidentlər Almaniyadan çıxarıla biləcək ABŞ kontingentinin Avropada qalmasını istəyir...
Poliqon xəbər verir ki, Litva və Polşa prezidentləri birgə mətbuat konfransında ABŞ hərbi qüvvələrinin mümkün yerləşdirilməsi ilə bağlı açıqlama veriblər. Bildirilib ki, hər iki ölkə Almaniyadan çıxarıla biləcək amerikalı hərbçilərin Avropada qalmasını və onların region ölkələrində yerləşdirilməsini dəstəkləyir.
Litva Prezidenti Gitanas Nausėda çıxışında qeyd edib ki, əsas məqsəd Almaniyadan çıxarılan hərbçilərin Avropada qalmasının təmin olunmasıdır. Onun sözlərinə görə, Litva mümkün qədər çox sayda müttəfiq qüvvəni qəbul etməyə hazırdır və bu, ölkənin təhlükəsizlik siyasətinin mühüm hissəsidir.
Eyni mövqeni Polşa Prezidenti Karol Navrotski də ifadə edib. O bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp Almaniyada yerləşən hərbi kontingentin sayını azaldarsa, Polşa həmin qüvvələri qəbul etməyə hazırdır. Navrotskinin sözlərinə görə, ölkədə bunun üçün lazımi hərbi infrastruktur artıq mövcuddur.
Rəsmi Varşava və Vilnüsün bu açıqlamaları fonunda ekspertlər hesab edirlər ki, söhbət NATO daxilində hərbi mövcudluğun yenidən bölüşdürülməsindən gedir və bu proses Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklərin davamıdır.
Analitiklərin fikrincə, ABŞ hərbi qüvvələrinin Avropada yerləşdirilməsi məsələsi yalnız ikitərəfli deyil, həm də alyans daxilində strateji balans və çəkindirici gücün saxlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Poliqon.info