Vaşinqtonun yeni hökumət formalaşana və ABŞ obyektlərinə hücum edən İranyönlü qruplarla bağlı məlumatlar təqdim olunana qədər İraqda bir sıra sahələr üzrə maliyyələşməni dayandırdığı bildirilir...
Poliqon xəbər verir ki, Al Hadath telekanalının yaydığı məlumata görə, Donald Tramp administrasiyası İraqda yeni hökumət qurulana və ABŞ obyektlərinə hücumlarda iştirak etmiş İranyönlü silahlı qruplaşmalar barədə məlumat təqdim olunana qədər bir sıra istiqamətlər üzrə maliyyə yardımını dondurub.
Məlumata əsasən, Vaşinqton bununla yanaşı, təhlükəsizlik məsələləri üzrə koordinasiya müşavirələrini də dayandırıb. Bildirilir ki, bu addım ABŞ-nin İraqdakı təhlükəsizlik mühiti, rəsmi Bağdadın silahlı qruplaşmalara münasibəti və ölkədə siyasi idarəetmənin gələcək formatı ilə bağlı narahatlıqları fonunda atılıb.
Xəbərdə qeyd olunur ki, ABŞ tərəfi xüsusilə Amerika maraqlarına və obyektlərinə qarşı hücumlar təşkil etmiş İranyönlü qruplar barədə daha aydın məlumat və konkret addımlar gözləyir. Vaşinqtonun mövqeyinə görə, İraqda sabitliyin təmin olunması üçün həm yeni siyasi kabinetin formalaşdırılması, həm də silahlı qruplaşmaların fəaliyyətinə qarşı daha sərt yanaşma vacibdir.
Bu məlumatların fonunda ABŞ-nin Bağdaddakı səfirliyi də yenidən xəbərdarlıq yayaraq, Amerika vətəndaşlarına qarşı hücum planlaşdıran silahlı qrupların fəaliyyətini vurğulayıb. Diplomatik nümayəndəliyin bəyanatında bildirilib ki, bəzi təşkilatlar İraq hökuməti ilə əlaqəli olmaqla terrorçu qruplaşmalara siyasi və maliyyə himayəsi göstərir.
Müşahidəçilərin fikrincə, əgər bu xətt davam edərsə, ABŞ-İraq münasibətlərində həm təhlükəsizlik, həm də maliyyə əməkdaşlığı baxımından yeni gərgin mərhələ başlaya bilər. Bu isə Bağdadın həm daxili siyasi balansına, həm də regiondakı güc nisbətinə birbaşa təsir göstərə bilər.
Poliqon.info