ABŞ-nin vasitəçiliyi ilə tərəflər diplomatik masa arxasına keçir...
Poliqon xəbər verir ki, Axios portalının müxbiri Barak Ravid sosial şəbəkə hesabında İsrail və Livan arasında birbaşa danışıqların gələn həftə başlayacağını bildirib. Məlumata görə, ilk görüş ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, ABŞ Dövlət Departamenti binasında keçiriləcək.
Mənbənin sözlərinə görə, danışıqlarda ABŞ tərəfinə Livandakı səfir Mişel İssa rəhbərlik edəcək. İsraili Vaşinqtondakı səfir Yehiel Leyter, Livanı isə səfir Nada Həmadə-Muəvvəd təmsil edəcək.
Qeyd olunur ki, bu danışıqlar son dövrlərdə regionda artan gərginlik fonunda tərəflər arasında birbaşa diplomatik təmasların bərpası baxımından mühüm addım hesab olunur. ABŞ-nin vasitəçi kimi çıxış etməsi isə Vaşinqtonun Yaxın Şərqdə sabitliyin təmin olunmasına yönəlmiş səylərinin davamı kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, İsrail və Livan arasında belə birbaşa danışıqların təşkili regionda hərbi qarşıdurma riskinin azaldılması və sərhəd təhlükəsizliyi ilə bağlı problemlərin həlli üçün yeni imkanlar yarada bilər. Bununla yanaşı, tərəflər arasında illərdir davam edən qarşılıqlı etimadsızlıq danışıqların nəticələrinə təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.
Poliqon.info